Bir dərvişdən soruşurlar:
– İnsan nə vaxt kamil sayılır?
Dərviş cavab verir:
– Qəzəblənməyə gücü olduğu halda qəzəbinə tabe olmayanda.
Bu cavab ilk baxışda sadə görünür. Əslində isə qədim Şərqin kamillik anlayışını bir cümləyə sığdırır.
Şərqdə kamillik insanın nə qədər bildiyi ilə deyil, bildiklərinin onu necə bir insana çevirdiyi ilə ölçülürdü. Bir insan haqqında deyilə biləcək ən böyük təriflərdən biri bu idi: “Elmi də var, helmi də”.
Yaşlılar gənclərə nəsihət verəndə də eyni həqiqəti daha sadə deyərdilər: “Ağır ol, helmli ol”.
Bu gün “helm” sözü gündəlik danışıqdan çəkilib. Amma onun ifadə etdiyi keyfiyyət yox.
Ərəb dilində helm təmkini, həlimliyi, qəzəbə hakim olmağı, gücü sakit ağılla idarə etməyi ifadə edir. Bu gün işlənən həlimlik sözü də həmin kökdəndir. Maraqlıdır ki, onun qarşılığı olan “cəhl” yalnız biliksizlik demək deyildi; tələskənlik, hövsələsizlik və kobudluq da bu anlayışın içində idi. Yəni klassik düşüncədə insanı cəhalətə aparan təkcə bilməmək yox, özünü idarə edə bilməmək də idi.
Bəlkə də buna görə keçmişin müdrikləri elmlə helmi bir-birindən ayırmırdılar. Onlar görürdülər ki, eyni bilik müxtəlif insanların əlində tamamilə fərqli nəticələr doğurur. Təmkinli insanın əlində bilik işığa çevrilir; təmkini olmayanın əlində isə silaha.
Şərq dünyasında elm və helm
Bu düşüncənin kökləri dərinə gedir. Rəvayətə görə, İslam peyğəmbəri bir qəbilə elçisinə deyir ki, onda Allahın sevdiyi iki keyfiyyət var: helm və təanni – təmkin və tələsməmək. Diqqət yetirək: nə bilik, nə cəsarət, nə bəlağət. Məhz təmkin seçilir.
Niyə? Cavabı bir səhnə aydınlaşdırır. Təsəvvür edin: hökm kürsüsündə oturan qazı qəzəbin təsiri altında qərar verir. Biliyi də var, təcrübəsi də. Amma bir anlıq hiddət ədaləti kölgədə qoyur – və geri dönüş yoxdur. Klassik dünya helmi elə buna görə elmdən ayırmırdı: biliyin dəyəri onu daşıyan xasiyyətdən asılı idi.
Bu baxış ədəbiyyata da hopmuşdu. Sədi “Gülüstan”ı davranış və ünsiyyət ədəbinə həsr olunmuş sonuncu babla tamamlayır. Bu, təsadüfi seçim təsiri bağışlamır. Sanki Sədi son sözü elmə deyil, o elmi mənalandıran ədəbə verir. Eyni xətt Nizaminin əsərlərində və “Qabusnamə”də də davam edir: bilik əxlaqdan, qüdrət özünənəzarətdən ayrı düşünülmür.
Bu, təkcə Şərqin sözü deyildi. Aristotel yazırdı: qəzəblənmək asandır, bunu hər kəs bacarır. Çətini lazım olan adama, lazım olan qədər, lazım olan vaxtda qəzəblənməkdir. O, bu orta həddə ad da qoymuşdu – praotes, yəni həlimlik. İki ayrı mədəniyyət, eyni nəticə.
Mədrəsənin iki dərsi
Klassik düşüncədə alim və müdrik eyni anlayış deyildi. Alim çox bilən idi; müdrik isə bildiyini təmkinlə və yerində işlədə bilən. Elm insanın biliyini artırırdı, helm isə o biliyə ölçü verirdi. Buna görə də hər alim müdrik sayılmazdı, amma hər müdrikin elm və helmlə kamilləşməsi gözlənilirdi.
Şərqin mədrəsəsi də elə bu məntiqlə qurulmuşdu. Tələbə orada təkcə məlumat toplamırdı; bir ustadın yanında yetişirdi. Zərnucinin əsrlərlə ilk dərslik olmuş “Təlimül-mütəəllim”i biliyin özündən əvvəl niyyəti, ədəbi, səbri öyrədirdi. Şagird ustadın yalnız biliyini deyil, çətin anda özünü necə apardığını da mənimsəyirdi. Ustad canlı nümunə idi. Mədrəsə eyni anda iki dərs verirdi: biliyi və o biliyi daşıyacaq xasiyyəti.
Bu ənənədə ən kəskin sözü əl-Qəzali deyir. Ona görə səni dəyişməyən bilik hələ kamil deyil. Belə elm sahibini ucaltmır – yalnız yükləyir.
Min il sonra
İndi min il irəli gələk.
Keçmişin təmkini bu gün ən çox danışılan bacarıqlardan biridir – özünü idarə etmək, qəzəbi cilovlamaq, qarşı tərəfi dinləyə bilmək. Onu elmi anlayış kimi ilk dəfə Salovey və Mayer əsaslandırdı, Goleman isə dünyaya tanıtdı. Min il əvvəl bu keyfiyyəti helm adlandırırdılar. Bu gün isə psixologiya onu emosional intellektin əsas komponentlərindən biri kimi öyrənir.
Goleman bu vəziyyəti “amigdalanın[1] nəzarəti ələ keçirməsi” kimi təsvir edir. Güclü qəzəb anında beynin emosional mərkəzi rasional düşüncə üzərində müvəqqəti üstünlük qazanır. İnsan artıq düşünərək deyil, ani impulsla hərəkət edir. Min il əvvəlki qazının başına gələn də əslində elə bu idi – sadəcə o zaman bu hadisənin nevroelmi izahı yox idi.
Təsadüfi deyil ki, müasir iş dünyası da bacarıqları iki böyük qrupa ayırır: texniki bacarıqlara (hard skills) və yumşaq bacarıqlara (soft skills). Birincilər işi görməyə imkan verir, ikincilər isə insanlarla işləməyi. Bu bölgü klassik Şərqin elm və helm arasında apardığı fərqi xatırladır.
Bunu görmək üçün mədrəsəyə getmək lazım deyil; bir iş otağı kifayətdir. Biliyi güclü, təmkini zəif mütəxəssis komandanı içəridən dağıdır: hər mübahisədə qalib gəlmək istəyir, xoşagəlməz həqiqəti deyənə qarşı sərtləşir, tənqidi təhqir kimi qəbul edir. Araşdırmalar da bunu təsdiqləyir – istedadlı menecerlər çox vaxt bilik çatışmazlığından yox, təzyiq altında özünü saxlaya bilmədiyindən büdrəyir.
Güc kimin əlindədir
Əslində helm gücü olmayanın deyil, gücü olduğu halda onu cilovlaya bilənin fəzilətidir.
Sinifdə dərs deyən bir müəllimi təsəvvür edin. Bir sözü uşağı ömürlük ruhlandıra da bilər, sındıra da. Bir rəhbər – bir anlıq hirsi onlarla adamın gününü zəhərləyə bilər. Övladının qarşısında dayanan bir ata – onun səbri, yaxud səbirsizliyi sabah başqa bir ailədə təkrarlanacaq. Hər birinin biliyi ola bilər. Amma təmkin olmayanda bilik işıq saçmaq əvəzinə kölgə salır.
Bax buna görə helm həm fərdin, həm cəmiyyətin işidir. Fərd biliyinə ancaq onu idarə edə bildiyi qədər sahibdir. Cəmiyyət isə yalnız helmlə birlikdə yaşaya bilir – fikir ayrılığını davaya çevirməmək bacarığı ilə. Helmi zəif cəmiyyət elmdə irəli gedə bilər, ancaq dinc yaşaya bilməz; orada hər fərqli səs təhlükəyə oxşayır.
Bəs bu keyfiyyət haradan gəlir? Çox vaxt onu məktəb vermir – ailə ötürür. Uşaq öz qəzəbini valideynin əsəbləşəndə necə davrandığına baxaraq idarə etməyi öyrənir. Helm dərslikdə yazılmır; evin havasında olur.
Ancaq bu məsuliyyət təkcə ailənin üzərinə düşmür. Məktəbin də bu sahədə üzərinə konkret vəzifə qoyulub. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 3-cü maddəsinə görə dövlət təhsil siyasətinin ilk prinsipi humanistlikdir: insan hüquqlarına və azadlıqlarına hörmət, dözümlülük, tolerantlıq. Qanunun 4-cü maddəsi isə təhsilin məqsədini yalnız bilik verməkdə deyil, müstəqil düşünən və məsuliyyətli şəxsiyyət formalaşdırmaqda görür. Deməli, qanunun özü elmlə tərbiyəni bir-birindən ayırmır. Məktəb bu vəhdəti qoruya bilməyəndə cəmiyyət biliyi olan, amma kamilliyi yarımçıq qalan insanlar qazanır.
Helm gündəlik həyatda
Bəs helmi necə gücləndirmək olar? Helm böyük sınaqlarda deyil, hər gün təkrarlanan seçimlərdə yetişir. Onu kitab yox, vərdiş formalaşdırır.
Ən güclü vərdişlərdən biri – fasilə verməkdir. Qəzəbləndiyin an cavabı bir neçə saniyə gecikdir; həmin saniyələr çox vaxt həm sözü, həm qərarı xilas edir. Mübahisədə isə cavabdan əvvəl qarşı tərəfin fikrini öz sözlərinlə təkrarla – məqsəd haqlı çıxmaq yox, düzgün anlamaqdır.
Helm ən çox nümunə ilə öyrədilir. Uşaq valideynin əsəbini necə boğduğunu görəndə min nəsihətdən çox şey öyrənir. İş yerində pis xəbər gətirənə “yaxşı ki, dedin” deyən rəhbər həqiqətin qapısını açıq saxlayır – reaksiyanı cəzalandırsan, növbəti dəfə susmağı seçəcəklər.
Kiçik görünürlər. Amma helm elə kiçik anların toplamıdır.
Elm insana güc verir; helm o gücü idarə edir. Biri olmadan o biri natamamdır.
Tarix boyu cəmiyyətlər həm elmsizlikdən, həm helmsizlikdən əziyyət çəkib: birincisi yolu uzadıb, ikincisi tapılan yolu itirib.
Bax buna görə “Elmi də var, helmi də” sözü sadəcə tərif deyil – bir ölçüdür.
Elm insana necə düşünməyi öyrədir. Helm isə düşündüyünü necə yaşamağı. Biri zəkaya işıq salır, o biri xarakterə.
[1]Amigdala – beynin gicgah payında, limbik sistemdə yerləşən badamvari sinir topasıdır (adı yunanca “badam” sözündən gəlir). Qorxu, qəzəb və təhlükəyə reaksiya kimi güclü emosiyaların işlənməsində mərkəzi rol oynayır.
Müəllif: Elçin Əzimli
Yazıçı, biznes kouç və təlimçi








Salam Elçin müəllim. Əla yazı üçün təşəkkür edirəm. Helm həmdə aram sözü ilə sinonim ola bilər?
Salam Fərid bəy. Məqaləyə dəyər verdiyiniz üçün təşəkkür edirəm. Müəyyən qədər məna yaxınlığı ola bilər – yəni aramla danışmaq, sakit danışmaq kimi – amma tam sinonim olacağını düşünmürəm.