Dəyişikliklərin idarə olunmasından söz düşən kimi kimsə mütləq “Nokia”nı misal çəkir.
Hekayə də həmişə eyni şablondur: bir vaxtlar hamıdan güclü idi, sonra iPhone gəldi, bizimki yuxuya getdi və bitdi. Klassik “baxın, belə olmayın” nümunəsi. Slayda qoyursan, zalda hamı dərindən köks ötürüb başını tərpədir.
Və işin qəribəsi, bu deyilənlər doğrudur. Nokia smartfon savaşını uduzdu – özü də texnologiyası zəif olduğu üçün yox, sırf öz səhvləri ucbatından. İçəridəki o “biz onsuz da nəhəngik, bizə heç nə olmaz” rahatlığı şirkəti batırdı. Bu dərs sərtdir, amma realdır, qaçmağa ehtiyac yoxdur.
Amma hekayə axı orada bitmir. Əsl maraqlı hissə elə hamının “Nokia bitdi” dediyi yerdən başlayır.
Camaatın fatihəsini çoxdan verdiyi o şirkət, bu gün cibimizdəki smartfonların qoşulduğu qlobal 5G şəbəkələrini qurur. Süni intellekt və bulud texnologiyalarından gələn satışları təkcə bir ildə 50% böyüyüb. İlin ilk rübündə 4,5 milyard avro dövriyyə edib, mənfəəti isə kosmosa uçub.

Kosmos demişkən, Aya ilk mobil şəbəkəni quran da elə onlardır. Sınaq-filan, amma fakt budur.
Köhnə Nokia “Connecting People” deyirdi – insanları bir-birinə bağlayırdı. Yeni Nokia daha bu sözü işlətmir; indi o, insanları yox, şəbəkələri, serverləri, hətta Ayı bir-birinə bağlayır.
Bu mövzuda iki fərqli tərəf var, mən ikisindən də uzağam: Biri çıxıb deyir ki, “Nokia məhv oldu”. Yalan söhbətdir, olmadı. Digəri də deyir ki, “Nokia əslində uduzmadı, sadəcə strateji gediş etdi”. Bu da özünü aldatmaqdır. Uduzdu. Həm də pis uduzdu. Amma sonra ayağa qalxdı. Hər iki reallıq eyni anda mövcuddur.
Mənim üçün əsl dərs budur: hər hansı bir böhranı ya tam faciə, ya da böyük qəhrəmanlıq kimi nağıllaşdırmaq çox asandır. Çətini – o uğursuzluqla sonrakı uğuru eyni cümlədə qəbul edə bilməkdir. İnsan da belədir, şirkət də. Büdrəyirsən, yıxılırsan, dizin qanayır. Amma səni sındıran o yıxılmaq yox, ayağa durandan sonra nə etdiyindir.
Uğursuzluğu gizlətmək yox, o uduzduğun nöqtədən sonra yeni bir başlanğıc edə bilmək – bax, oturub saatlarla danışmağa dəyən əsl hekayə budur.
Müəllif: Elçin Əzimli
Yazıçı, biznes kouç və təlimçi








Şərh əlavə et