Bağlı bir qapı ilə üzləşəndə çoxumuz eyni şeyi edirik: bir-iki dəfə cəhd edir, alınmayanda “olmadı” deyib geri dönürük. O qapı yaddaşımıza “bağlı” kimi həkk olunur və bir daha da o tərəfə baxmırıq.
Amma bəzən problem qapıda olmur. Əlimizdəki açarda olur – yəni problemlərə yanaşma tərzimizdə, ona verdiyimiz tələsik qiymətdə. Bəlkə də qapı bağlı deyildi; biz sadəcə səhv açarı sınayırdıq.

Xoşumuza gələn və gəlməyən
İllərdir insanlarla işləyən bir kouç kimi tez-tez görürəm ki, başımıza gələnləri çox sadə bir qaydayla ikiyə bölürük: xoşumuza gələnlər – müsbətdir, gəlməyənlər – mənfi. Əslində rahat bölgüdür; bir anda hökm verib keçirik.
Elə bəla da buradadır. Bu tələsik hökm bir hadisəni hələ sonunu görməmiş damğalayır. Halbuki sufilər əsrlər öncə eyni həqiqəti dilə gətirirdilər: insan öz məhdud ağlı ilə baş verənlərin əsl mahiyyətini görə bilməz. Hər hadisənin bir zahiri var, bir də batini – yəni, bir görünən üzü, bir də pərdə arxasında gizlənən hikməti. Biz isə təbiətən tələsik adamlarıq: zahirə baxıb hökmü kəsir, batinin öz vaxtında açılmasını gözləməyə səbrimiz çatmır.
Mövlana ilə əlaqələndirilən gözəl bir ifadə var: “Yarıq olmasa, işıq içəri necə girsin?” İçimizə nur çox vaxt elə oradan – bizi ən çox ağrıdan o yarıqdan, o yaradan süzülür. Amma bunu ağrı anında görmürük. Yalnız illər sonra, dönüb geriyə baxanda anlayırıq.
Hamımızın həyatında belə anlar var. İlk başda bizi yerə sərən, “niyə məhz mən?” dedirən bir zərbə olur. İllər keçir, dönüb geriyə baxırıq – və görürük ki, həyatımızın ən qiymətli dönüş nöqtəsi elə o imiş. İtirdiyimizi sandığımız iş yeni bir yolun ağzını açır. Bitən bir münasibət bizi ilk dəfə özümüzlə üz-üzə qoyur. O gün “bəla” deyib ağladığımız şeyə, bir gün gəlir, minnətdar oluruq.
Xalçanın tərs üzü
Bir xalçaya tərs üzündən baxın. İplər bir-birinə dolaşıb, düyünlər səliqəsizdir – sanki kimsə işi yarımçıq atıb gedib. Amma o xalçanı döndərib düz üzünə baxanda birdən hər şey yerini tapır: naxış açılır, rənglər dilə gəlir, dolaşıq sandığımız nə vardısa, gözəlliyi ilə göz oxşayır.
Ən maraqlısı budur: üzdəki o naxış, arxadakı qarışıqlıq olmadan mümkün deyil.
Sufi baxışında dünya bəzən belə toxunmuş bir xalçaya bənzədilir. Biz onun tərs üzündə dayanmışıq – kəsik ipləri, düyünləri, qarışıqlığı görürük və “bu nə bərbad naxışdır” deyib şikayətlənirik. Halbuki naxışın bütövünü bu tərəfdən görmək mümkün deyil. Bəlkə də gördüyümüz qarışıqlıq, hələ tamamlanmamış bir gözəlliyin sadəcə arxa üzüdür.
Müsbət düşüncə nədir?
Burada bir yanlış anlamanı aydınlaşdıraq, çünki bu söz çox vaxt təhrif olunur. Müsbət düşüncə “hər şey gözəldir” demək deyil. Çətinliyi görməzdən gəlmək, ağrının üstünü zorla gülüşlə örtmək də deyil. Bu, ən yaxşı halda özünü ovutmaq, ən pis halda özünü aldatmaqdır.
Ağrı ağrıdır. Onu danmağa ehtiyac yoxdur. Ağrıdan qaçmaq da lazım deyil – əksinə, onun açdığı qapıdan keçmək, “mənə nə demək istəyirsən?” deyə qulaq asmaq gərəkdir. Çünki ağrı bu anın həqiqətidir, amma son sözü o demir.
Əsl müsbət düşüncə budur: hadisəyə tələsik ad qoymamaq. Bir şeyin “yaxşı”, yoxsa “pis” olduğuna qərar verməzdən əvvəl, ona bir az möhlət tanımaq – hikmətin öz vaxtında açılmasını gözləmək. Səbir, təmkin, təslimiyyət: gördüyünə tələsik hökm vermə, çünki hökm bir anlıqdır, hikmət isə vaxtın işidir.
Ona görə, növbəti dəfə önündə bağlı bir qapı görəndə, geri dönməzdən əvvəl bir an dayan. Özünə sual ver: bəlkə səhv olan qapı deyil, mənim ona baxışımdır? Bəlkə qapı elə çoxdan açıqdır – mən sadəcə səhv açarı sınayıb “olmur” deyə geri dönmüşəm.
Müəllif: Elçin Əzimli
Yazıçı, biznes kouç və təlimçi








Şərh əlavə et