coaching.az

İstək, yoxsa ehtiyac?

Hansı işi görək, nəyi alaq, vaxtımızı kimə ayıraq?

Hər gün bunun kimi fərqli seçimlər qarşında dayanırıq. İllərdir insanlarla işləyən bir mütəxəssis kimi deyə bilərəm ki, bizi tükənmə nöqtəsinə gətirən şey bu seçimlərin çoxluğu deyil; daxili ehtiyaclarımızla keçici istəklərimizi səhv salmağımızdır.

Gəlin, bu iki məfhumun fərqinə dərindən baxaq və onların qərarlarımıza necə təsir etdiyini təhlil edək.

Fərqi anlamaq: eqo və ruhun səsi

Müasir dünya dayanmadan qulağımıza pıçıldayır: istə, daha çox istə. Hər gün qarşımıza çıxan reklamlar, sosial şəbəkə alqoritmləri və trendlər içimizdə süni bir “ehtiyac” illüziyası yaradır. Bizə elə gəlir ki, o yeni model telefona, o geyimə və ya “status qazandıracaq” hansısa əşyalara mütləq ehtiyacımız var. Reallıq isə tam fərqlidir.

  • İstək səthidir – göz oxşayır, tez alovlanır, tez də sönür. Eqonu bəsləyir, anlıq həzz verir. “Son model telefonu istəyirəm” kimi.

  • Ehtiyac isə fundamental, daxili və qalıcıdır. Ehtiyaclar qarşılanmadıqda daxili balansımız pozulur, stres və boşluq hissi yaranır. “Mənə işlərimi rahat idarə etmək üçün funksional bir rabitə vasitəsi və həyatımda rahatlıq lazımdır” kimi.

İstək yanacaqdır, ehtiyac isə istiqamət. Yanacaq bizi hərəkətə gətirə bilər; amma hara getməli olduğumuzu yalnız ehtiyaclarımız bilir.

İstəklərin ardınca düşünmədən qaçmaq bizi gizli bir tələyə salır: hədəfə çatırıq, içimiz isə hələ də boş qalır. Çoxları var-dövlət, nüfuz, dəbdəbəli həyat arzulayır; lakin bu istəyin altında hansı ehtiyacın gizləndiyini özündən soruşmur.

Bəlkə də o bahalı avtomobilin arxasında, sadəcə, dəyərli olmaq və qəbul edilmək istəyi dayanır? İçimizdəki dəyər boşluğunu kənar şeylərlə doldurmağa çalışdıqca, nə qədər qazansaq da, o boşluq olduğu yerdə qalır.

Özümüzü yoxlamaq üçün üç sual

Növbəti dəfə mühüm bir qərarın, yaxud hədəfin qarşısında bu üç sualı özümüzə verək:

Sual Məqsəd
1 Bu hədəfə çatmağı mən istəyirəm, yoxsa bunu məndən cəmiyyət gözləyir? Özünəməxsusluğu yoxlamaq
2 Buna sahib olsam, daxili dünyamda hansı boşluq dolacaq? Kökdə duran ehtiyacı tapmaq
3 Bunu əldə etməsəm, 1 il sonra həyatımda nə dəyişəcək? İstəyin keçici olub-olmadığını anlamaq

Tarazlığa yönəlmək

Şüurlu inkişaf istəkləri inkar etmək deyil. Əksinə, onları daxili dəyərlərimizlə uzlaşdırıb vahid istiqamətə yönəltməkdir.

Həqiqi inkişaf içəridən başlayır. Ruhi sağlamlıq, daxili hüzur, sevgi və təhlükəsizlik kimi ehtiyaclarımız ödənildikdə, istəklərimiz artıq bizi idarə edən asılılıq deyil, həyatımızı zənginləşdirən şüurlu seçimlərə çevrilir.

Həyat qısa, enerjimiz məhduddur.  Onu anlıq istəklərlə tükətmək yerinə, bizi həqiqətən xoşbəxt edən əsl ehtiyaclara yönəldək.

Müəllif: Elçin Əzimli
Yazıçı, biznes kouç və təlimçi

Şərh əlavə et

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.