coaching.az |

Xoşbəxtlik xoş düşüncələrlə başlayır

Uşaqlar davamlı şəkildə mız-mız edib şikayətləndiyi və hər şeyə ağız büzdüyü zaman onların bu hərəkəti biz böyüklərin xoşuna gəlmir və o dəqiqə danlağa başlayırıq. Deyirik ki, naşükürlük etməyin, əlinizdə olanın dəyərini bilin, axı başqa uşaqlarda heç bu da yoxdur, durmadan mızıldanmaq yaxşı xasiyyət deyil və s.

Bəs eyni davranışları təkrarlayan böyüklərə nə deyəsən? Sahib olduqlarını unudub, əlindəkiləri bəyənməyən və nə istədiyi bilinməyən mızmızlar böyüklərin də arasında çox deyilmi?

Təəssüf ki, davamlı şəkildə narazıçılıq və deyingənlik, heç nə ilə qane ola bilməmək hissi cəmiyyətimizin tərzinə və xarakterinə çevrilib. Ətrafımız mənfi düşüncələrlə yüklü, məyus, ümidsiz, önünü görə bilməyən, başına gələnlərdə özlərindən başqa hər kəsi günahlandıran insanlarla dolub, daşır.

Əksəriyyət nələrdənsə narazı və şikayətçidir. Əksəriyyət bədbdindir, gileylənir, ittiham edir – bir-birlərini, höküməti, cəmiyyəti, zəmanəni, mədəniyyətsiz və cahil insanları, təbii fəlakətləri, massonları, dini sektaları.

Hamı dəyişiklik istəyir. Hamı dəyişiklik tələb edir.

Belə baxanda, dəyişikliklər insanların təbii haqqıdır. Hər birimiz daha yaxşı və özümüzü xoşbəxt hiss edəcəyimiz mühitdə və cəmiyyətdə yaşamaq istəyirik.

Amma…

Bu işin çox böyük amması var!..

Sadəcə şikayət etməklə işlər düzəlməz  – dəyişiklik istəyiriksə, biz də o dəyişikliyin bir parçası olmalıyıq. Biz özümüz dəyişmədən heç nəyin dəyişməyəcəyini dərk etməliyik. Hər şey bizdən – məndən, səndən, fərdlərdən asılıdır. Dəyişikliklər bizimlə bizdən başlamalıdır.

Misal üçün, təhsil sisteminin düzəlməsini istəyiriksə, ilk başda öz təhsilimizin təkmilləşməsinə diqqət yetirməliyik. Təhsil sadəcə orta və ali məktəblərdə əldə etdiyimiz biliklərin məcmusu deyil. Davamlı şəkildə özünü inkişaf etdirməyən, kitab oxumayan, biliklərini yeniləməyən insan təhsil sistemini tənqid etməkdən utanmalıdır.

Sadəcə istəməklə də düzəlməz – qollarımızı çirmələyib, dizimizi, çiynimizi ağır yükün altına qoymağı bacarmalıyıq.

Bizlər isə bunu etmirik. Dəyişikliklərin çətinliyinə, əməyinə qatlanmaq istəmirik, biləyimizi, ürəyimizi ortaya qoymuruq və sadəcə dilimizə güc veririk. Danışırıq, vır-vır-vır danışırıq. Ən yaxşı bacardığımız iş deyinməkdir, gileylənməkdir.

Bu qədər narazı əhval-ruhiyyə və şikayətlər bizi hara aparacaq? Bu deyinmələrin, bezginliklərin və mənfi enerji axınının sonu olmayacaqmı?

Şükür neməti artırır.

Həyatlarında böyük itkiləri və çətinlikləri olan insanları tanıyıram. Belə baxanda, deyinməyə daha çox onların haqqı çatsa da, müdrikcə və sakit şəkildə həyata yenidən başlamağın planları üzərində işləyirlər. Xırdaca baş ağrısı olanlar isə tam tərsinə, özlərinə əl qatırlar – lap körpə uşaqlar kimi.

Ağlamaqla, sızlamaqla uşaqlardan başqa indiyə kimi heç kimsə nəyəsə nail olmamışdır. Uğursuzluqlarımızın səbəbi taleyin və dünyanın əleyhimizə ittifaq qurmasında deyil, həyatımızı qurmaq üçün bizə verilən enerjini boş-boş şikayət və narazılıqlara sərf etməyimizdədir. Düşüncə və duyğu tarazlığınızı itirməyimiz həyatımızda büdrəmələrə gətirib çıxarır. İndiyə qədərki “ah-uflar” bizə bir fayda gətirməyibsə, bundan sonrakı ömrümüzə heyfimiz gəlsin – bir də müsbət düşünməyi sınaqdan keçirək.

Müsbət düşünmək – illüziyalar içərisində saga-sola təbəssüm paylamaq demək deyil. Müsbət düşüncə – tək və mühafizəkar düşüncəni kənara qoyub, fərqli baxış bucaqları ilə faydalı fürsətlərə yönəlməkdir; inamla, ümidlə, həvəslə. Müsbət düşüncə müsbət dəyişikliklərə “hə” demənin və “hə”rəkətə keçməyin başqa bir adıdır.

Biz insanlar bu dünyaya yaşamaq üçün gəlmişik, sürünmək üçün deyil. Həyatdakı ən böyük məqsədimiz xoşbəxt olmaqdır. Xoşbəxtlik dünyaya gəlirkən bizə cehiz kimi verilməz – onu əldə etməyi bacarmalıyıq. Xoşbəxtliyi kimsə gətirib ovucumuza qoymaz – onun üçün mübarizə aparıb, əldə etməyi bacarmalıyıq.

Çox sevdiyim bir hekayəni sizinlə paylaşıram.

Bir gun Yaradan gildən insanı yaratdı və bir az istifadə olunmamış gil parçası qaldı.
– Bu qalan gildən sənə nə düzəldim? – deyə Yaradan insandan soruşdu.
– Xoşbəxtlik istəyirəm – deyə insan dilləndi.
Yaradan cavab vermədi. Sadəcə, qalan gil parçasını insanın ovcuna qoydu.

Bəli, Yaradan tərəfindən bizə xoşbəxtlik adlı son məhsul verilməsə də, onu meydana çıxaracaq xammal verilmişdir. Həyat emalatxanamızda bu xammalı mahir ustalar kimi yoğurub, emal edib, həyatımızdan şah əsər yaratmalıyıq. Bu xammal – sağlam düşüncə və sağlam ruhdur.. Yetər ki, istəyək. Yetər ki, inanaq.

Mənfi düşüncələr, deyinmələr, dedi-qodular uğursuz və tənbəl insanların ən böyük yalanlarıdır. Onlar uğursuzluqlarını bu yalanlarla ört-basdır etməyə çalışır və günahı başqalarının-kənar təsirlərin üzərinə atırlar.

Güclü və uğurlu insanlar isə mız-mızlanmağı özlərinə sığışdırmazlar. Onlar üçün bəhanələr yox, fürsətlər vardır. Uğurlu insanlar heç zaman özlərini həyatda qurban kimi görməzlər. Onlar təslimçi deyil, mübariz ruhlu insanlardır.

Ətrafda baş verən mənfi hadisələr bizləri aldatmamalı və ruhdan salmamalıdır. Dünya yaranandan bu yana mənfi hadisələr mövcuddur və dünya ayaqda duranadək mövcud olacaq. Bizlər bizi ruhdan salacaq mənfi misallara deyil, tam tərsinə, ümid verəcək, nikbinlik yaradacaq müsbət nümunələrə fokuslanmalıyıq.

Bir ətrafınıza nəzər salın. Diqqətlə baxın. Bir də xoşbəxt insanları görməyə çalışın. Xoşbəxtləri kəşf edib, onları anlamağa cəhd edin. Sayları az olsa da, onlar var, onlar mövcuddurlar. Xoşbəxtlik mümkündür. Ancaq, unutmaq lazım deyil ki, xoşbəxtlik qiymətli xəzinədir və bu xəzinəyə ancaq onun dəyərini anlayan və onu əldə etmək istəyən insanlar sahib ola bilərlər. Xoşbəxtlik sadə olsa da, əldə olunması çətindir. Buna görə də ona sahib olanların sayı azdır. Onlar deyinməyən, donquldanmayan, tam tərsinə sakit və müdrik şəkildə xoşbəxtliyini qurmağa çalışan, zər qədri bilən zərgərlərdir.

Xoşbəxt olmaq üçün onun nə olduğunu dərk etmək lazımdır. Xoşbəxtliyi kəşf etdiyiniz anda anlayacaqsınız ki, o, insanların kabuslarında mövcud olduğu kimi qəliz və əlçatmaz deyil. Xoşbəxtlik – çox sadədir. Xoşbəxt olmaq üçün dünyanın zənginliklərinə və ya hakimiyyətinə ehtiyac yoxdur. O, böyük var-dövlətlə alına bilməyən xırda və sadə detallarda gizlidir. Xoşbəxtliyi xoş davranışlarda, günəş şüasının ilıq parıltısında, mehin sığalında, uşağın gülüşündə, sevdiyin insanın təbəssümündə axtarın. Xoş-bəxt olmaq üçün dünyaya xoş davranışlar yayın. Bu xoş davranışlar xoş-bəxtlik şəklində mütləq bir gün sizə geri qayıdacaq.

Külliyən xoşbəxt həyat mümkün deyil, bəşər tarixi boyunca bu nümunəyə rastlanmamışdır. Həyatın hər anı rəvan və sakit olmaz və olmayacaq şey üçün mızıldanıb, narazı qalmağa, yersiz gözləntilər qurmağa dəyməz.

Xoşbəxtlik çatılası mənzil ya da ki, məkan deyil, yoxdur belə bir yer. Xoşbəxtlik bir həyat tərzidir. Bu həyat tərzinə doğru gedilən yolun başqa bir adıdır xoşbəxtlik. Bu yol uzun, dolanbaclı, daşlı-kəsəkli olsa da, xoşbəxtlik yoludur. Bu yolu daşı ilə, kəsəyi ilə sevmək lazımdır.

Sevinc – xoşbəxtliyin başlanğıcıdır. Ancaq, kədər olmadan sevinc olmaz.  Kədərdən xilas olmadan sevinc yaranmaz. Sevinc kədərin sonudur, onunla bağlıdır.

Sevinmək üçün isə sevmək lazımdır. Sevməsən kədər səndən uzaq durmaz. Xoşbəxtlik sevgidə gizlidir, nifrət sahibləri onun nə olduğunu heç vaxt anlamayacaqlar.

Sağlamlıq – böyük xoşbəxtlikdir. Ancaq, xəstəlik olmadan sağlam olduğumuz anlaşılmaz. Dünyada xəstəliklər olmasaydı və biz sağalmasaydıq, sağlamlıq da xoşbəxtlik sayılmazdı.

İşıq – birbaşa və ya məcazi mənada – xoşbəxtliyin qapısıdır. Ancaq, unutmayaq ki, işıq öz parlaqlığını qaranlığa borcludur.  İşıq qaranlıqda doğulur. Qaranlığa işığa səbəb olduğu üçün təşəkkür etməyi bacarmalıyıq.

Bizlər kədərdən, xəstəliklərdən və ya qaranlıqlardan çox şikayət etməməliyik – onlar xoşbəxtlik yolunun daşıdır, kəsəyidir və kim bilir, bəlkə də xoşbəxt ola bilməyimiz üçün bizə göndərilən mesajlar və fürsətlərdir.

Əlbəttə ki, sadəcə əlimizdəkilərlə qane olmayacağıq, hər zaman böyük hədəflərimiz olacaq, daha yüksək zirvələrə çatmağa çalışacağıq. Ancaq, unutmayaq: zirvələrə ancaq gərgin əmək, inam və ruh yüksəkliyi ilə qonmaq mümkündür, deyinmək və şikayətlənməklə deyil. Davamlı şəkildə gileylənmək və narazılıq etmək içimizdəki əzmi və ruhu öldürən təhlükəli davranışlardır.

Deyingənlik ətraf dünya ilə aramızdakı məsafəni böyüdə və hər kəsi bizdən uzaqlaşdıra bilər. Davamlı şəkildə şikayətlənən, heç nədən razı olmayan, hər işə bir qulp qoyan insanlar enerji vampirləri olduqları üçün başqaları tərəfindən sevilmir və uzaq tutulurlar.

Son olaraq, qarnı ac olduğu üçün ancaq uşaqlar oturub ağlayar və yeməyin ayaqlarına qədər gətirilməsini istəyərlər. Böyük insanlar isə ayağa qalxar və yeməklərini özləri təmin edərlər. Uşaqlığı geridə qoyub, böyüməyin və püxtələşməyin vaxtı çoxdan gəlmişdir. Gəlin, yetkin insanlar kimi davranaq!..

İndi isə, yenidən ətrafınıza nəzər salın; xoşbəxt ola bilməyən insanların nə üçün xoşbəxt ola bilmədiklərini anladınızmı?

Elçin Əzimli
Biznes kouç və təlimçi
“Dan ulduzu” romanının müəllifi

© 2020 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.