coaching.az

Səni görürəm

Evdə hər gün yemək bişirilir, süfrə açılır, qablar yuyulur, səhər üçün də nəsə hazırlanır. Bunlar evin sakit axarı və vərdişi olduğu üçün heç biri barədə danışılmır. Ancaq bir gün xörəyin duzu bir az çox olanda süfrə başında deyilən ilk söz elə bu olur: “Nə yaman duzludur?”

İllər boyu süfrəyə gələn yüzlərlə dadlı xörək bir cümləyə belə layiq görülmür, amma bir dəfə duzu qaçan yemək o dəqiqə söhbətin mövzusuna çevrilir.

Bunu pis niyyətlə etmirik. Sadəcə belə öyrəşmişik: qaydasında gedən şey arxa plana keçir, pozulansa, dərhal önə çıxır. Səhv həmişə özünü göstərir; düzgün olanı görmək üçünsə diqqət lazımdır.

Eyni şey iş həyatında da baş verir. Komanda üç həftə bir təklif üzərində işləyir. Rəqəmlər dəfələrlə yoxlanılır, təqdimat gecəyarısına qədər cilalanır, hər kəs öz töhfəsini verir. Amma müştəri sonda başqa şirkəti seçir. Növbəti toplantıda məsələ bir cümlə ilə yekunlaşır: “Təəssüf ki, alınmadı”.

Üç həftəlik zəhmət, gecəyarısına qədər çəkilən iş, bir-birinə verilən dəstək – hamısı bir anda nəticənin kölgəsində itir. Geridə yalnız “alınmadı” sözü qalır.

Mən təqdiri elə bu görünməyən hissəni görə bilmək kimi başa düşürəm. Çünki hər nəticənin arxasında bir əmək dayanır. Bəzən nəticə istədiyimiz kimi çıxmır – amma o əmək yenə də diqqətə, dəyər verilməyə layiqdir.

Baxmaq və görmək

“Təqdir” sözü bizdə çox vaxt tərif, mükafat, xoş söz mənasında işlənir. Halbuki onun kökündə daha sadə, bir o qədər də çətin bir şey var: görmək. Qarşındakı insanın nə etdiyini, necə etdiyini, nəyin xatirinə etdiyini fərq etmək və gördüyünü ona hiss etdirmək.

Klassik Şərq düşüncəsi gözlə baxmaqla könül gözü ilə görməyi ayırırdı: birinə bəsər, o birinə bəsirət deyilirdi. Nəticəni adi gözlə də görmək olar; o nəticəyə aparan yolu görmək üçünsə bəsirət gərəkdir.

İnsanları çox vaxt mükafatsız qalmaq yox, görünməmək yorur. Mənə görə, təqdir insanın əsas sosial ehtiyaclarından biridir.

İnsan gördüyü işin, göstərdiyi səyin və verdiyi töhfənin görüldüyünü bilmək istəyir. Bu ehtiyac qarşılandıqda insanlar arasındakı məsafə azalır, yaxınlaşmaq asanlaşır. Bəzən bir insanın əməyini görmək və bunu ona hiss etdirmək uzun-uzadı izahlardan daha güclü ünsiyyət yaradır. Bu mənada təqdir sadəcə xoş söz deyil; insanlar arasında etimad və yaxınlıq yaradan bir ünsiyyət körpüsünə çevrilə bilər.

Biz adətən nəticəyə baxırıq. Plan tutdusa, yaxşısan; tutmadısa, pis. Nəticə görünən və ölçüləndir, onun haqqında danışmaq asandır. Səy isə çox vaxt gözə görünmür.

Bir uşaq aylarla imtahana hazırlaşır, telefonu kənara qoyub gecəsini gündüzünə qatır. Amma nəticə istədiyi kimi alınmır, aşağı bal götürür. Elan olunan kimi ondan soruşurlar: “Neçə aldın?” Cavabdan sonra söhbət bağlanır. Onun əziyyət çəkdiyi o bir ayı heç kim xatırlamır. Uşaq isə öz nəticəsini çıxarır: demək, vacib olan bal imiş, cəhd yox.

Düzgün olan nədir? Həmin uşağa da, o komandaya da nəyin alınmadığını izah etmək lazımdır. Bundan qaçmaq olmaz, xüsusən iş həyatında – nəticə mütləq ölçülməli, səhv açıq danışılmalıdır. Amma bu iki cümlə bir-birinə zidd deyil:

“Nəticə istədiyimiz kimi olmadı”.
“Amma göstərdiyin səyi gördüm”.

Biz çox vaxt elə bilirik ki, birini desək, o birini deməyə haqqımız qalmır. Əməyi təqdir etsək, tənqid yumşalar, ciddilik itər. Təcrübəmdə isə çox zaman bunun əksini görmüşəm: səyinin görüldüyünü bilən insan tənqidi daha rahat qəbul edir. Nəyin alınmadığı barədə söhbət ona hücum kimi yox, birgə düşünmək kimi gəlir.

Rəhbər üçün bunu görmək xüsusilə çətindir. Çünki onun qarşısında çox vaxt nəticə dayanır: rəqəmlər, göstəricilər, əldə olunan və ya olunmayan hədəflər. O nəticənin arxasında üç həftə çalışan, dəfələrlə yoxlayan, uğursuzluqdan sonra yenidən cəhd edən insanı görmək asan deyil. Ona sadəcə “alınmadı” demək doğrudur, amma yarımçıqdır. Bunu belə də demək olar: “Bu dəfə nəticə gözlədiyimiz kimi olmadı. Gəl səbəbinə birlikdə baxaq. Amma bu nəticəyə çatmaq üçün göstərdiyin səyi gördüm”.

Nəticə istədiyimiz kimi olmaya bilər. Amma bu, göstərilən səyi dəyərsiz etmir. Bu, təsəlli deyil, sadəcə bir həqiqətdir. İnsan hər ciddi cəhddən, hətta nəticə alınmadıqda belə, nəsə öyrənir: öz imkanları haqqında bir az daha çox bilir, nəyin işləmədiyini görür, növbəti dəfə nəyi başqa cür edəcəyini anlayır. Bunların heç biri hesabatda görünməyə bilər. Amma insan onları öz xəzinəsinə atır.

Adiləşən yaxşılıq

Bir dəfə edilən yaxşılığı daha asan görür və ona təşəkkür edirik. Hər gün edilən yaxşılığa isə zamanla öyrəşirik. Əvvəl adətə çevrilir, sonra vəzifə kimi görünür, bir müddət keçəndən sonra isə – qəribədir – borc hesab olunur. Beləliklə, insanın hər gün etdiyi şey görünməz olur. Ta ki bir gün etməsin. Onda dərhal soruşuruq: “Bəs niyə etmədin?”

Evdə hamıya car çəkilmədən görülən işlər, ailə üçün çəkilən zəhmət, yaşlı valideynə göstərilən qayğı… Bunlar həyatın adi axarına qarışır. Biz onları yalnız bir gün edilməyəndə hiss edirik. Onda anlayırıq ki, adi sandığımız şeylərin arxasında əslində nə qədər zəhmət var.

Narazılığı dilə gətirmək daha asandır: “Yenə gecikdin”, “yenə unutdun”. Minnətdarlığı isə çox vaxt içimizdə saxlayırıq – sanki qarşı tərəf telepatdır və onsuz da bilməlidir ki, qiymətləndirdiyimiz nələrsə var.

Bu, başqalarının uğurlarına münasibətimizdə də özünü göstərir. Bir insan nəyəsə nail olanda onun zəhmətini görmək əvəzinə tez-tez başqa izahlar tapırıq: “Onsuz da bacarırdı”, “arxası var”, “şansı gətirdi”. Başqasının uğurunun arxasındakı zəhməti olduğu kimi qəbul etmək bəzən bizə özümüzü və dayandığımız yeri xatırladır. Ona görə də həmin uğuru bir qədər kiçiltmək daha rahat görünür.

Bəlkə bunun bir səbəbi də insanın özünü daim başqaları ilə müqayisə etməsidir. Alfred Adler insanın içindəki natamamlıq duyğusundan yazırdı. İnsan özündə olmayanı daha tez görür. Bəlkə elə buna görə başqasının çatışmayan tərəfini görmək onun göstərdiyi səyi görməkdən daha asan gəlir.

Tərif, yoxsa təqdir?

Çox vaxt təqdiri təriflə qarışdırırıq. Tərif ümumidir, adətən nəticəyə və xüsusiyyətə yönəlir: “Sən istedadlısan”, “çox yaxşı iş görmüsən”. Təqdir isə konkret olanı görür: “Çətinlik çıxanda imtina etməyib başqa yol axtarmağın diqqətimi çəkdi”.

Tərif qiymət verir. Təqdir görür və mənalandırır. Bəlkə fərq elə buradadır.

İstedada deyilən tərifin bir tələsi də var: nəticə alınmayanda insan öz istedadına şübhə etməyə başlayır. Səyə isə yenidən qayıtmaq, onu böyütmək olar.

Hamıya eyni sözlə deyilən təqdir də tez köhnəlir. Toplantının sonunda deyilən “Hamınız əla işlədiniz” cümləsi heç kimin yadında qalmır, çünki orada heç kim ayrıca görülmür. Əvvəl xoş söz, sonra tənqid, sonra yenə xoş söz – bu sxemi də insanlar tez tanıyır; bir müddət sonra ilk xoş sözü eşidən kimi “amma”nı gözləməyə başlayırlar. İnsan nəyinə görə təqdir edildiyini biləndə, deyilən sözün səmimiyyətini də hiss edir.

Bəs niyə təqdiri gecikdiririk?

Bunun üçün çoxlu səbəb tapırıq: “Onsuz da bilir”, “bu, onun işidir”, “tərifləsəm, ərköyünləşər”, “onsuz da maaşını alır”. Amma mənə ən çox tanış gələn başqa bir cümlədir: “Alınsaydı, deyərdim”.

Bu cümlənin içində görünməyən bir şərt var: əvvəl nəticə olsun, sonra dəyər verək – sanki nəticə əldə edilməyibsə, görülən işlərin də heç bir mənası yoxdur.

Halbuki insan yalnız uğura çatdığı gün dəyişmir. O, hazırlaşarkən, cəhd edərkən, səhv edərkən, yenidən başlayarkən də dəyişir. Bəzən insanın ən böyük inkişafı nəticənin göründüyü yerdə yox, heç kimin görmədiyi o yolda baş verir.

Öz əməyini təqdir etmək

Başqasının əməyini görməkdən danışırıqsa, bir sual da qaçılmaz olur: bəs öz əməyimizi nə qədər görürük? “Alınsaydı, deyərdim” cümləsini çox vaxt hər kəsdən əvvəl özümüzə deyirik.

Təlim və ya kouçinq sessiyalarında bəzən sadə bir sual verirəm: “Son bir ildə nəyi yaxşı etmisiniz?” Çox adam susur, bir az fikirləşir, sonra söhbət özü də bilmədən yenə səhvlərə, yarımçıq qalan işlərə sürüşür. Nəyin alınmadığını incəliyinə qədər danışan adam gördüyü yaxşı işi bir-iki sözlə ötürüb keçir.

İnsana ancaq çatışmayan tərəfini göstərmək onun natamamlıq hissini daha da qabardır. İnsan bu baxışı illərlə başqalarından eşidir, sonda özü də özünə həmin gözlə baxmağa başlayır.

Mənə elə gəlir ki, təqdir elə buradan başlayır. Öz zəhmətini heç vaxt hesaba yazmayan adam başqasının zəhmətini də çətin görür. Özünə “alınmadısa, danışmağa dəyməz” deyən, eynini başqasına da deyir.

Özünü təqdir etmək özünü tərifləmək deyil, səhvə bəraət qazandırmaq da deyil. Sadəcə öz yoluna dürüst baxmaqdır: “Bu dəfə alınmadı. Amma hazırlaşdım, cəhd etdim, geri çəkilmədim”.

Görüldüyünü görmək

Başqasının əməyini görməyə başladıqca ətrafımızda əvvəllər fərq etmədiyimiz şeyləri də görürük. Həmkarımızın heç kimə demədən düzəltdiyi kiçik bir səhvi. Yorğun olsa da “Necəsən?” deyə soruşan həyat yoldaşımızı. Hər gün təkrarlanan, ona görə də artıq gözümüzə görünməyən saysız-hesabsız kiçik qayğını. Bunlar əslində həmişə orada idi.

İnsan nəyi görməyə öyrəşirsə, dünyasında da onu daha çox görməyə başlayır. Bəlkə təqdir etmək əvvəlcə elə buna görə lazımdır: həyatda yalnız çatmayanı, alınmayanı, səhvi deyil, olanı və ediləni də görə bilmək üçün.

Bəlkə bu gün həyatımızda elə bir insan var ki, onun etdiklərini çoxdan adiləşdirmişik, hər gün etdiklərini artıq “onsuz da belə olmalıdır” kimi qəbul edirik. Halbuki o nəticələrin arxasında illər, səbr, yorğunluq, imtina və səssiz zəhmət ola bilər.

Bəlkə də başqasını təqdir etməyin ən az danışılan tərəfi elə budur: təqdir yalnız qarşı tərəfə lazım deyil, onu edən insana da lazımdır. Çünki bir insanın əməyini görə bilmək, yaxşılığını adiləşdirməmək bizi özümüzdən uzaqlaşdırmır, əksinə, içimizdəki insanı canlı saxlayır.

Həyata yalnız çatışmayanlar, səhvlər və nəticələr üzərindən baxanda dünyamız getdikcə sərtləşir. Hər şeyi ölçür, müqayisə edir, qiymətləndiririk. Təqdir isə bu baxışı bir anlıq dəyişir: qarşımızdakı insanı nəticədən əvvəl insan kimi görməyə başlayırıq. Bəlkə buna görə təqdir etmək başqasına verilən bir dəyər olmaqla yanaşı, insanın öz daxilində qoruduğu bir keyfiyyətdir.

Bəzən insanın ehtiyacı nə yeni bir mükafat, nə də böyük bir tərifdir. Sadəcə birinin dayanıb deməsidir:

Mən gördüm. Sənin bunun üçün nə qədər zəhmət çəkdiyini gördüm.

Müəllif: Elçin Əzimli
Yazıçı, biznes kouç və təlimçi

Şərh əlavə et

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.