coaching.az

Oxucunun yazdığı

Yazdığım səhnələrin birində personajımın tərəddüdünü oxucuya çatdırmalıydım. Səhnə belə idi – qəhrəman qərarın astanasında dayanmışdı; içində iki səs çarpışırdı, biri onu irəliyə, digəri geriyə çəkirdi. Mənim işim bu daxili çəkişməni kağıza köçürmək idi.

Əvvəlcə belə yazmışdım: “Tərəddüd etdi. Nə edəcəyini bilmədi…”

Səhnənin bu şəkildə ifadəsi düzgün idi, hissi izah edirdi. Amma içimdə narahatlıq vardı. Sanki nəsə çatmırdı – sözlər vardı, hiss yox.

Sonra yenidən oxudum. Və… sildim.

Yerinə belə yazdım: “Pilləkənin ortasında dayandı. Bir ayağı qabaqdakı pillədə, biri arxada.”

Hissin adını çəkmədim. Bədənin özü qərarsızlığı danışdı – qalanını oxucuya buraxdım. Və qəribə bir şey oldu: səhnə birdən diri oldu. Çünki indi oxucu sadəcə oxumurdu – o, qəhrəmanı görürdü.

Yazıçılıq mənə bunu öyrətdi: yazıçının ən böyük gücü yazdığı söz deyil, yazmadığı sözdür. Çünki sözün bitdiyi yerdə oxucunun təxəyyülü başlayır. Boşluq isə onu tamaşaçıdan iştirakçıya çevirir.

Hissi adı ilə demək – onu zəiflətməkdir. “Ağladı” yazanda oxucu sadəcə məlumat alır. Amma “əlini stəkana uzatdı, toxunmadan geri çəkdi” yazanda oxucu hiss edir.

Buna görə də yazıçılıq bir vaxtdan sonra cümlə qurmaqdan daha çox cümlə silməyə çevrilir. Hər artıq sözü kəsmək – oxucuya bir az daha yer açmaqdır.

Oxucuya güvənmək lazımdır. O, boşluğu özü dolduracaq. Sözün qoyduğu izi onun təxəyyülü tamamlayacaq. Yazıçının vəzifəsi hər şeyi demək deyil, oxucuya bir işıq tutmaq və geri çəkilməkdir.

Bu, ancaq yazıya aid deyil. Bəzən həyatda da ən dərin bağlar sözlə yox, sükutla qurulur. Ən yaxın olduğumuz insanla bəzən saatlarla danışmadan otururuq – və o sükutda bir-birimizi bir gecəlik söhbətdən daha yaxşı anlayırıq. Çünki söz bəzən hissi daraldır; sükut isə ona yer açır.

Bəs həyatınızda sükutun sözlərdən daha çox şey söylədiyi bir an olubmu?

Müəllif: Elçin Əzimli
Yazıçı, biznes kouç və təlimçi
AR Təhsil Nazirliyinin yanında İctimai Şuranın üzvü
“Dan ulduzu” və “Çağrı” romanlarının müəllifi

Şərh əlavə et

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.