Bəzi biliklər insanın içində kök salır – davranışına, seçimlərinə, başqasına münasibətinə əks olunur. Bəziləri isə havada asılı qalır: yaddaşda var, dildə var, diplomda var, amma insanın içinə işləmir. Adam çox şey bilir, ancaq bildiyi onu daha yaxşı, daha ədalətli, daha insaflı etmir. Bu fərqi düşündükcə, yuxarıdakı sualı dönüb özümə verirəm: mən hansıyam?
Savad – öyrənilən, toplanan, sənədlə təsdiqlənən bilikdir. Bu gün cəmiyyətin savad səviyyəsi tarixin heç bir dövründə olmadığı qədər yüksəkdir. Daha çox bilirik, daha çox dildə danışırıq, daha mürəkkəb məsələləri həll edirik. Diplomların sayı artır, ixtisasların dairəsi genişlənir.
Bir sual isə cavabsız qalır: bu qədər bilik cəmiyyətin hüzuruna, rifahına nə qədər xidmət edir?
Ətrafımıza baxaq. Cəmiyyətə zərər verənlərin arasında savad sahibləri az deyil. Bəzən ən böyük ziyanı ən çox bilən adam vurur, çünki biliyinin kimə, nəyə xidmət etdiyini özü üçün aydınlaşdırmayıb. Onun üçün bilik yalnız bir alətdir – sağ qalmağın, ya da özünü göstərməyin aləti.
Bəs nəticədə nə olur? Daha çox dil bilirik, amma ətrafımızla dil tapa bilmirik. Daha çox məlumat oluruq, amma az başa düşürük.
Deməli, çatışmayan bilik deyil. Çatışmayan – həmin biliyi daşıyan insanın özüdür.
Ziyalı insan biliyini davranışı ilə, əxlaqı ilə, şəxsi dəyərləri ilə bəzəyəndir. Nəyi bildiyi qədər, bildiyi ilə necə davrandığı da önəm daşıyan adamdır. Onda bilik havada qalmır – insanın gündəlik seçimlərinə, başqası ilə rəftarına çevrilir.
Hansı daha çox lazımdır? Məncə, hər ikisi. Savad təməldir; ziyalılıq isə o təməli mənalı edəndir. Biri olmadan digəri natamam qalır.
Bu sualın cavabını heç kim bizim yerimizə verə bilməz. Hərə onu öz içində axtarmalıdır: mən daha çox kiməm – savadlı, yoxsa ziyalı?
Müəllif: Elçin Əzimli
Yazıçı, biznes kouç və təlimçi








Şərh əlavə et