coaching.az |

Tolstoy velosiped sürməyi necə öyrəndi?

Öyrənməyin yaşı yoxdur deyənləri bu düşüncələrində haqlı çıxaran bir çox müsbət nümunə mövcuddur. Tolstoyun qoca yaşında velosiped sürməyi öyrənməsi bunlardan biridir.

ABŞ-ın Scientific American jurnalı özünün 1896-cı ilə aid bir sayında yazırdı ki, qraf Lev Tolstoy velosiped sürməyə başlayıb və bu hərəkəti ilə yaşadığı yerin kəndlilərini heyrətə gətirib. Bu hadisə Tolstoyun 67 yaşında, 7 yaşlı oğlu İvanın ölümündən sonra baş vermişdi. Bu ağır itki ona çox pis təsir göstərmişdi.  Moskva Velosipedsevərlər Cəmiyyətində olan dostları yazıçıya mənəvi dəstək olmaq üçün ona ingilis markası olan “Rover” velosipedini hədiyyə etmə qərarına gəlirlər. Bu velosiped hal-hazırda L. Tolstoyun onun ev-muzeyində nümayiş etdirilir.

Tolstoy velosiped sürməyi Moskvada Manej adlanan binanın həndəvərində öyrənmişdir. 15 aprel 1895-ci ildə o, öz gündəliyində belə yazırdı: “Başa düşmürəm ki, bu məşğuliyyət məni niyə cəlb edir? Yevgeni İvanoviç bu işdən məni çəkindirməyə çalışır və heyfslənir ki, mən sürməyə davam edirəm və heç vicdan əzabı da çəkmirəm. Tam tərsinə, hiss edirəm ki, burada nəsə təbii çılğınlıq var və mənim vecimə deyil ki, haqqımda nə düşünürlər. Ümumiyyətlə, burada hər hansı bir günah yoxdur və uşaq kimi məni əyləndirir.”

Tolstoyun bu fəaliyyətindən narazı olanların və onu qınayanların başında həyat yoldaşı Sofiya Andreyevna gəlirdi. O, oğlu Levə yazırdı: “İndi o, sağlamdır. Bütün günü velosipeddə gəzir və bununla məni narahat edir. Çünki, hamı bunun zərərli olduğunu deyir. Bir dəfə o velosipedlə qəza keçirib, ayağı dizindən aşağı zədə alıb. Atan sağlamdır, böyük həvəslə povestini yazır və velosipedində çox səyahət edir. Atan velosipedlə Tulaya gedib”.

Tolstoy öz velosipedi ilə. Yanındakı xanımı Sofiya Tolstoyadır.

Yazıçının qızı Tatyana özünün xatirələrində yazırdı ki, atasının necə böyük yumor hissi ilə bir xanımla toqquşmasından danışmasını xatırlayır: “Gülməli hadisələr baş verir – o, danışırdı  – maneələr məni özünə idarəolunmayacaq şəkildə cəzb edir və əvvəl-axır mən onlarla toqquşuram. Bu xüsusən mənim kimi velosipeddə sürməyi öyrənən o kök xanıma aiddir. Onun lələkli şlyapası var və onların yellənməyini görən kimi hiss edirəm ki, mənim velosipedim inadla onun üzərinə gedir. Bu xanım ciyiltili qışqırtısı ilə məndən qaçmaq istəyi, ancaq əbəs yerə. Əgər velosipeddən tullanmağa macal tapmasam, mən məcburi şəkildə onunla toqquşur və üstünə düşürəm. Bu hadisə bir neçə dəfə baş vermişdir. İndi mən Manejə o xanım orada olmayan vaxtlarda getməyə çalışıram. Öz-özümə sual verirəm – qaçmalı olduğumuz halların bizi daha çox cəzb etməsi qanunu qaçılmazdırmı?“

Tolstoy velosiped sürməyi peşəkar şəkildə öyrəndikdən sonra Moskva küçələrində sərbəst sürürdü və hətta, yaşadığı Yasna Polyanadan 15 km uzaqlıqda olan Tula şəhərinə da velosiped səyahətləri edirdi.

Ümumiyyətlə, 82 yaşında vəfat edən L.Tolstoy bütün həyatı boyu aktiv insan kimi tanınmışdır. O, hər gün səhər tezdən oyanır, gimnastika ilə məşğul olur və havanın necə olmasından asılı olmayaraq, səhər gəzintilərini heç vaxt ehmal etmirdi. Yaxşı üzgüçü idi. Ara-sıra at sürücülüyü ilə də məşğul olurdu. Ov etməyi də sevən yazıçı bir dəfə az qala dişi ayının qurbanı olacaqdı.

Tolstoyun fiziki sağlamlığı mənəvi və zehni sağlamlığının da təminatı idi. Belə ki, o davamlı şəkildə möhtəşəm əsərlər yazır, cəmiyyətin bir çox təbəqəsindən olan insanlarla yazışmalar edir və görüşür, şahmat oynayır, pianinoda ifa edir, incəsənətlə məşğul olurdu. Bundan əlavə, kəndlilərlə birlikdə tarlalarda işləmək onun sevimli məşğuliyyətlərindən idi.

İ.Repin – “L.Tolstoy şumda” – 1887

Gəzinti yazıçının sevimli məşğuliyyəti idi. O, hər gün gəzirdi və gəzdiyi yerləri təkrarlamamağa çalışır, yeni cığırlar axtarırdı. 58 və 60 yaşlarında o, yaşadığı Yasnaya Polyanadan Moskvaya 3 dəfə piyada getmişdi. Əlində əsa və çiyin torbası ilə o, 200 km olan bu məsafəni 5-6 günə qət etmişdi.

Tolstoya ən yaxın adamlardan olan böyük rus yazıçısı Bulqakov yazırdı ki, Tolstoy həyatının Moskva mərhələsində(1882 -1901) ciddi rejiminə sadiq idi: o, hər gün saat 6.00-da fabrik fitinin səsinə oyanır, öz otağını yığışdırır, soyuq su ilə yuyunur və 7 funtluq qantellərlə idman edirdi ki, əzələləri zəifləməsin.

Tolstoy 14 iyun 1850-ci ildə özünün gündəliyində belə yazırdı: həyat tərzini sadəcə növbəti gün üçün deyil, növbəti il, növbəti bir neçə il, hətta bütün ömür üçün planlama vərdişini qazanmaq lazımdır. Bu planlamalara neçə gün sadiq olsam, bu qədər gün də qabağa özümə tapşırıq verməliyəm.

14 iyun üçün tapşırıqlar: saat 09.00 – 10.00 arası yaxalanmaq və gəzinti, 10.00 – 12.00 arası musiqi, 18.00 – 20.00 məktublar, 20.00 – 22.00 təsərrüfat və kontora işləri.

15 iyun üçün – dünənə təyin olunmuş bütün işləri dəqiqliklə yerinə yetirdim.

Şahmat Tolstoyun sevimli məşğuliyyətlərindən idi. Bu şəkil 1908-ci ildə Yasnaya Polyanada çəkilmişdir. O, burada Rusiya I Dövlət Dumasının deputatı M. Suxotin ilə şahmat oynayır.

Nəticə: Həyatımızın keyfiyyəti öz əlimizdədir; istəsək ondan şedevr yarada bilərik – dahi yazıçı Lev Tolstoyun həyatında olduğu kimi.

Elçin Əzimli
Biznes kouç və təlimçi

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.