Saat axşam doqquzdur. Ofisdə işıqlar çoxdan sönüb, siz isə hələ də məktublara cavab yazırsınız. Bütün günü iclasdan iclasa qaçmısınız, amma siyahıdakı işlərin yarısı yenə sabaha qalıb.
Tanış mənzərədir? Çoxumuz belə günləri “məhsuldar” adlandırırıq. Həqiqətdə isə bu, toksik məhsuldarlığın əlaməti ola bilər: insanın öz dəyərini gördüyü işin həcmi ilə ölçdüyü, dayandıqda isə özünü günahkar hiss etdiyi bir tələnin.
Toksik məhsuldarlıq
Toksik məhsuldarlıq insanın öz dəyərini nə qədər məşğul olduğu ilə ölçməsidir. Belə halda iş nəticə əldə etmək üçün deyil, sadəcə məşğul qalmaq üçün görülür, hər fasilə isə insanda gizli bir günahkarlıq hissi yaradır.
Məşğul olmaq vaxtın fəaliyyətlə dolu olmasıdır, səmərəli olmaq vaxt və enerjidən düzgün istifadə etməkdir. Məhsuldar olmaq isə sərf olunan zəhmət müqabilində dəyərli nəticə yaratmaqdır. Bir rəhbər səhərdən axşama yeddi iclasda oturub onlarla məktuba cavab yaza bilər. Amma komandanın iki həftədir həll gözləyən əsas problemi yerində qalıbsa, gün məşğul keçib, məhsuldar yox.
Sağlam intizam insana işi bitirib dincəlməyə imkan verir. Toksik məhsuldarlıqda isə siyahıda həmişə daha bir iş olduğundan insan istirahətə keçə bilmir. Ayrı-ayrı layihələrdə artıq iş saatları və gərgin dövrlər ola bilər. Amma bu rejim müvəqqəti qalmalı, gündəlik vərdişə və həyat tərzinə çevrilməməlidir.

Niyə dayana bilmirik?
Bəzən insan işi bitirə bilmədiyi üçün dayanmır. İşlə məşğul olmadığı vaxtlarda özünü dəyərsiz hiss etdiyindən dayanmaq istəmir. İllər boyu onu irəli aparan əsas keyfiyyət çalışqanlıq olubsa, istirahət ona kimliyinin bir hissəsini itirmək kimi gəlir.
Buna geri qalmaq qorxusu da qoşulur. Həmkarlarının gecə də onlayn olduğunu görən insan öz iş normasını da buna uyğunlaşdırır.
Bu davranış zamanla tükənmişliyə apara bilər, amma onlar eyni şey deyil. Toksik məhsuldarlıq davranış modelidir. Tükənmişliyi isə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) idarə olunmamış xroniki iş stresinin nəticəsi olan peşə fenomeni kimi təsvir edir: enerjinin tükənməsi, işdən psixoloji uzaqlaşma və ya sinizm, peşəkar effektivliyin azalması.
Rəqəmlər nə deyir?
ÜST və Beynəlxalq Əmək Təşkilatının (BƏT) 2021-ci ildə dərc etdiyi birgə qiymətləndirməyə görə, 2016-cı ildə təxminən 745 min insanın insult və ürəyin işemik xəstəliyindən ölümü həftədə 55 saat və daha çox işləməklə əlaqələndirilir. Pega və həmmüəlliflərinin 2021-ci ildə Environment International jurnalında dərc etdiyi tədqiqata görə, həmin il dünyada 488 milyon insan, yəni əhalinin təxminən 9 faizi həftədə 55 saat və daha çox işləyirdi. Belə işləyənlərdə həftədə 35-40 saat işləyənlərlə müqayisədə insult riski təxminən 35 faiz, ürəyin işemik xəstəliyinə tutulma riski isə təxminən 13 faiz yüksəkdir.
BƏT-in 2026-cı ilin aprelində dərc etdiyi hesabata görə isə uzun iş saatları, həddindən artıq gərginlik, iş yerini itirmək qorxusu və mobbinq kimi psixososial risklərlə bağlı xəstəliklər hər il 840 mindən çox insanın həyatına son qoyur.
Daha çox işləmək həmişə daha çox nəticə demək deyil. Stanford Universitetinin iqtisadçısı Con Penkavel Birinci Dünya müharibəsi illərində Britaniya hərbi sursat fabriklərinin məlumatlarını təhlil edib. Həftədə təxminən 49 saatdan sonra hər əlavə saat istehsalı əvvəlki templə artırmırdı, ümumi istehsal isə təxminən 63 saatda ən yüksək həddinə çatırdı. 70 saatlıq həftənin nəticəsi 56 saatlıq həftədən çox az fərqlənirdi. Bu, yüz il əvvəlki fabrik işidir və bugünkü ofisə birbaşa köçürülə bilməz. Amma bir şeyi aydın göstərir: iş saatlarının artması nəticənin də eyni nisbətdə artması demək deyil.
Təşkilatlar bu tələyə necə düşür?
Toksik məhsuldarlıq həmişə fərdin səhv seçimindən yaranmır. Bəzən insanları bu davranışa təşkilatın qurduğu iş sistemi sövq edir.
Rəhbər gec saatlarda məktub göndərirsə, komanda özünü cavab verməyə borclu hiss edir. Ofisdə gec qalan təriflənirsə, insanlar nəticəni yox, işlədiyi saatların çoxluğunu göstərməyə çalışır. Hər tapşırıq “təcili” kimi verilirsə, prioritet anlayışı itir, təqvimin yarısını iclaslar tutursa, əsl işə yalnız axşam vaxt qalır. Bunların çoxu pis niyyətlə edilmir, illər ərzində yığılmış vərdişlərdir. Amma komandanı eyni yerə aparır: iş çox, nəticə az.
Gallup-un 2026-cı il hesabatına görə, 2025-ci ildə dünyada işçilərin cəmi 20 faizi işinə həqiqətən bağlı idi. Bu rəqəm toksik məhsuldarlığı birbaşa ölçmür, amma işdə olmaqla işə qoşulmanın fərqli şeylər olduğunu xatırladır.
Özünüzə bir neçə sual
Bunlar test deyil. Sadəcə bir neçə dəqiqə dayanıb öz gününüzə kənardan baxmaq üçündür:
- İş günüm bitəndə özümü günahkar hiss edirəmmi?
- İstirahət edərkən belə görməli olduğum işləri düşünürəmmi?
- Bütün gün işləsəm də, əsas nəticəni əldə etmədiyimi hiss edirəmmi?
- Fasilə verəndə başqalarından geri qaldığımı düşünürəmmi?
- İşimdən başqa, özümü dəyərli hiss etdiyim nə var?
Nə etməli?
Özünüzdən başlamaq üçün:
- Gününüzə başlamazdan əvvəl ən vacib hədəfinizi müəyyənləşdirin. Siyahıda iyirmi iş ola bilər, amma günü dəyərli edən çox vaxt bir-ikisidir. Axşam özünüzə bir sual verin: həmin nəticəni əldə etdimmi?
- Diqqət tələb edən iş üçün fasiləsiz vaxt ayırın. Gündə bir-iki saatı bildirişlər bağlı halda keçirin, məktublara isə müəyyən vaxtlarda baxın.
- İstirahəti planlaşdırın və qoruyun. Fasilələri təqvimə yazın, həftədə bir günü işdən tam ayırın. Fasilə yalnız yorğunluğu azaltmır, diqqətin və düşünmə qabiliyyətinin bərpasına da kömək edir.
Rəhbərsinizsə, komandanın ritmi sizdən başlayır:
- İş vaxtından sonra ünsiyyət üçün aydın qayda qoyun. Məsələn, axşam və həftəsonu göndərilən mesajlara növbəti iş gününədək cavab gözlənilmədiyini açıq bildirin. Bu qaydaya özünüz də əməl edin: gecə yarısı məktub göndərən rəhbərin “cavab vermək vacib deyil” sözləri işə yaramır.
- Nəticəni görün və təqdir edin. Toplantıda kimin nə qədər işlədiyindən yox, hansı problemin kimin sayəsində həll olunduğundan danışın.
- İclasların gətirdiyi yükü mütəmadi nəzərdən keçirin. Hər təkrarlanan iclas üçün soruşun: bu görüş olmasa, nə itirərdik? “Hər şey təcilidir” rejimi aylarla sürürsə, problem insanlarda deyil, planlaşdırmadadır.
Son söz
Yazıçı Anne Lamott TED2017 konfransındakı çıxışında belə demişdi:
Demək olar ki, hər şey bir neçə dəqiqəlik söndürülüb yenidən işə salındıqda işləyəcək. Siz də.
Söndürmək xarab olmaq demək deyil. Bəzən daha yaxşı nəticə üçün daha çox işləmək lazım gəlmir. Dayanıb iki sadə suala dürüst cavab vermək lazım gəlir: özümü nə ilə dəyərli hiss edirəm və həqiqətən nəyə töhfə verirəm?
© ALPHA Coaching & Consulting, 2026
Mənbələr
- World Health Organization, International Labour Organization. Long working hours increasing deaths from heart disease and stroke: WHO, ILO. 17 may 2021.
- Pega F. və digərləri. Global, regional, and national burdens of ischemic heart disease and stroke attributable to exposure to long working hours for 194 countries, 2000–2016. Environment International, 154 (2021), 106595.
- Li J. və digərləri. The effect of exposure to long working hours on ischaemic heart disease: A systematic review and meta-analysis from the WHO/ILO Joint Estimates. Environment International, 142 (2020), 105739.
- World Health Organization. Burn-out an “occupational phenomenon”: International Classification of Diseases.
- Pencavel J. The Productivity of Working Hours. IZA Discussion Paper No. 8129, 2014.
- State of the Global Workplace, 2026 mətbuat açıqlaması.
- Anne Lamott. 12 truths I learned from life and writing. TED2017, aprel 2017.








Şərh əlavə et