coaching.az

Zehni “parking”: düşüncələrə fasilə vermək sənəti

Buta nədir? Azərbaycan naxışının hekayəsi, 16 dildə - buta.az

Kouçinqdə “parking” adlanan bir anlayış var. Bu, hazırda üzərində işləyə bilmədiyimiz, diqqətimizi əsas məqsəddən yayındıran ya da cavabını tapmağa hələ hazır olmadığımız məsələləri bir müddətlik kənara qoymaq deməkdir. Bu suallara laqeyd deyilik, onları unutmuruq da – sadəcə bu an bütün diqqətimizi onlara həsr etməməyi seçirik. Uyğun vaxt yarananda yenidən onlara qayıdırıq.

Düşünürəm ki, bu gün çoxumuza məhz belə bir fasilə lazımdır.

Hər gün üstümüzə saysız məlumat yağır; dünyada baş verənlər, gələcəyin qeyri-müəyyənliyi, başqalarının fikirləri, sosial şəbəkələrdəki mübahisələr, şəxsi qayğılarımız… Bəzən bunların hamısını eyni anda anlamağa, qiymətləndirməyə, həll etməyə çalışırıq. Nəticədə zehnimiz yorulur, içimizdəki sakitlik pozulur, həqiqətən vacib olanı seçib ona fokuslanmaq getdikcə çətinləşir.

Halbuki hər sualın cavabını elə indi tapmağa, hər hadisənin dibinə varmağa, hər məsələ barədə fikir bildirməyə məcbur deyilik.

Bəzi sualları hələlik kənara qoymaq olar. Əlimizdə olmayan şeylərə sərf etdiyimiz enerjini özümüzə, ailəmizə, münasibətlərimizə, gündəlik həyatımıza yönəldə bilərik. Hər şeyi düşünmək əvəzinə, dəyişə biləcəyimiz şeylərə fokuslana bilərik.

Bu, reallıqdan qaçmaq deyil. Əksinə, reallıqla daha sağlam münasibət qurmaqdır.

Düşüncə sağlamlığını qorumaq

Daxili tarazlığımız, düşüncə sağlamlığımız ən qiymətli sərvətlərimizdəndir. Onları qorumaq üçün bəzən informasiya təzyiqindən bir addım geri çəkilmək, telefonu kənara qoymaq, təbiətdə gəzmək, kitab oxumaq, sevdiklərimizlə vaxt keçirmək, sadəcə özümüzlə baş-başa qalmaq lazımdır.

Həyat bütün suallarımızın cavabını tapdığımız gün başlamayacaq. Həyat – yaşadığımız bu andır. O, elə indi – bu sətirləri oxuduğun zamanda yaşanır.

Ona görə də bu gün özümüzə bir az anlayışla yanaşaq. Hər şeyi eyni anda həll etməyə çalışmayaq. Bəzi düşüncələri “parking”ə qoyaq. Onlara qayıtmaq üçün daha münasib vaxtımız olacaq.

Bəzən irəli getmək üçün əvvəlcə dayanmaq, nəfəs almaq və özümüzə gəlmək lazımdır.

Müəllif: Elçin Əzimli
Yazıçı, biznes kouç və təlimçi

Şərh əlavə et

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.