coaching.az

Həyatımıza istiqamət verən duyğular

Buta nədir? Azərbaycan naxışının hekayəsi, 16 dildə - buta.az

Bəzən bir söhbətdən sonra saatlarla özümüzə gələ bilmirik. Kimsə bir sözü ilə əhvalımızı dəyişir, gözləmədiyimiz xəbər bizi sevindirir, qarşılaşdığımız çətinlik isə bütün planlarımızı alt-üst edir. Bəzən də özümüzü narahat hiss edirik, amma bunun səbəbini izah edə bilmirik.

Belə anlarda duyğularımız qərarlarımıza, davranışlarımıza və başqaları ilə münasibətlərimizə təsir göstərir. Bəs onların bizə nə demək istədiyini nə dərəcədə anlayırıq?

Gündəlik həyatda tez-tez “özünü ələ al”, “əsəbiləşmə”, “qorxma” kimi məsləhətlər eşidirik. Sanki duyğularımızı istədiyimiz vaxt bir əl hərəkəti ilə dəyişə bilərik. Halbuki onlar ortaya sifarişlə çıxmırlar. Əvəzində, nə hiss etdiyimizi anlamağı və bu hisslərin təsiri altında necə davranacağımızı öyrənə bilərik.

Duyğularımız bizə nə deyir?

Eyni hadisə müxtəlif insanlarda fərqli duyğular yarada bilər. Təsəvvür edin ki, rəhbəriniz görüş zamanı təklifinizi qəbul etmir. Bir insan bunu öz bacarıqlarına şübhə kimi qəbul edir, digəri təklifini təkmilləşdirmək üçün fürsət görür, başqası isə qəzəblənir.

Hadisə eynidir, amma ona verdiyimiz məna fərqlidir. Buna əvvəlki təcrübələrimiz, gözləntilərimiz və həmin andakı vəziyyətimiz də təsir edir.

Duyğularımızı tanımaq hadisələri daha aydın görməyə, özümüzü və başqalarını daha yaxşı anlamağa kömək edir.

Psixoloqlar duyğuların təbiətini müxtəlif nəzəriyyələrlə izah ediblər. Məsələn, Pol Ekman əsas duyğularla bağlı araşdırmaları, Robert Plutchik isə səkkiz əsas duyğunu əhatə edən modeli ilə tanınır. Bu yanaşmalar insanın emosional dünyasını anlamaq üçün faydalı çərçivələr təqdim edir.

Robert Plutchikin səkkiz əsas duyğusu

Robert Plutchik (1927–2006) amerikalı psixoloq və emosiyalar sahəsində tanınmış tədqiqatçılardan biri olub. O, insan duyğularının necə yarandığını, bir-biri ilə necə əlaqələndiyini və davranışlarımıza necə təsir etdiyini araşdırıb. Bu araşdırmaların nəticəsi olaraq səkkiz əsas duyğunu və onların müxtəlif birləşmələrini əks etdirən emosiyalar çarxını hazırlayıb. Plutchikin məqsədi duyğuların insanın ətraf mühitə uyğunlaşmasında və həyatda qalmasında oynadığı rolu izah etmək idi.

Bu modeldə səkkiz əsas duyğu fərqləndirilir: sevinc, etibar, qorxu, təəccüb, kədər, ikrah, qəzəb və gözlənti. Bu duyğular müxtəlif intensivliklərdə yaşana və birləşərək daha mürəkkəb hisslər yarada bilər.

Hər birinə ayrı-ayrılıqda nəzər salaq.

1. Sevinc

Sevinc yalnız böyük uğurlarla bağlı deyil. Sevdiyimiz insanlarla vaxt keçirmək, faydalı bir iş görmək və ya çoxdan gözlədiyimiz bir nəticəyə çatmaq da bizi sevindirə bilər.

Sevinc bizə həyatımızda nəyin dəyərli olduğunu anlamağa kömək edir.

Özünüzə sual verin: Sonuncu dəfə nə vaxt ürəkdən sevindiniz? Həmin anı sizin üçün dəyərli edən nə idi? Həyatınızda belə anlara necə daha çox yer verə bilərsiniz?

2. Etibar

Etibar münasibətlərdə yaxınlıq və təhlükəsizlik hissi yaradır. Özümüzü güvəndə hiss etdiyimiz zaman fikirlərimizi daha rahat bölüşür, kömək istəyir və səhvlərimizi etiraf edə bilirik.

Etibar yalnız başqalarından gözlədiyimiz bir şey deyil. Verdiyimiz sözləri tutmaq və davranışlarımızda ardıcıl olmaq da münasibətlərdə etibar yaradır.

Özünüzə sual verin: İnsanlar mənə nə dərəcədə etibar edə bilərlər? Verdiyim sözlərlə davranışlarım bir-birinə uyğundurmu?

3. Qorxu

Qorxu bizi mümkün təhlükələr barədə xəbərdar edir. Bəzən həqiqi risklə qarşılaşırıq, bəzən isə hələ baş verməmiş hadisələrdən narahat oluruq.

Yeni işə başlamaq, auditoriya qarşısında çıxış etmək və ya vacib qərar vermək qorxu yarada bilər. Bu hissin mövcudluğu qərarımızın yanlış olduğunu göstərmir.

Özünüzə sual verin: Məni konkret olaraq nə qorxudur? Bu qorxunu təsdiqləyən faktlar hansılardır? Riski azaltmaq üçün hansı addımı ata bilərəm?

4. Təəccüb

Gözləmədiyimiz hadisə ilə qarşılaşanda təəccüb hiss edirik. Bu hadisə bizi sevindirə, məyus edə və ya narahat edə bilər. Təəccübün özü baş verənlərin yaxşı və ya pis olduğunu göstərmir.

Belə anlarda tələsik nəticə çıxarmaq əvəzinə, vəziyyəti anlamağa çalışmaq faydalıdır.

Özünüzə sual verin: Məni nə təəccübləndirdi? Mən nə gözləyirdim? Vəziyyəti düzgün qiymətləndirmək üçün daha nələri bilməliyəm?

5. Kədər

Kədər itki, ayrılıq və ya gözləntilərimizin doğrulmaması ilə bağlı yarana bilər. Bəzən işimizin qiymətləndirilməməsi, münasibətlərimizin dəyişməsi və ya arzuladığımız fürsəti itirmək də bizi kədərləndirir.

Kədərlənmək zəiflik deyil. Bəzən yaşadıqlarımızı qəbul etmək və özümüzə gəlmək üçün zamana ehtiyacımız olur.

Özünüzə sual verin: Məni kədərləndirən nədir? Hazırda nəyə ehtiyacım var: istirahətə, söhbətə, dəstəyə, yoxsa düşünmək üçün vaxta?

6. İkrah

İkrah xoşagəlməz qoxu və dad kimi fiziki təcrübələrə, eləcə də bəzi davranışlara və münasibətlərə qarşı yarana bilər. Məsələn, kiminsə başqasını alçaltdığını görəndə ikrah hiss edə bilərik.

Bu duyğu bəzən bizim üçün nəyin qəbuledilməz olduğunu göstərir. Ancaq hər reaksiyamızın obyektiv qiymətləndirməyə əsaslandığını da düşünməməliyik.

Özünüzə sual verin: Məni narahat edən konkret nədir? Bu davranış hansı dəyərlərimlə ziddiyyət təşkil edir? Reaksiyam faktlara, yoxsa əvvəlki təcrübələrimə əsaslanır?

7. Qəzəb

Qəzəb çox vaxt haqsızlıqla üzləşdiyimizi, sərhədlərimizin pozulduğunu və ya gözləntilərimizin doğrulmadığını düşündüyümüz zaman yaranır.

Qəzəbin özü problem deyil. Əsas məsələ onun təsiri altında necə davranmağımızdır. Təhqir etmək və günahlandırmaq əvəzinə, bizi narahat edən məsələni aydın ifadə edə bilərik.

Özünüzə sual verin: Məni əslində nə qəzəbləndirdi? Hansı ehtiyacım qarşılanmayıb? Bu vəziyyəti həll etmək üçün nə edə bilərəm?

8. Gözlənti

Gözlənti diqqətimizi gələcəyə yönəldir, plan qurmağa və hazırlaşmağa kömək edir. Yeni layihəyə başlayanda nəticəni düşünür, mümkün çətinlikləri əvvəlcədən görməyə çalışırıq.

Ancaq gələcəklə bağlı düşüncələrimiz həddindən artıq narahatlığa çevriləndə indiki imkanlarımızı gözdən qaçıra bilərik.

Özünüzə sual verin: Nəyə nail olmaq istəyirəm? Bu nəticəyə çatmaq üçün nəyə təsir edə bilərəm? Bu gün ata biləcəyim ən kiçik addım hansıdır?

Eyni anda bir neçə duyğu yaşaya bilərik

Plutchikin modelində duyğuların bir-biri ilə əlaqəsi də nəzərə alınır. Müxtəlif duyğular birləşərək daha mürəkkəb hisslər yarada bilər. Məsələn, sevinc və etibar sevgi ilə əlaqələndirilir.

Gündəlik həyatımızda da eyni anda bir neçə duyğu yaşamağımız təbiidir.

Uzun müddətdir arzuladığınız vəzifəyə təyin olunduğunuzu düşünün. Sevinirsiniz, çünki zəhmətinizin nəticəsini görürsünüz. Eyni zamanda yeni məsuliyyətlərdən qorxa və gələcəklə bağlı həyəcan keçirə bilərsiniz.

Bu duyğular bir-birinə zidd görünsə də, yanaşı mövcud ola bilər. Dəyişiklik istəyərkən eyni zamanda təhlükəsizliyimizi qorumağa çalışırıq. Yeni fürsətə sevinərkən əvvəlki həyatımız üçün darıxa bilərik.

Belə anlarda özümüzdən yalnız “Nə hiss edirəm?” deyil, “Eyni anda başqa hansı duyğuları yaşayıram?” deyə soruşmaq da faydalıdır.

Duyğularımızı anlamaq üçün beş addım

Duyğular haqqında bilmək vacibdir, amma bu bilik gündəlik həyatımıza tətbiq olunanda daha faydalı olur. Bunun üçün sadə bir məşqi sınaya bilərsiniz.

  1. Dayanın.
    Güclü duyğu yaşadığınız zaman dərhal reaksiya verməyə tələsməyin. Özünüzə qısa fasilə verin, bir neçə dəfə sakit nəfəs alın.
  2. Duyğunu adlandırın.
    Özünüzdən soruşun: “Hazırda nə hiss edirəm?” Mümkün qədər dəqiq cavab verməyə çalışın: qəzəb, qorxu, məyusluq, kədər, yoxsa bir neçə duyğu eyni anda?
  3. Səbəbi araşdırın.
    Nə baş verdiyini və bu hadisəni necə şərh etdiyinizi düşünün. Bəzən bizi narahat edən hadisənin özü deyil, ona verdiyimiz məna olur.
  4. Ehtiyacınızı müəyyənləşdirin.
    Bəlkə, dəstəyə, istirahətə, aydınlığa və ya sərhədlərinizə hörmət edilməsinə ehtiyacınız var. Duyğunuzun arxasında nə dayandığını anlamağa çalışın.
  5. Şüurlu seçim edin.
    Özünüzdən soruşun: “İndi hansı davranış mənim üçün daha faydalı olacaq?” Bəlkə, söhbət etmək, əlavə məlumat toplamaq və ya qərar verməzdən əvvəl bir qədər gözləmək lazımdır.

İstəsəniz, bu addımları gündəlik qeydlərinizdə tətbiq edə bilərsiniz. Bir neçə həftədən sonra hansı vəziyyətlərin sizdə müəyyən duyğuları daha tez-tez yaratdığını görmək asanlaşa bilər.

Duyğularımızı idarə etmək nə deməkdir?

Öz üzərimizdə işləyərkən bəzən elə düşünürük ki, inkişaf etmiş insan həmişə sakit, pozitiv və özünəinamlı olmalıdır. Halbuki özünü tanımaq heç vaxt qorxmamaq, kədərlənməmək və ya qəzəblənməmək demək deyil.

Fərq duyğuların mövcudluğunda deyil, onlara münasibətimizdədir.

Qorxduğumuz halda da cəsarətli addım ata bilərik. Qəzəbləndiyimiz halda da qarşı tərəflə hörmətlə danışa bilərik. Kədərləndiyimiz zaman isə özümüzə qayğı göstərməyi unutmamalıyıq.

Duyğularımızı anlamaq onları həmişə dəyişmək və ya aradan qaldırmaq demək deyil. Bəzən müəyyən hissi qəbul etmək, yaşadıqlarımıza zaman vermək və dəstək almaq daha faydalıdır.

Əsas məsələ duyğularımızı inkar etmədən onların təsiri altında necə davrandığımıza diqqət yetirməkdir.

Özünü tanımaq duyğularını tanımaqdan başlayır

Həyatımızda baş verən hər hadisəni idarə edə bilmərik. Başqalarının davranışları, gözlənilməz dəyişikliklər və qarşılaşdığımız çətinliklər həmişə bizim nəzarətimizdə deyil. Amma yaşadıqlarımızı necə anlamağımız və hansı addımı atmağımız üzərində işləyə bilərik.

Duyğularımız bəzən bizi təhlükədən qoruyur, bəzən nəyin bizim üçün dəyərli olduğunu göstərir, bəzən də diqqətimizi həllini gözləyən problemə yönəldir. Bununla belə, hər duyğunu mütləq həqiqət kimi qəbul etmək düzgün deyil. Qorxmağımız qarşılaşdığımız vəziyyətin mütləq təhlükəli olduğunu, qəzəblənməyimiz isə qarşı tərəfin mütləq haqsız olduğunu göstərmir.

Duyğularımızı dinləməyi, onların səbəblərini araşdırmağı və reallığı daha aydın qiymətləndirməyi öyrənə bilərik.

Bəlkə də özünüidarəetmənin mahiyyəti elə budur: nə hiss etdiyimizi anlamaq və sonra necə davranacağımıza şüurlu şəkildə qərar vermək.

Duyğularımızı hər zaman seçə bilməsək də, onlarla münasibətimizi dəyişməyi öyrənə bilərik.

© ALPHA Coaching & Consulting, 2026

Şərh əlavə et

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.