coaching.az |

Rəhbər, yoxsa icarədar?

Təyinatlı rəhbərlik icarənin bir formasıdır. Yəni, müvəqqəti olaraq hansısa kreslonu, statusu, səlahiyyəti və s. əsl sahibindən icarəyə götürürsən və zamanı gəldiyində sənin yerinə başqa icarədar təyin edilir.

Təyin edilən şəxs vəzifəsinin imtiyazlarından istifadə edib müəyyən zaman dilimində güclü görsənə bilər. Ancaq, bu güc aldadıcıdır və onun əsas mənbəyi təyin edən tərəfə aiddir. Vəzifədən alınan güc mənbəyi olmayan süni gücdür, quyuya vedrə ilə doldurulan suya bənzəyir. Buna görə də gücünü vəzifədən alanların böyük əksəriyyəti işindən azad olunanda boşalan şarlar kimi əvvəlki ehtişamlarını itirirlər, hətta bir salama dəymirlər.

Güclü görünmək ehtiyacımız varsa, onu bizə aid olmayan vəzifə və ya statuslarda deyil, içimizdəki ruhda axtarmalıyıq. Ruhumuz bizə aiddir və o güclü olduğu zaman həyatımızın sonuna qədər güclü qalacağıq.

Vəzifələr vəfasızdır; verildiyi kimi, geri alına da bilər. Müvəqqəti güc ehtirasına görə könül qırmağa dəyməz. Bu tələyə çoxları düşüb, biz düşməyək. Axı, həyat sadəcə bu gündən ibarət deyil və onun sabahı da var.

Elçin Əzimli
Biznes kouç və təlimçi,
“Dan ulduzu” və “Çağrı” romanlarının müəllifi

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.