coaching.az

Gizlənpaç

Həyat özümüzlə gizlənpaç oynamaqla keçir. Amma bu oyunda nə uşaq həyəcanı var, nə də saf sevinc. Gizləndiyimiz yerdən çıxmağa da tələsmirik. Elə bil görülməkdən və tapılmaqdan qorxuruq.

Bu oyunun gizlənəni də, axtaranı da elə biz özümüzük. Arzularımızı, qorxularımızı, kimliyimizi gizlədirik – əvvəl özümüzdən, sonra başqalarından.

Bəzən həyatın qaçaqaçında dipsiz quyulardan gəldiyi kimi dərinliklərimizdən boğuq bir səs səslənir: “Dayan, burdayam.” Amma biz o səsi eşitmirik – bəlkə də eşitmək istəmirik. Çünki o səsin söylədiyi həqiqət bəzən kəskin olur və bizi narahat edir.

Baxırıq – amma görmürük.
Bilirik – amma etiraf etmirik.
İstəyirik – amma cəsarət etmirik.

Elə uşaqlıqdan da gizlənməyi sevməmişikmi? Bəzən anamızın arxasına sığınardıq, bəzən əllərimizlə gözlərimizi örtüb görünməzliyimizə inanardıq, bəzən də pərdənin arxasında nəfəsimizi tutardıq.

Əslində, həyat bizi heç kimdən gizlətmir. Bizik özümüzü özümüzdən və başqalarından gizlədən – başını qumun altına salıb gizləndiyinə inanan dəvəquşu kimi.

Ancaq, an gəlir, nə gizlənməyə yer qalır, nə də məna. Belə olanda insan nəhayət, özünün ən səmimi və saf halı ilə qarşılaşır – maskasız, bəhanəsiz, olduğu kimi.

Müəllif: Elçin Əzimli
Yazıçı, biznes kouç və təlimçi

Şərh əlavə et

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.