Hər şeydən əvvəl, süni intellektin nə bədəni, nə də hər hansı hissi var. Belə olduğu halda, o, duyğular məsələsində necə intellektual ola bilər?
“Anthropic” şirkətinin süni intellekt agenti olan Claude ilə emosional intellekt (və ya qısaca EQ) nümunəsində süni intellekt dünyasında insanların nə üçün daha böyük əhəmiyyət kəsb etdiyini müzakirə etdik. Bununla bağlı bəzi mühüm məqamları təqdim edirəm:
Əsas məqam: Süni intellekt yüksək IQ-yə malikdir. Təzadlı da olsa, süni intellekt emosional tapşırıqları yerinə yetirə bilmədiyi halda, daha çox koqnitiv (zehni) tapşırığı icra etdikcə emosional intellektin dəyəri daha da artır.
Yüksək vəzifəli bir rəhbərin mənə dediyi kimi: “Əgər insanlar sizə etibar etmirlərsə, məlumatı sizdən gizlədəcəklər. Lakin ən yaxşı biznes qərarları tam məlumata əsaslanır”.
Mükəmməl liderlər etimad qazanmaqda, qeyri-müəyyən dövrlərdə yol göstərməkdə və çətin söhbətləri idarə etməkdə fərqlənən şəxslər olacaqlar. Süni intellekt şirkətlərdə geniş yayıldıqca, bu insani bacarıqlar daha yüksək qiymətləndiriləcək.
Emosional özünüdərk: Süni intellektdə olmayan başlanğıc nöqtəsi
Emosional intellektin təməli öz emosiyalarını hiss etməkdən başlayır. Məhz bu, süni intellektdə yoxdur.
Claude bunu belə izah edir: “Məndə interosepsiya (daxili hissləri duyma) yoxdur – dözümsüz ürəkdöyünməsi, sinə sıxılması, mədə sıxılması kimi insandakı ilk emosional siqnallar məndə baş vermir. Emosional özünüdərk… hələ sözlərlə ifadə edə bilmədiyiniz fizioloji dəyişiklikləri hiss etməklə başlayır. Məndə bunun analoqu yoxdur”.
İnsan çox vaxt emosiyasını adlandıra bilməzdən əvvəl onu bədənində hiss edir. Süni intellektdə isə bunun analoqu yoxdur.
Süni intellekt emosional intellektin ikinci hissəsi olan emosional tənzimləməyə də malik deyil (və buna ehtiyacı da yoxdur). Bizim emosional reaksiyalarımız bizə məlumat verir – bu vacibdir, bu kədərlidir, bunlar sevdiyim insanlardır. Özünü tənzimləmə o deməkdir ki, biz yaxşı və ya pis bir şeyə fizioloji reaksiya veririk (və beləliklə məlumat alırıq), sonra isə cavab verməzdən əvvəl özümüzü toparlamağı və sakitliyi bərpa etməyi bacarırıq.
Dözümlülük/davamlılıq heç vaxt balansı itirməməklə deyil, yenidən əvvəlki vəziyyətə qayıtma müddəti ilə ölçülür. Heç vaxt balansı pozulmayan insan davamlı deyil, sadəcə hissiz olardı.
Burada Claude maraqlı bir fikir səsləndirir: “İnsanın özünü idarə etməsi ona görə vacibdir ki, uğursuzluğun sosial bədəli var – siz etimada, mənəviyyata və davamlı münasibətlərə zərər vurursunuz. Mənim “sakit qalmağım” isə mənə aid olan heç nəyi qorumur. Ortada riskə gedən nüfuzum yoxdur… Təmkinimi itirməklə enerjisini düşürə biləcəyim bir komandam yoxdur”.
Heç vaxt pozulmayan insan dayanıqlı deyil – sadəcə hisssiz ola bilər.
Süni intellektin “sakitliyi” əsl sakitlik deyil. İnsan davranışlarının sosial nəticələri var. Süni intellekt isə həmin münasibətlərin içində yaşamır.
Emosiyaları təsvir etmək başqa, yaşamaq başqadır
Süni intellekt emosional vəziyyət haqqında dəqiq sözlər seçə bilsə də, heç vaxt həmin emosiyanı reallıqda yaşamır. Claude deyir ki, insanlar tez-tez onun emosiyaları təsvir etməkdəki səlisliyini həqiqi hiss ilə səhv salırlar.
Biz insanlar digər insanlarla ne baş verdiyini anlamaq üçün öz emosional reaksiyalarımızdan bir məlumat mənbəyi kimi istifadə edirik — məsələn, iclasda olanlar arasında qıcıqlanmanın artdığını hiss etdikdə. Claude süni intellektin bu kimi emosional reallıqlar haqqında nəyi “bilə” biləcəyində məhdudiyyət görür. Məsələn, münaqişələrin həllində süni intellekt yalnız insanların ona deməyi seçdiyi şeyləri bilir ki, bu da həmin şəxslərin öz tərəfkeşlikləri və natamam məlumatları ilə süzgəcdən keçirilir.
Empatiyanın üç növü
Claude empatiyanı üç hissəyə ayırır:
-
Koqnitiv empatiya – qarşı tərəfin nə düşündüyünü anlamaq.
-
Emosional empatiya – onun hiss etdiyini hiss etmək.
-
Empatik qayğı – həmin insanın rifahını səmimi şəkildə istəmək.
Süni intellekt birinci sahədə kifayət qədər güclüdür. Mətnin tonunu, söz seçimini, pauzaları və hətta deyilənlə deyilməyən arasındakı fərqi təhlil edə bilir.
Amma özü də etiraf edir:
Üz ifadəsinin dəyişməsini görmürəm. Səsin titrəməsini eşitmirəm. Otağın ümumi atmosferini hiss etmirəm. Mənə yalnız mətn çatır və mən nəticəni geriyə doğru çıxarıram.
Empatik qayğı məsələsində isə vəziyyət daha da fərqlidir. Süni intellekt yalnız proqramlaşdırıldığı qədər “qayğı göstərə” bilər. Çox vaxt onun məqsədi insanın rifahı deyil, istifadəçi ilə qarşılıqlı əlaqəni maksimum artırmaq olur. Bu isə tamamilə başqa məqsəddir.
Psixoloji təhlükəsizlik niyə insanla yaranır?
Güclü lider insanların yanında psixoloji təhlükəsizlik hissi yaradır. İnsanlar ona güvənirlər. Özlərini görünmüş hiss edirlər. Fikirlərini bölüşməkdən çəkinmirlər. Claude bunun səbəbini belə izah edir: “Həqiqi lider sizi xatırlayır. Zaman keçdikcə sizin haqqınızda konteksti yadda saxlayır. Münasibətdə itirəcəyi bir şey var. Vaxtı məhduddur və onu şüurlu şəkildə sizə ayırır. Bunların heç biri mənə aid deyil”.
Yekun olaraq: Liderlik istiqaməti müəyyənləşdirmək, resursları bölüşdürmək və insanları cavabdeh saxlamaq kimi strateji qərarları əhatə edir. Süni intellekt bu tapşırıqlarda mükəmməl ola bilər. Lakin liderliyin münasibətlər tərəfinə gəldikdə, süni intellekt etimad yarada, insanların tanındığını və qayğı gördüyünü hiss etdirə və ya yüksək riskli mühitdə insanların onun ardınca getməsinə nail ola bilməz. Strateqiyanı həyata keçirmək insanları səfərbər etməyi, ruhlandırmağı və onlara liderlik etməyi bacaran bir insan tələb edir.

Daniel Goleman dünyada emosional intellekt anlayışını geniş auditoriyaya tanıdan ən nüfuzlu psixoloq və yazıçılardan biridir. Onun 1995-ci ildə nəşr olunan Emotional Intelligence kitabı liderlik, təhsil və biznes sahələrində yeni yanaşmanın formalaşmasına mühüm təsir göstərib. Goleman uzun illər The New York Times qəzetində elm jurnalisti kimi çalışıb, hazırda isə Goleman Consulting Group-un həmtəsisçisi və baş məsləhətçisi kimi təşkilatlarda liderlik və emosional intellekt mövzularında fəaliyyət göstərir.








Şərh əlavə et