coaching.az

Hərənin öz yolu

Başqasına kömək etmək gözəl davranışdır. Kiməsə əl uzatmaq insanın ruhunu parladır, könlünü açır. Amma köməyin də bir həddi var. O həddi keçəndə – çox vaxt fərqinə belə varmadan – kiminsə öz çiynində daşımalı olduğu yükü öz üstünə götürürsən.

Başqasının həyatındakı nəticələri onun əvəzinə dəyişməyə çalışmaq, onun yaşamalı olduğu təcrübəyə müdaxilə etmək deməkdir. Şərq düşüncəsində buna karma deyərlər – yəni, insanın öz əməlləri və seçimlərinin nəticələri ilə üzləşməsi. Sən o nəticələri onun əvəzinə daşıyanda, əslində təkcə yükü deyil, həmin üzləşmədən doğacaq dərsi də onun əlindən alırsan. Bu işdə ustalıq harada başlamağı yox, harada dayanmağı bilməkdədir.

Alınmayan dərslər

Ətrafına bax. İllərdir eyni dairə üzərində fırlanan insanlar görəcəksən:

Onu incidən münasibətə hər dəfə “bu, son olsun” dedikdən sonra qayıdan bir dostunu.

Eyni səhvi dönə-dönə təkrarlayan yaxın bir adamını.

Dəfələrlə eyni nəticə ilə üzləşdiyi halda heç nəyi dəyişməyən birini…

Sən nəsihət verirsən, xəbərdar edirsən. Onun yerinə telefonu götürürsən, problemini həll edirsən, onu düşdüyü çuxurdan öz əllərinlə çıxarırsan.

O isə bir müddət sonra yenə həmin yerə qayıdır. Yenə eyni münasibət. Yenə eyni səhv. Yenə eyni nəticə.

Sən isə hər dəfə onun həyatından bir az da yorğun, özündən bir parça əskilmiş çıxırsan. Çünki kömək etməklə xilas etmək eyni şey deyil. Kömək etmək insanın yanında olmaqdır; onun həyatını isə onun əvəzinə yaşamağa çalışmaq – batmaqda olan birinin ardınca suya atılmaqdır. Çox vaxt özümüzün nə qədər dərinə getdiyimizi çox gec anlayırıq.

Çay və daş

Zen düşüncəsində gözəl bir bənzətmə var: çay batmağı seçmiş daşı qaldıra bilməz. Su onun yanından sakitcə axa bilər, üzərindən aşıb keçə bilər. Amma öz axarını dəyişib daşı zorla üzə çıxarmağa çalışsa, artıq çay olmaqdan çıxar. Bəzən suyun ən böyük mərhəməti daşı olduğu yerdə buraxmaqdır.

İnsan münasibətlərində də belədir. Sən bir insana yol göstərə bilərsən, amma o yolu onun yerinə gedə bilməzsən.

Sözün onu oyadırsa, bu, onun qazancıdır. Oyatmırsa, bəlkə də bir nəsihət daha deməyin vaxtı deyil – geri çəkilməyin vaxtıdır.

Anlamağın öz vaxtı var

İnsanlar müxtəlifdir. Bəziləri başqasının dərsini müşahidə edərək dərs alır. Bəziləri düşünərək anlayır. Bəziləri başına gələndən sonra. Bəziləri yalnız itirdikdən sonra. Bəziləri də var ki, ömrünün sonunadək eyni dərsin qarşısında gözünü döyüb qalır.

Bir müsibət min nəsihətdən üstündür.

Atalar sözü

Başqasının həyatındakı yolların heç biri sənə aid deyil. Sən o insanı sevə bilərsən, onun üçün narahat ola bilərsən, həyatının başqa cür olmasını ürəkdən arzulaya bilərsən – amma onun dərsini onun əvəzinə öyrənə bilməzsən.

Ona görə də qalxmaq istəməyən adamı zorla ayağa qaldırmağa çalışma. Yoxsa xilas etmək istədiyin əl səni də özü ilə dibə çəkər. Çünki hər dəfə yıxılan insanı qaldırmaq, əslində onun öz ayaqları üstə durmağı öyrənməsinə mane olmaqdır.

Bunu laqeydlik sanma. Əksinə – bu, insana göstərə biləcəyin ən dərin, ən çətin hörmətdir: onun seçiminə hörmət etmək, öz həyatının məsuliyyətini daşımasına mane olmamaq.

Karma da elə bir az bununla bağlıdır. İnsan öz seçiminin nəticəsindən daim qorunduqca, o nəticənin ona nə demək istədiyini heç vaxt eşitmir.

Dünyaya yalnız mərhəmət gözü ilə baxanda hər kəs sənə xilas edilməyə möhtac görünür. Amma bəzən insanın təkrar-təkrar üzləşdiyi çətinlik təsadüf yox, hələ eşitmədiyi bir cavabdır. Onu bu cavabdan qorumaq, əslində onu susdurmaqdır.

Bu, cəza deyil. Bu, həyatın öz səssiz qanunudur. Sən adını ədalət də qoya bilərsən.

Harada dayanmalı?

Bəzən insanın yanında olmaq onun qarşısındakı bütün maneələri aradan qaldırmaq deyil. Bəzən sadəcə yanında dayanıb, növbəti addımı onun özünün atmasına imkan verməkdir.

Kiminsə karmasından geri çəkilmək onu taleyin qucağına atmaq deyil. Bu, həm onun, həm də sənin öz yolunuzda yeriyə bilməyiniz üçün çəkilməli olan o incə sərhəddir. Sərhəd olmayan yerdə isə nə sən özün olursan, nə də o.

Bu gün bir dəqiqə dayan və özünə bir sual ver: həyatımda kimə həddindən artıq kömək edirəm?

Bəlkə bu dəfə bir addım geri çəkiləsən. Növbəti yükü onun öz çiyninə götürməsinə imkan verəsən.

Çünki bəzən insan üçün edə biləcəyin ən böyük yaxşılıq – onun yükünü daşımağı dayandırmaqdır.

Müəllif: Elçin Əzimli
Yazıçı, biznes kouç və təlimçi

Şərh əlavə et

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.