Son romanımın üzərində işləyərkən maraqlı bir təcrübə yaşadım. Növbəti səhnəni yazırdım və hər şeyi əvvəlcədən planlaşdırmışdım. O, otağa girəcək. Bu sözü deyəcək. Hekayə də mənim planladığım ssenari ilə davam edəcək.
Amma o, birdən yazdığım cümləni rədd etdi. Ağzından gözləmədiyim bir söz çıxdı. Başqa qapıdan çıxıb getdi. Mən isə barmaqlarım klaviaturada donub qalmış halda ekrana baxırdım: bunu mən düşünməmişdim.
Əvvəllər bu hal məni narahat edərdi. Sanki yazıya hakim deyildim, sanki idarəni əldən vermişdim. Sonra başa düşdüm ki, əsl hekayə məhz həmin andan başlayır.
Çünki kağız üzərində diri olan personaj artıq sənin marionetin deyil. Onun öz səsi, öz nəfəsi, öz məntiqi var. Yazıçının işi onu idarə etmək deyil – onu dinləmək, sonra da ardınca getməkdir. Geriyə baxanda görürəm: ən yaxşı yazdıqlarım heç vaxt əvvəlcədən planladıqlarım olmayıb. Onlar nəzarəti buraxdığım yerdə doğulub.
Bu, ancaq yazıya aid deyil. Bəzən həyatda da hər şeyi planlamaq, hər nəticəni qabaqcadan görmək istəyəndə ən gözəl anları öz əlimizlə bağlayırıq. Çünki ən gözəl şeylər çox vaxt planımızda olmur – onlar buraxmağa cəsarət etdiyimiz yerdə bizi gözləyir.
Bəs siz nəyisə öz axarına buraxanda daha gözəl bir şeylə qarşılaşmısınızmı?
Müəllif: Elçin Əzimli
Yazıçı, biznes kouç və təlimçi
AR Təhsil Nazirliyinin yanında İctimai Şuranın üzvü
“Dan ulduzu” və “Çağrı” romanlarının müəllifi








Şərh əlavə et