Dünən Elon Musk haqqında yazılmış bir kitabı oxuyub bitirdim və bu kitabdan çox şey öyrəndim. Bu kitabın hələ də məni düşündürən cümlələri zehnimdə səyahət etməkdədir. Amma, bu yazıda onların hər birini tək-tək paylaşmayacağam. Sadəcə, bu yazım kitabı oxuyarkən bir an durub düşünməyimə səbəb olan, məni heyrətə salan paraqraflardan birində yazılanlar haqqında olacaq. Bu paraqrafda, Elon Muskla bir müddət dostluğu olmuş bir xanım bir gecə telefonla söhbətləri zamanı onun (Muskın) dilə gətirdiyi bir arzusu ilə bağlı xatirəsini bölüşür. Bu arzu özündə nəhəng uğurlara imza atmağın, hansısa bir sahədə/sahələrdə inqilabi yeniliklər edə bilmənin sirlərini gizlədir.
Bu paraqrafdakı xatırəni nəql edən xanımın adə Christiedir. İlk tanışlıqları Muskın ad günü qonaqlığında olmuşdu. Bu tanışlıqlarından sonra uzun müddət fərqli vaxtlarda telefonla əlaqə saxladıqlarını, Muskla söhbətlərinin çox maraqlı olduğunu, o, hətta bir gecə telefonda Muskın ona dedikləri haqqında “həyatımdakı ən qeyri adi anlardan, təcrübələrdən biri idi” deyə bəhs edir. Məhz dediyim o sirr də o gecə Muskın Christie ilə paylaşdığı bu cümlələrdə idi: “Yemək yemədən yaşamağın bir yolunu tapa bilsəydim, daha çox işləyə bilərdim. Kaş, lazımlı qidaları yemək üçün oturmağa ehtiyac qalmayacaq şəkildə qəbul etmənin bir yolu olardı”.
Yəni, qısacası, Musk arzu edirdi ki, evdə, restoranda oturub yemək üçün vaxt sərf etməsin, amma yenə də hansısa yolla ehtiyac duyduğu qidaları qəbul etmənin bir yolunu tapsın. Bununla da, yeməyə sərf edəcəyi vaxtı, işə və işləməyə sərf etsin. 🙂
Burada mənim diqqətimi çəkən bir nüans var; O da Muskın daha o vaxtlardan işləməyə, əməyə qarşı olan arzusu və istəyidir. Bu niyə diqqətimi çəkdi? Niyə bu haqda yazmağa qərar verdim?
Çünki, hazırda uğurun, qalibiyyətin, zəfərin sirrlərini, fəlsəfəsini, qızıl qaydalarını öyrətdiyini vəd edən bir çox məşhur mütəxəssislərin, kouçların, təlimçilərin və onların kitablarının, məqalələrinin dedikləri kimi – pozitiv düşüncə, oturub xəyallar qurma, kainatın kömək etməsini ümid etmə, qalaktiklara mesajlar göndərmə, öz-özünə müsbət təlqinlərlə mesajlar vermə və.s kimi fərqli metodlar çox dəbdədir.
Amma, real iş, əmək, zəhmət, icraat olmadan.
İnsanın hədəfi uğurunda mübarizə zamanı sərf etməli olduğu QTG (Qan + Tər + Gözyaşı) -ni gözardı edərək böyük uğurlar qazanacağını düşünmək, inanmaq və bu fəlsəfə ilə yaşamaq uğura deyil, möhtəşəm uğursuzluqlara aparan bir yoldur…
Yuxarıda yazdıqlarımın da faydaları var əlbəttə; Amma, işləməyə həvəs olmadıqdan sonra. Əmək sərf etməyə könülsüzlük olduğu halda. Yorulmaq narahat etdikdən sonra. Mübarizə zamanı yaşayacağı krizisləri anormal qəbul etməklə, həyatı ədalətsizliklə suçlamaqla. Tər tökmədən əngəlləri tərpətməyi arzulamaqla ciddi uğrular qazanmaq xoş və saf bir xəyaldan başqa bir şey deyildir.
Bunun üçün də, indi özümüzdən soruşaq və cavab verək:
- Uğurlu olmağımı nəyə və nələrə bağlayıram?
- Oturub pozitiv xəyallar qurmağımı daha çox istəyirəm, yoxsa qollarımı çirmələyib işə başlamağımı?
- Zəhmət çəkmək, əmək sərf etmək, yorulmaq məni qorxudur, narahat edir, yoxsa gündəlik həyatımın bir normal hissəsi kimi baxıram bunlara?
Bu yazıda verilən mesaj yemək yeməyək, günün oyaq olduğumuz hər saatını işləyək demək deyil əsla. Buradakı mesaj sadəcə budur: Hədəflərinizi, xəyallarınızı reallaşdırmaq üçün İŞLƏMƏYƏ nə qədər istəklisiniz? İCRAAT istəyiniz nə dərəcədədir? Kainatın, qalaktikaların gəlib sizi uğurlu etməsini, sehirli xalatın sizi xəyalalrınıza aparmasınımı ümid edir, gözləyirsiniz, yoxsa “işləməyən, dişləməz” milli düsturumuza inanıb, daha nə qədər çox işləyə bilərəm sualınamı cavab axtarırsınız?
Hərbirimizin tanıdğı uğurlu insanlar var – hansılara ki, heyranlıqla baxırıq və onlar kimi uğurlu olmağı arzuladığımızı deyirik. Amma, onlar qədər işləməyi, fədakarlıqlar etməyi, zəhmət çəkməyi də arzuladığımızı özümüzdə sorğuladıqmı?
Elon Musk sizin arzularınızı reallaşdırmaq üçün işləmək istəyinizi və bu istəyinizin şiddətini sorğulasaydı və imtahan etsəydi, sizcə 100 üzərindən neçə alardınız?
İsmayıl Vəliyev | Harvard Universiteti
Wikipediadan arayış:
Elon Musk (şəkildə: soldan ikinci)- Cənubi Afrika Respublikasında doğulmuş, ABŞ-Kanadalı biznesmen, mühəndis, ixtiraçı və investordur. Hal-hazırda SpaceX-da icraçı (CEO) və texniki (CTO) direktor, Tesla Motors-da icraçı direktor (CEO) və SolarCity-nin sədridir. O, Paypal, SpaceX, Tesla Motors və Zip2 şirkətlərinin qurucusudur.
© 2017 | coaching.az