coaching.az |

Özümüzə gecikməyək

Vaxtı ilə rastlaşdığım bir ifadə məni dərindən düşünməyə sövq etmişdi: “Hər yerə, hər kəsə çatmağa çalışan özünə gecikir”. O an dayanıb bir çox şeyi sorğulamışdım – olduğum yeri, getdiyim istiqaməti, tələskənliyimi, gözləntilərimi, dağınıq düşüncələrimi.

Kouçinq də məhz bu dayanma nöqtəsindən başlayır. Çünki bəzən insanın ən uzun yolu özünə qayıtmaq yolu olur. Hədəflər, məsuliyyətlər, rollar və başqalarının gözləntiləri arasında gedib-gələrkən insan get-gedə öz səsini eşitməməyi öyrənir. Kouçinq isə həmin səsi yenidən duymağa kömək edir.

Korporativ mühitdə bunun dəyəri xüsusilə böyükdür. İnsan gün ərzində saysız qərarlar verir, müxtəlif rollara bürünür, performans və nəticə təzyiqi altında yaşayır. Amma çox nadir hallarda dayanıb özünə sual verir: “Mən niyə bu şəkildə reaksiya verirəm?”, “Niyə eyni çətinlikləri təkrar-təkrar yaşayıram?”, “Mənim həqiqi prioritetlərim nədir?” Və ya ən sadə sual: “Həqiqətən nə istəyirəm?”

Kouçinq əməkdaşa məhz bu dayanma və düşünmə məkanını yaradır. Həftədə bir-iki saatlıq bir görüş bəzən insanın özünü yenidən eşitməsi üçün kifayət edir. Telefonun səssiz rejimə alındığı, gündəlik təlaşın qapı arxasında qaldığı həmin anlarda kouç cavab vermir, məsləhət də vermir – sadəcə güzgü tutur. İnsan isə o güzgüdə öz davranış nümunələrini, qərarvermə tərzini, daxili maneələrini və güclü tərəflərini görməyə başlayır.

Bax, dəyişiklik də məhz burada başlayır. Çünki görmədiyimizi dəyişə bilmərik, anlamadığımız davranışı idarə edə bilmərik. Fərqindəlik artdıqca insan daha şüurlu qərarlar verir, münasibətlərini daha sağlam qurur, “yox” deməyi, prioritet seçməyi və öz daxili resursunu düzgün idarə etməyi öyrənir.

Korporativ kontekstdə bunun qarşılığı aydındır: özünü tanıyan əməkdaş daha sabit davranışlar nümayiş etdirir, daha sağlam ünsiyyət qurur və dəyişikliklərə daha çevik uyğunlaşır. Şirkət isə yalnız nəticə deyil, dayanıqlı bir insan kapitalı qazanır.

Kouçinq sehrli çubuq deyil. O, sadəcə insana özü ilə görüşmək üçün bir fürsət ayırır. Gerisi yenə insanın özünə aiddir – dəyişikliyi özü başladır.

Müəllif: Elçin Əzimli
Yazıçı, biznes kouç və təlimçi
AR Təhsil Nazirliyinin yanında İctimai Şuranın üzvü
“Dan ulduzu” və “Çağrı” romanlarının müəllifi

Şərh əlavə et

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.