Bir nəfər Ömər Xəyyamı camaat arasında təhqir edir:
– Sən kafirsən! Sən əyyaşsan! Bəlkə də oğrusan!
Xəyyam isə bu sözlərə yalnız gülümsəyir. Bu səhnəni müşahidə edən dəblə geyinmiş bir gənc ondan soruşur:
– Belə təhqirlərə siz necə dözürsünüz? Bunlar sizi incitmir?
Xəyyam yenə gülümsəyir və deyir:
– Mənimlə gəlin.
Gənc onunla toz basmış bir daxmaya daxil olur. Xəyyam bir şam yandırıb, daxmanın küncündə qoyulmuş sandıqda eşələnir. Ordan heç nəyə yaramayan çırıq-sökük bir xələt çıxarıb, gəncin üstünə atıraq deyir:
– Bunu əyninə yoxla. Məncə, sənə uyğun gələr.
Gənc xələti tutur, ona baxıb, hirslənir.
– Bu cır-cındır nəyimə lazımdır? Mən heç belə paltar geyinənə oxşayıram? Siz, deyəsən, dəli olmusunuz! – deyərək xələti geri atır.
– Bax görürsənmi, – Xəyyam cavab verir, – sən bu cındırı əyninə geyinmək istəmədin. Mən də eləcə bir az əvvəl gördüyün adamın mənim ünvanıma atdığı söyüşləri özümə götürmədim. Söyüşlərə incimək – bizə tullanan cındırı əyninə yoxlamaqdır.