coaching.az

Tənqidi düşüncə: aydın qərarların bünövrəsi

Hər gün onlarla qərar veririk: hansı xəbərə inanaq, hansı rəqəmə güvənək, hansı təklifi qəbul edək. Məlumat üzərimizə yağır, vaxt azdır və çox vaxt düşünməyə macal tapmadan “bilirəm” deyirik. Maraqlısı budur ki, bu problem yeni deyil – insan bu sualın cavabını əsrlər boyu axtarıb.

Eramızdan əvvəl V əsrdə, Afina meydanlarında Sokrat şagirdlərinə hazır cavablar vermirdi – onları suallarla öyrədirdi. “Bunu haradan bilirsən?”, “Əgər bu doğrudursa, ondan nə çıxır?”, “Bəlkə başqa cür də ola bilərdi?” Onun məqsədi hazır biliyi təqdim etmək deyil, insanı öz fikrini yoxlamağa vadar etmək idi. Sokratın”Mən yalnız heç nə bilmədiyimi bilirəm” kəlamı da aciz bir etiraf deyildi – aydın düşüncənin başlanğıc nöqtəsi idi. Çünki insan yalnız bilmədiyini qəbul edəndə soruşur, soruşanda isə düşünməyə başlayır.

Sonrakı əsrdə Aristotel düşüncənin özünə qayda-qanun gətirdi. O, doğru mühakimənin qanunlarını – silogizmi və formal məntiqi – ilk dəfə sistemə saldı. Sokrat düzgün sualı verməyi öyrədirdisə, Aristotel həmin sualdan doğru nəticəyə necə gedildiyini göstərdi: fikri addım-addım, ardıcıllıqla qurmağın yolunu.

Bir qədər sonra Pirron və şübhəçilər (skeptiklər) başqa bir dərs verdilər: “epoxe” – mühakiməni təxirə salmaq. Bu, qərardan qaçmaq deyildi; kifayət qədər əsas yaranana qədər hökmü dayandırmaq, tələsik “bilirəm” deməmək bacarığı idi. Beləliklə, tənqidi düşüncənin üç sütunu hələ iki min il əvvəl qoyulmuşdu: doğru sual, doğru məntiq və vaxtından əvvəl verilməyən hökm. Bu, yeni bir “trend” deyil – insanın müdrikliyə gedən yolunun ən qədim hissəsidir.

Bütün dövrlər üçün aktual sual

Əsrlər keçib, amma sual dəyişməyib. Bu gün Dünya İqtisadi Forumunun (WEF) “Future of Jobs 2025” hesabatında analitik düşüncə üçüncü dəfə üst-üstə işəgötürənlərin bir nömrəli əsas bacarığıdır – şirkətlərin təxminən 70%-i onu vacib sayır. Kritik düşüncə isə bu bacarığın ayrılmaz özəyidir. Analitik düşüncə məlumatı parçalarına ayırıb təhlil edir; kritik düşüncə həmin təhlilin nə qədər etibarlı olduğunu, hansı fərziyyələrə söykəndiyini yoxlayır. Biri məsələni həll edir, digəri məsələnin doğru qoyulub-qoyulmadığını soruşur.

Süni intellektin cavabları saniyələr içində təqdim etdiyi bir dövrdə bu, təsadüf deyil. Maşın sürətlə cavab verə bilər; hansı sualın verilməli olduğunu, cavabın etibarlı olub-olmadığını, arxasında hansı fərziyyələrin dayandığını qiymətləndirmək isə insanın işi olaraq qalır.

Üstəlik, 21-ci əsr çatışmazlıq deyil, bolluq əsridir. Bir zamanlar bilik nadir idi, onu tapmaq özü güc tələb edirdi; bu gün isə məlumat hər yerdədir – saniyədə minlərlə axır, üzərimizə yağır. Amma bolluq özü-özlüyündə dəyər deyil. Əsl məsələ bu bilik okeanının içində ən doğru sahilə yönəlməkdir. Güc artıq çox məlumata sahib olmaqda deyil, doğru məlumata sahib olmaqdadır – və doğrunu yanlışdan, faydalını gurultudan ayıran məhz kritik düşüncədir. Bu filtr olmadan bolluq nemət yox, çaşqınlıq mənbəyinə çevrilir.

Kritik düşüncə nədir və nə deyil?

Bəzən “kritik” sözü çoxlarını yanıldır. Gündəlik dildə “kritika” qüsur axtarmaq, tənqid etmək deməkdir – amma kritik düşüncə bununla eyni şey deyil. Söz əslində yunanca “krinein”dən – “ayırd etmək, seçmək, hökm vermək”dən – gəlir. Elə bu üç iş də hər qərarın mahiyyətidir: seçimləri ayırd edirik, birini seçirik, hökmümüzü veririk. Yəni kritik düşüncə qüsur tapmaq deyil, doğrunu yanlışdan ayırd etmək sənətidir. O, nə hər şeyi tənqid etmək, nə də daim mənfi baxmaq demək deyil. Sırf şübhəçilik də deyil – hər şeyə şübhə edən insan da, hər şeyə inanan insan qədər çarəsizdir.

Kritik düşüncə – məlumatı qəbul etməzdən əvvəl onu təhlil etmək, dəlilləri qiymətləndirmək, fərziyyələri görmək və nəticəyə əsaslı şəkildə gəlmək bacarığıdır. O, metakoqnisiyaya – öz düşüncəmizi izləmək bacarığına – söykənir, amma onunla eyni deyil. Metakoqnisiya “Mən necə düşünürəm?” sualıdır; kritik düşüncə isə bu izləməni bir addım irəli aparıb “Bu düşüncə əsaslıdırmı, dəlillər onu doğrulayırmı?” deyə soruşur. Metakoqnisiya güzgüdürsə, kritik düşüncə həmin güzgüdə gördüyünü qiymətləndirən mühakimədir.

Onu bir neçə addımla təsvir etmək olar: fikri dəlildən ayırmaq, mənbənin etibarlılığını yoxlamaq, alternativ izahları nəzərdən keçirmək və yalnız bundan sonra mövqe tutmaq. Diqqət yetirin – məqsəd “haqlı çıxmaq” deyil, həqiqətə yaxınlaşmaqdır. Bu incə fərq hər şeyi dəyişir.

Fakt, yoxsa təxmin?

Kritik düşüncənin ilk addımı sadədir: fakti təxmindən ayırmaq. Beynimizdən keçən hər fikir eyni çəkidə deyil – biri obyektiv faktdır, digəri isə bizim ona geydirdiyimiz təxmin, şərh, bəzən bütöv bir hekayə. “İclasa gecikdi” – faktdır. “Deməli, işinə laqeyddir” – artıq hekayədir: faktdan çıxarılan, amma yoxlanmamış nəticə. Səhvlərin böyük hissəsi elə bu iki qatın bir-birinə qarışmasından doğur.

Ən çətini isə kritik düşüncəni yalnız başqalarına deyil, əvvəlcə öz fikirlərimizə yönəltməkdir. Öz nəticələrimizi də eyni suala tutmalıyıq: “Bu, faktdır, yoxsa mənim təxminim? Məni bu qənaətə dəlil gətirdi, yoxsa şəxsi yanaşmam?” İnsanın öz qərəzini görməsi başqasınınkını görməkdən qat-qat çətindir – amma kritik düşüncə elə buradan başlayır.

Bununla belə, tarazlıq vacibdir. Qərəzlərdən qorxub hər dəlili rədd etmək də ayrı bir tələdir: ifrat şübhəçilik insanı həqiqətə yaxınlaşdırmır, onu hər şeyə eyni məsafədə dondurur. Məqsəd inanmamaq deyil – əsaslı inanmaqdır.

Fərqli fikri qonaq kimi qəbul etmək

Aydın düşüncənin ən güclü aləti cavab deyil, sualdır. Sokrat da məhz bununla öyrədirdi: doğru sual insanı hazır cavabın rahatlığından qoparıb düşünməyə vadar edir. Sual vermək zəiflik deyil – bir fikri sınaqdan keçirməyin ən dürüst yoludur.

Bunun bir şərti var: fərqli fikrə qulaq asa bilmək. Savadlı zehnin əlaməti odur ki, bir düşüncə ilə razılaşmasa belə, onu beynində qonaq kimi qəbul edib araşdıra bilir. Qonaq evə həmişəlik köçmür: onu dinləyirik, süzgəcdən keçiririk, sonra qərar veririk. Öz fikrimizə zidd bir düşüncəni dərhal qapıdan qovmaq deyil, bir müddət içəridə saxlayıb yoxlamaq – açıq, amma boş olmayan zehnin əlamətidir.

Yolun sualtı daşları

Kritik düşüncənin ən böyük düşməni cahillik deyil – əsassız əminlikdir. Ən çox rast gəlinən tələlər:

  • Təsdiqə meyillik (confirmation bias): İnsan artıq inandığı fikri təsdiqləyən məlumatı axtarır, ziddini görməzdən gəlir. Yeni işçini zəif sayan menecer yalnız onun səhvlərini görür, uğurlarını isə saymır.
  • Səbəb-nəticə qarışıqlığı: İki hadisə eyni vaxtda baş verəndə biri o birinin səbəbi sayılır. Satış yeni reklamla eyni ay artıb deyə uğur reklama yazılır – halbuki əsl səbəb bayram mövsümü ola bilər.
  • Nüfuz təsiri (authority bias): Fikir doğru olduğu üçün deyil, onu deyənin vəzifəsi yüksək olduğu üçün qəbul edilir. İclasda direktorun təklifi müzakirəsiz keçir, çünki etiraz etmək risklidir.
  • Lövbər effekti (anchoring bias): İlk eşidilən rəqəm sonrakı bütün mühakimələri özünə bağlayır. Danışıqlarda ilk səslənən qiymət “ölçü” olur, hər təklif ona görə dəyərləndirilir.
  • Əlçatanlıq evristikası (availability heuristic): Yada asan düşən nümunə real ehtimaldan güclü təsir edir. Bir layihənin səs-küylü uğursuzluğundan sonra komanda bütün oxşar layihələri həddindən artıq riskli sayır.
  • Qrup düşüncəsi (groupthink): Otaqda hamı razılaşırsa, razılaşmamaq narahatedici olur və vacib etiraz səslənmədən qalır. Şübhəsi olan yeganə adam ahəngi pozmamaq üçün susur.
  • Tələsiklik: Ən sadə tələ. Qeyri-müəyyənlik narahat etdiyi üçün kifayət qədər məlumat toplanmadan qərar verilir.

Bu tələlərin ortaq cəhəti var: hamısı bizə rahatlıq təklif edir. Kritik düşüncə isə bir anlıq dayanıb “Bir dəqiqə, bu, doğrudanmı belədir?” demək cəsarəti istəyir.

Kiçik bir keys

Bir şirkətin departament rəhbəri hesabatlara baxıb görür ki, uzaqdan (evdən) işləyən komandanın məhsuldarlıq göstəriciləri ofis komandasından aşağıdır. Hökm bir anda hazırdır: “Uzaqdan iş nəticə vermir, hamı ofisə qayıtmalıdır”.

İndi eyni vəziyyətə kritik düşüncə ilə baxaq. Bir neçə sual kifayətdir:

  • Göstərici nəyi ölçür? İki komandanın “məhsuldarlığı” eyni meyarla ölçülübmü, yoxsa fərqli işlər müqayisə olunur?
  • Gizli dəyişənlər varmı? Bəlkə uzaqdan işləyən komanda daha mürəkkəb, uzunmüddətli layihələr üzərində çalışır?
  • Səbəbmi, təsadüfmü? Aşağı göstərici işin yerindən qaynaqlanır, yoxsa başqa amildən – yeni işçilər, dəyişən müştəri profili?
  • Öz şəxsi yanaşmam? Rəhbər uzaqdan işi əvvəlcədən bəyənmirdisə, məlumatı yalnız bu fikri təsdiqləmək üçün oxumurmu?

Amma kritik düşüncə yalnız sual vermək deyil – sualdan sonra atılan addımlardır. Rəhbər hökmü təxirə salıb üç iş görür: birincisi, hər iki komanda üçün eyni, müqayisə oluna bilən ölçmə qurur; ikincisi, göstəriciləri işin mürəkkəbliyinə görə çəkiləyir – sadə tapşırıqla mürəkkəb layihəni bərabər saymır; üçüncüsü, hər komandadan bir neçə nəfərlə qısa söhbət edib rəqəmlərin arxasındakı real mənzərəni öyrənir.

Nəticə ilkin hökmü alt-üst edir: aşağı göstərici uzaqdan işin özündən yox, ölçmə üsulundan qaynaqlanırmış – iki komandanın işi eyni cədvəllə müqayisə edilirmiş. Beləliklə, rəhbər iş rejimini dəyişmək əvəzinə qiymətləndirmə sistemini düzəldir: hər komanda üçün işin xarakterinə uyğun ölçü təyin edir. Bir qərarla həm ədalətsiz nəticənin, həm də lazımsız bir təşkilati dəyişikliyin qarşısı alınır. Fərq budur: birinci halda qərar bir hesabatın üzərinə qurulur, ikinci halda isə yoxlanmış faktın.

Üç suallıq dəlil testi

Hər iddia ilə qarşılaşanda üç sual onu süzgəcdən keçirir:

  1. İddia nədir? Deyilən fikri bir cümləyə salın – dumanlı ifadə çox vaxt zəif iddianı gizlədir.
  2. Dəlil nədir? İddianı hansı fakt, rəqəm və ya müşahidə dəstəkləyir? Dəlil yoxdursa, bu, iddia deyil, rəydir.
  3. Dəlil bu nəticəni doğrudan dəstəkləyirmi? Çox vaxt dəlil var, amma başqa nəticəni göstərir. Buradakı boşluq ən çox səhvin doğduğu yerdir.

Bu üç sual cəmi bir dəqiqə çəkir, lakin qərarların əksəriyyətini yaxşılaşdırmağa bəs edir.

Tez-tez rast gəlinən məntiqi yanlışlıqlar

Bəzi arqumentlər inandırıcı görünür, amma məntiqi cəhətdən qüsurludur. İş həyatında ən çox rastlaşdığımız dördü:

  • Ad hominem (şəxsə hücum): İddiaya deyil, onu deyənə hücum edilir. “Bu təklif işə yaramaz, çünki onu təcrübəsiz işçi verib”.
  • Straw man (küləş adam): Qarşı tərəfin fikri təhrif edilib asan hədəfə çevrilir. Kimsə kiçik sınaq təklif edir, cavab isə “Deməli, bütün sistemi dağıtmaq istəyirsən” olur.
  • False dilemma (yalançı ikilik): İki seçim varmış kimi göstərilir, əslində isə ara yollar da mövcuddur. “Ya bu sistemi tam qəbul edirik, ya da köhnə üsulla qalırıq”.
  • Hasty generalization (tələsik ümumiləşdirmə): Az sayda haldan geniş nəticə çıxarılır. “İki müştəri şikayət etdi, deməli məhsul uğursuzdur”.

Kritik düşüncə və emosional intellekt

Kritik düşüncə yalnız məntiq məsələsi deyil. Qərarlarımızın arxasında çox vaxt görünməyən bir qüvvə dayanır – emosiya. Qorxu, həvəs və ya inciklik bir anda bizi “doğru” kimi görünən, əslində isə tələsik qərara sürükləyə bilər. Elə buna görə kritik düşüncə ilə emosional intellekt bir-birini tamamlayır: emosional intellekt həmin emosiyanı tanımağa kömək edir, kritik düşüncə isə soruşur – “Bu hiss qərarıma nə qədər təsir edir, məni faktdan uzaqlaşdırmır ki?” Emosiyanı görmək bir bacarıqdır; onun mühakiməmizi nə vaxt təhrif etdiyini yoxlamaq isə tamam başqa.

İş həyatında kritik düşüncəni gücləndirmək

Kritik düşüncə anadangəlmə istedad deyil, məşq olunan bacarıqdır. Bir neçə sadə vərdiş onu gündəlik işə hopdurur:

  1. Qərardan əvvəl bir sual əlavə edin. Hər mühüm nəticədən öncə özünüzə deyin: “Bunun əksi doğru olsaydı, hansı dəlili görərdim?”
  2. Mənbəni ayırın. Məlumatın özündən əvvəl mənbəsini qiymətləndirin: “Bunu kim dedi, haradan bilir, maraqları nədir?”
  3. Fərziyyələri üzə çıxarın. Hər plan bir neçə danışılmayan fərziyyə üzərində dayanır. Onları kağıza yazın – görünəndə zəiflik də görünür.
  4. “Şeytanın vəkili”ni təyin edin. Müzakirələrdə bir nəfərə əks mövqeyi müdafiə etmək vəzifəsi verin. Bu, qrup düşüncəsinin ən sadə dərmanıdır.
  5. Tələsikliyə fasilə qoyun. Mümkün olanda qərarı bir gün gecikdirin. Pirron-un “epoxe”si müasir iclas otağında da işləyir.
  6. Səhvləri açıq təhlil edin. Yanlış qərarı gizlətmək deyil, “Düşüncəmiz harada büdrədi?” sualını vermək kritik düşüncəni komanda mədəniyyətinə çevirir.

Yekun

İki min il əvvəl qoyulan üç sütun bu gün də yerindədir: Sokrat doğru sualı verməyi, Aristotel doğru mühakimə qurmağı, Pirron isə hökmü tələsmədən verməyi öyrətdi. Kritik düşüncə bu üçünü bir yerə gətirir və bizi daha çox şübhə edən deyil, daha aydın görən insana çevirir.

İnformasiya bolluğu əsrində üstünlük çox məlumata sahib olmaqda deyil, onun içindən doğrunu seçə bilməkdədir. Kritik düşüncə də məhz budur: cavab yığmaq yox, doğru sualı verib məlumatın axınında yolunu itirməmək. Çünki hamının cavab axtardığı bir dövrdə əsl güc – doğru sualı verə bilməkdədir.

Kritik düşüncə üçün 60 saniyəlik yoxlama

Mühüm qərardan əvvəl özünüzə bu altı sualı verin:

  1. Fakt nədir?
  2. Təxminim nədir?
  3. Hansı dəlil bunu dəstəkləyir?
  4. Əksini göstərən hansı dəlil var?
  5. Başqa hansı izah mümkündür?
  6. Bu qərarı sabah yenə verərdimmi?

Altı sual, bir dəqiqə – və çox vaxt bu, tələsik qərarla düşünülmüş qərar arasındakı bütün fərqdir.

© ALPHA Coaching & Consulting, 2026

Şərh əlavə et

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.