Şirkətinizin liderlik strukturu nə qədər güclü olursa olsun, “mükəmməl” idarəçilik sistemi deyə bir şey yoxdur. Hər bir şirkətin zaman-zaman bu sahədə boşluqları və zəif nöqtələri olur. Məhz bu səbəbdən müntəzəm olaraq bu nöqtələri axtarmaq və daxili problemlər yaranmadan öncə, onlara düzəliş etmək çox vacibdir.
Lakin belə boşluqları işıqlandırmaq təkcə bir insanın yaxud sadəcə liderin işi deyil. Bu, komanda işidr və şirkətdəki hər kəs idarəetmə sisteminin inkişafına dəstəyini göstərməlidir. Aşağıda Forbes Kouçlar Şurasının (Forbes Coaches Council) üzvləri mövcud liderlik problemlərinin müəyyən edilməsi və nəzarətdən çıxmadan öncə onların qarşısının alınması üçün öz tövsiyələrini verirlər.
- Biznes məsləhətçiləri ilə tək-tək görüşlər keçirin
Tez-tez olur ki, problemləri insanlar daha tez görür, nəinki liderlər. Lakin, insanlar gördüklərini paylaşmağa bir o qədər də meylli deyillər. Belə məqamda şirkətin izləyə biləcəyi doğru strategiyalardan biri daxili liderlərlə müzakirə etmək üçün xaricdən məsləhətçinin cəlb edilməsidir. İnsanlar əsl düşüncələrini, problemlərini və ideyalarını şirkətdən olmayan biri ilə daha sərbəst bölüşürlər. Kənar mənbənin köməyi ilə bir neçə saat ərzində hansı məlumatlara sahib olacağınızdan təəccüblənəcəksiniz.
- Müxtəlif dəyərləndirmə vasitələrini istifadə edərək, potensial boşluqları tapın
Bazarda, liderə/komandaya/individuala mümkün boşluqları bu boşluqlardan zərər görmədən öncə dəyərləndirmə fürsəti verən çox sayda dəyərləndirmə vasitələri mövcuddur. Dəyərləndirmənin nəticələrini düzgün anlamaq və istifadə etmək onun təsirli olmasının ilkin şərtidir. Mənim sevimli dəyərləndirmə anketlərimdən biri The Leadership Circle Group tərəfindən təqdim edilən Liderlik Mədəniyyəti Anketidir. (Leadership Culture Survey). Bu ortaya çıxan boşluqlarla prioritetlər arasında körpü qura bilməyə yardımçı olacaq.
- Əməkdaşlarınıza anonim sorğular verin, daha sonra onların “feedback”lərinə uyğun hərəkət edin.
Təşkilati gümrahlığı ölçən anonim sorğular və fokus qruplar liderlik boşluqlarını müəyyən edən ən etibarlı yollardan biridir. Əməkdaşlarınız liderlərində olan güclü tərəfləri və digər inkişaf fürsətləri olan nöqtələri dəqiqliklə deyə bilirlər. Lakin hər bir lider/rəhbər üçün spesifik dəyərləndirmə edildiyindən əmin olun. Bu məlumat bazası sizə kouçinq və təlimlər vasitəsilə erkən müdaxilə etməkdə yardımçı olacaq.
- Şirkət olaraq, hansı mövqedə olmaq istədiyinizi müəyyən edin
Əgər şirkət olaraq hansı mövqeyə sahib olmaq istədiyinizi açıq-aydın bilmirsinizsə, o yerə gəlmək üçün əməkdaşlarınızdan nə tələb etməli olduğunuzu heç vaxt bilməyəcəksiniz. Hazırda kim olduğunuzu dürüstcə dəyərləndirin, daha sonra gələcəkdə hansı mövqedə olmaq istədiyinizə qərar verin. Bununla yanaşı, “olduğum mövqedən, olmaq istədiyim mövqeyə necə yüksələ bilərəm?” – deyə özünüzə sual verin. Cavabınız hansı liderlik bacarıqlarına ehtiyacınız olduğunu göstərəcək.
- Liderlər üçün müntəzəm ‘Pit Stops’ yaradın
Liderlərin bilik və bacarıqlarından son damlasına, tükənənə qədər istifadə etməsi tez-tez rast gəlinən hadisədir. Yarış maşınları kimi, onların da rəqabətə davamlı olması üçün müntəzəm olaraq, yenilənmə üçün dayanmağa ehtiyacları var. Aylıq belə dayanacaqlar 4 şeyə fokuslanır: Liderlər nəyi etməyə başlamalı, nəyi etməyi dayandırmalı, nəyi etməyi olduğu kimi saxlamalı və nəyi dəyişdirməlidirlər. Ən yaxşı şirkətlər müntəzəm ‘Pit Stops’ vasitəsilə liderlərin boşluqlarını vaxtında müəyyən edir və problemlərdən uzaq dururlar.
- Hazırda olan və ideal liderlik arasında fərqləri kəşf edin
İdeal liderlik üslubu axtarmaq əvəzinə, şirkətlərin çoxu mövcud olan üslublarını saxlamaq istəyirlər. Biz menecer yoxsa mentor istəyirik? Biz tapşırıqları yerinə yetirəni, yoxsa əlaqələr quranı mükafatlandırmalıyıq? Liderlərimiz proseslərə ilham verir, yoxsa məhsuldarlıq istəyirlərmi? Ciddi müzakirələrə başlayın. Bununla, liderlik üslubunuzda olan boşluğun genişliyini dəqiqliklə ölçəcəksiniz.
- Gələcəyin “parlayan ulduzları” və şirkətinizə töhfə verən əməkdaşlarınız üçün kouçinq investisiyası edin
Şirkətinizdəki belə potensiallara özəl yanaşma, yaxud kouç dəstəyi olmadan özbaşına buraxmaq atletləri hazırlıq olmadan olimpiadaya göndərməyə bənzəyir. Kouçinqdən ən müxtəlif sahələrdə aşağı performansı əməkdaşların reabilitasiyası, potensial əməkdaşları düzgün yönləndirilməsi üçün istifadə edirlər. Kouçinq liderlikdəki boşluqların genişlənməsinin vaxtında aradan qaldırmağa dəstək olur.
- “Feedback” (geri bildiriş) mədəniyyəti yaradın
Liderlik bacarıqları haqqında geri bildirişlər toplamaq üçün dizayn edilmiş bir mühit formalaşdırmaqla, bu sahədəki boşluqları asanlıqla ayırd edə və gələcək uğurlarınızın planını hazırlaya bilərsiniz. Məsələn, 360 dərəcə qiymətləndirmə liderlik effektivliyini, eyni zamanda şirkətin performans və dəyişiklik planlarını necə idarə etməsi haqqında aydın təsəvvür yarada bilər. Şirkətinizin sahib olduğu bu mədəniyyət həm fərdlərin, həm də xidmət səviyyənizin növbəti mərhələyə keçməsində kompas rolunu oynayacaq.
Müəllif: Forbes Kouçlar Şurası
Tərcümə: Lalə Rəsulova | coaching.az
© 2018 · coaching.az