İş yerində bəzən belə bir vəziyyətlə qarşılaşırıq: əməkdaş ona verilən tapşırığı vaxtında və qaydalara uyğun yerinə yetirir, amma prosesdə problem yarananda onu həll etmək üçün təşəbbüs göstərmir. Müştərinin narazılığını görür, lakin məsələni aidiyyəti şöbəyə yönləndirməklə kifayətlənir. İşlər qaydasında gedəndə öz vəzifəsini yerinə yetirir, çətinlik yarananda isə “bu, mənim işim deyil” deyir.
Belə hallarda problem həmişə işçinin bacarığında və ya motivasiyasında olmur. Bəzən təşkilatda işin icrasına diqqət yetirildiyi halda, nəticəyə sahiblənmək mədəniyyəti formalaşmayıb.
Sahiblənmə (ownership) insanın öz işinə, qərarlarına və nəticələrinə olan münasibətidir. Tapşırığı bitirməklə kifayətlənmir – işin bütöv nəticəsinə maraq göstərir, problemi vaxtında görür, həll yolu axtarır, lazım olanda təşəbbüs göstərir.
Sahiblənmə problemi kənardan müşahidə etməyib, onun həlli üçün addım atmaqdır.
Sahiblənən əməkdaş yalnız “Məndən nə tələb olunur?” sualını vermir. O, “Bu işin uğurlu nəticələnməsi üçün mən nə edə bilərəm?” sualını da verir.
Vəzifə, məsuliyyət, cavabdehlik və sahiblənmə: fərq nədir?
Bu anlayışlar bir-birinə yaxın olsa da, eyni məna daşımır. Vəzifə sənin roluna uyğun gördüyün işdir – sadəcə nə etməli olduğunu göstərir. Məsuliyyət isə bir az fərqlidir: öz üzərinə götürdüyün işi yerinə yetirmək, öhdəliyini icra etmək və nəticəyə töhfə vermək borcudur. Cavabdehlik, verdiyin qərarın, gördüyün işin və əldə etdiyin nəticənin izahını vermək, onu qəbul etmək və lazım gələndə düzəldici addım atmaqdır. Sahiblənmə isə bu anlayışları birləşdirən yanaşmadır: insan yalnız öz vəzifəsini yerinə yetirmir, işin ümumi nəticəsinə də maraq göstərir və ona töhfə vermək üçün təşəbbüs göstərir.
Məsələn, müştəri sifarişinin gecikməsi ilə üzləşən əməkdaşın vəzifəsi sifarişləri izləməkdirsə, məsuliyyəti gecikməni aradan qaldırmaq üçün üzərinə düşəni etmək, cavabdehliyi isə baş verənləri izah edib nəticəyə görə hesabat verməkdir. Sahiblənmə bundan sonra başlayır: problemi özü görmək, müştəriyə məlumat vermək, aidiyyəti şəxslərlə əlaqə saxlamaq və həll yolu tapılana qədər işin arxasınca getmək.
Sahiblənmə və cavabdehlik bir-birini tamamlayır. Ancaq birini digəri ilə əvəz etmək olmaz. İnsan nəticəyə cavabdeh tutula bilər, lakin qərar vermək səlahiyyəti və hərəkət etmək imkanı yoxdursa, ondan sahiblənmə gözləmək ədalətli deyil.
Sahiblənməni mülkiyyət hissi ilə qarışdırmayaq. Heç kim əməkdaşdan şirkətə ortaq kimi düşünməsini gözləmir.
Sahiblənmə mədəniyyəti necə formalaşır?
Təşkilat əməkdaşdan sahiblənmə və təşəbbüs gözləyirsə, həmin təşəbbüsün göstərilməsinə imkan verən mühit də yaratmalıdır.
Məqsəd aydın olmalıdır. Əməkdaş yalnız nə etməli olduğunu deyil, bu işin nə üçün vacib olduğunu da bilməlidir. Öz işinin müştəriyə, komandaya və təşkilatın ümumi məqsədinə təsirini görən insan daha geniş düşünə bilir.
Səlahiyyət və məsuliyyət də uzlaşmalıdır. Qərar vermək imkanı olmayan şəxsdən hər problemin həllini gözləmək olmaz. Bəzən rəhbərlər əməkdaşlardan təşəbbüs gözləyir, amma qərarları özləri vermək istəyirlər – əməkdaşdan nəticəyə sahib çıxmağı tələb edib, həmin nəticəyə təsir etmək imkanı verməyəndə məhz burada ziddiyyət yaranır. Buna görə rəhbərlik hansı qərarların müstəqil verilə biləcəyini, hansı hallarda razılıq tələb olunduğunu aydınlaşdırmalıdır.
Üçüncü şərt etimad və psixoloji təhlükəsizlikdir. Səhv etdiyinə görə danlanacağını, təşəbbüsünün cəzalandırılacağını və ya problemi açıq bildirdiyinə görə günahlandırılacağını düşünən əməkdaş risk etməkdən çəkinəcək. Səhvləri gizlətmək əvəzinə, onlardan öyrənməyə imkan verən mühit sahiblənməni gücləndirir. Standartdan və intizamdan əl çəkmək demək deyil bu – sadəcə məqsəd fərqlidir: səhvi gizlətmədən, təkrarını önləmək.
Ədalətli münasibət və ardıcıl davranış da vacibdir. Təşəbbüs göstərən əməkdaşın əlavə yük altında qalması, uğurun başqasına aid edilməsi və ya eyni davranışa müxtəlif şəxslərə fərqli münasibət göstərilməsi sahiblənmə istəyini zəiflədir. Təşkilat təşəbbüsü yalnız sözlə deyil, qərarları və gündəlik davranışı ilə dəstəkləməlidir.
Və nəhayət, əməkdaşın səsi eşidilməlidir. İşçilər problemlər, risklər və təkmilləşdirmə imkanları barədə fikir bildirməli, bu fikirlərin necə qiymətləndirildiyini görməlidirlər. Təkliflərin hamısının qəbul edilməsi vacib deyil; onların dinlənilməsi və qərarın səbəbinin izah edilməsi vacibdir.
Sahiblənmə olmayanda təşkilat nə itirir?
İlk baxışda sahiblənmənin zəifliyi sadəcə təşəbbüskarlığın azlığı kimi görünə bilər. Əslində, bunun təsiri daha genişdir.
Kiçik problemlər vaxtında həll olunmayanda böyüyür, eyni mövzu dəfələrlə müzakirəyə düşür, rəhbərlər gündəlik əməliyyat məsələlərinə həddindən artıq vaxt sərf edir. Müştəri isə təşkilatın strukturunu yox, öz təcrübəsini görür – hər kəs yalnız öz funksiyasını düşünəndə, şöbələr arasında qalan problem heç kimin işi olmur.
İnsanlar mövcud qaydanı icra etməklə kifayətləndikdə, prosesləri yaxşılaşdırmaq üçün lazım olan suallar və təkliflər azalır – nəticədə, yenilik və təkmilləşdirmə imkanları azalır. Hər qərarın yuxarıdan gözlənildiyi mühitdə isə rəhbərliyin vaxtı strategiyaya deyil, xırda məsələlərin həllinə sərf olunur.
Təşəbbüsü nəzərə alınmayan, təsir imkanı məhdudlaşan əməkdaş zamanla işinə marağını itirə bilər.
Gallup-un State of the Global Workplace 2026 hesabatına görə, 2025-ci ildə dünyada əməkdaşların yalnız 20%-i işinə bağlı (engaged) olub. Hesabat aşağı iş bağlılığının dünya iqtisadiyyatına məhsuldarlıq itkisi baxımından təxminən 10 trilyon ABŞ dollarına başa gəldiyini bildirir. Sahiblənməni birbaşa ölçmür bu rəqəm, amma mənzərəni aydın göstərir.
Google-un komanda effektivliyi üzrə araşdırması psixoloji təhlükəsizliyin əhəmiyyətini vurğulayır. Komanda üzvlərinin sual verməkdən, fərqli fikir bildirməkdən və səhvlərini etiraf etməkdən çəkinməməsi effektiv əməkdaşlığı dəstəkləyən amillərdəndir.
Bu nəticələrdən çıxan əsas fikir budur: sahiblənməsi zəif olan təşkilat yalnız təşəbbüskarlığı deyil, həm də vaxtı, etimadı, öyrənmə imkanlarını və insanların potensialından istifadə etmək fürsətini itirir.
Rəhbərlər sahiblənməni necə gücləndirə bilərlər?
Sahiblənməni artırmaq üçün motivasiya çıxışları və ümumi çağırışlar kifayət etmir. Rəhbərlik bunu konkret idarəetmə davranışlarına çevirməlidir.
İşçiyə iş siyahısı vermək kifayət etmir. Gözlənilən nəticəni, uğur meyarlarını, işin sərhədlərini izah et və ona bu nəticəyə necə çatacağı barədə seçim imkanı burax.
Əməkdaş problemlə gələndə dərhal cavab vermə. Əvvəlcə onun fikrini soruş – bu vərdiş halına gəlsə, zaman keçdikcə özü həll yolu axtarmağa başlayır.
Səhvlərə münasibətini də nəzərdən keçir. Səbəbi araşdır: aydın olmayan proses, çatışmayan bilik, yanlış qərar, yoxsa səhlənkarlıq? Bu halları eyni cür qiymətləndirmə – öyrənməyə imkan verən səhvlə təkrar olunan məsuliyyətsiz davranış arasında fərq var.
Səlahiyyətləri aydınlaşdır. Komanda üzvləri hansı qərarları özləri verə biləcəklərini, hansı riskləri eskalasiya etməli olduqlarını bilməlidir. Qərarvermə sərhədləri aydın olduqda təşəbbüs göstərmək daha asanlaşır.
İstədiyin davranışı özün nümayiş etdir. Rəhbər öz səhvini qəbul etmirsə, verdiyi sözə əməl etmirsə və problemlərə görə həmişə başqalarını günahlandırırsa, əməkdaşlardan sahiblənmə gözləməsi inandırıcı olmayacaq. Mədəniyyət rəhbərin dediklərindən çox, gündəlik davranışlarından formalaşır.
Yalnız satış rəqəmini yox, problemi vaxtında görməyi, əməkdaşlığın keyfiyyətini, müştəri məsələsinin həllini də qiymətləndirmək lazımdır. Nəticə qədər, ora gətirən davranış da danışılmalıdır.
Təşkilatlar üçün praktik addımlar
Sahiblənmə mədəniyyətini gücləndirmək istəyən təşkilatlar aşağıdakı addımlardan başlaya bilər.
Əvvəlcə mövcud vəziyyəti ölç – anonim sorğu ilə soruş: məqsədlər aydındırmı, qərar səlahiyyəti varmı, problemi açıq demək təhlükəsizdirmi. Sonra real nümunələrə bax: son aylarda hansı qərarlar gecikdi, hansı problem dəfələrlə təkrarlandı, günah fərdi davranışdaydı, yoxsa sistemdə?
Bir komanda və ya proses seçib kiçik sınaq layihəsi başlat. Nəticə meyarlarını, qərarvermə səlahiyyətlərini və gözlənilən davranışları dəqiqləşdir, dəyişiklikləri 6-8 həftə ərzində izlə.
Rəhbərləri inkişaf etdirmək də ayrıca iş tələb edir: səlahiyyətlərin ötürülməsi, kouçinq yanaşması, rəy vermə, problemlərin açıq müzakirəsi və komandada etimadın qurulması üzrə praktiki işlər apar.
Sonda nəticələri qiymətləndir – problem həllinin müddəti, təkrar xətalar, müştəri məmnuniyyəti, təşəbbüslərin sayı və əməkdaşların qərarvermə imkanları ilə bağlı göstəriciləri əvvəlki vəziyyətlə müqayisə et.
Sonda bir məqamı unutmaq olmaz: sahiblənməyi yalnız işçinin şəxsi keyfiyyəti kimi qiymətləndirmək düzgün deyil. İnsan təşəbbüs göstərməyə hazır ola bilər, amma hər qərarın təsdiq gözlədiyi, səhvlərin cəzalandırıldığı və yaxşı təkliflərin cavabsız qaldığı mühitdə zamanla geri çəkilə bilər.
Sahiblənmə mədəniyyəti bağlılıq tələb etməklə qurulmur – insanlara düşünmək, qərar vermək və töhfə göstərmək imkanı verməklə qurulur.
Rəhbərin işi hər şeyi özü həll etmək deyil – insanların problem görmək və həll etmək bacarığını böyüdən mühit qurmaqdır. Nəticəyə sahib çıxmağı gözlədiyimiz adama, həmin nəticəyə təsir etmək imkanı da verməliyik.
Güclü təşkilatlar yalnız tapşırıqları yerinə yetirən insanlarla deyil, gördüyü işin nəticəsinə töhfə vermək istəyən və bunun üçün real imkanları olan insanlarla qurulur.
© ALPHA Coaching & Consulting, 2026
Mənbələr
- Gallup, State of the Global Workplace, aprel 2026
- Gallup, Q12 Meta-Analysis, 10-cu nəşr, 2020
- Gallup, Employees Want a Lot More From Their Managers
- Gallup, The No-Managers Organizational Approach Doesn’t Work
- J. L. Pierce, T. Kostova, K. T. Dirks, Toward a Theory of Psychological Ownership in Organizations, Academy of Management Review, 2001








Şərh əlavə et