coaching.az |

Salam, mən Xoşbəxtliyəm!

Əgər siz bu məktubu oxuyursunuzsa, demək ki, mən artıq sizə gəlmişəm. İndi deyinməyə başlayacağam, çünki buna əsasım var. Boğaza yığılmışam, başa düşürsünüzmü?

Mənim yaşım çoxdur – hansı yaşda olduğumu özüm də xatırlamıram. Yəqin ki, hər zaman mövcud olmuşam. Buna görə də insanlıq üzərində çox böyük müşahidəyə sahibəm. Nə vaxtsa özünüzü mənim yerimə qoymağı heç düşünmüsünüz? Nahaq yerə! Bu, çox faydalı və öyrədicidir.

Bax, hamı deyir: “xoşbəxtlik, xoşbəxtlik…”. Ora-bura vurnuxurlar, axtarırlar, mənim haqqımda xəyallar qururlar. Mən isə, öz aramızdır, heç yanda gizlənməmişəm və heç yerə qaçmamışam! Mən hər zaman yaxınlıqdayam və gözləyirəm ki, mənim fərqimə varsınlar. Nəyə bənzədiyim  barədə çoxunun təsəvvürü olmadığı halda, mənim fərqimə necə vara bilərlər axı? Çox qəribə deyilmi – bilmədikləri halda axtarırlar.

Çox vaxt ona görə tanımırlar ki, hərə məni öz bildiyi kimi təsəvvür edir. Kimin üçünsə mən – kremli pirojnayam, kimin üçünsə təbiətlə ünsiyyət. Başqaları üçün – dünya şöhrəti. Bəziləri isə kiməsə bədbəxtlik üz verəndə xoşbəxt olurlar – dünyada belələri də var!

Bu arada, mənim daimi yaşayış yerim yoxdur. Mən dünyada gəzişirəm, əbədi yəhudi Agasfer kimi daldanacaq yer axtarıram. Haradasa özümə məskən tapmağa sevinərəm, bütün qapıları arxa-arxaya döyürəm, ancaq məni hər zaman içəri buraxmırlar. Bax, bədbəxtliyi hər yerdə tanıyırlar, məni isə niyəsə görə yox!

Bilirəm ki, çoxları məni axtarır, bəzən burun-buruna gəlirik, ancaq çox vaxt məni görmədən yanımdan keçirlər. Bəlkə tanımırlar? Bəlkə, sadəcə düzgün yerdə axtarmırlar. Misal üçün, çox insan xoşbəxtliyi Nigahda axtarır. Ya da ki, İşdə. Və ya Uşaqlarda. Böyük ehtimalla mən oralarda da mövcudam. Ancaq, belə çıxır ki, əlinizdən Nigahı, İşinizi və ya Uşaqlarınızı alsalar, mən də onlarla birlikdə yoxa çıxıram və siz də bədbəxt olursunuz. Bu isə doğru deyil! Bunu bilin ki, Xoşbəxtlik – insanın təbii halıdır…

Çoxu oturur və keçmişi eşələyir: “Xoşbəxt zamanlarımız vardı”. Ancaq, xatırlayaq ki, o zamanlarda onlar özlərini necə aparırdılar – axı bu belə deyildi! Onlar o xoşbəxt zamanlarında da həmişə nədənsə narazı idilər, hər zaman xoşbəxtlik üçün onlara nəsə çatışmırdı. Ancaq, illər sonra anlayırlar ki, bu mən idim. Ancaq, artıq gecdir. Eləcə otururlar və xatirələrə dalırlar.

Başqaları xoşbəxt ola bilmələri üçün onlara çatışmayan şeyləri xəyal edirlər – kimə mənzil lazımdır, kimə avtomobil, kimə milyon dollar, kimə isə ideal sevgi. Mən isə sizə deyirəm: insana hər zaman nəsə çatışmır! Ona istədikləri hər şeyi ver, o bir-iki həftə bunlara sevinəcək, sonra vərdiş edəcək və xoşbəxtliyinin tamamlanması üçün yenidən nələrisə arzu etməyə başlayacaq.

Ah, insanlar, sizinlə mənə necə də çətindir! Mənim haqqımda nə qədər boş düşüncələr yaratmısınız! “Xoşbəxtlik – insanlara faydalı olmaqdır”. Belə baxanda gözəl səslənir – insanlara faydaı olmaq. Bəs özünüzə? Özünüzü xırda şeylərə həsr edəcəksiniz, ancaq xoşbəxtliyin nə olduğunu bilməyəcəksiniz. Başqalarının qayğısına qalmaq yaxşı şeydir, ancaq gərək özünü də unutmayasan! Xoşbəxtlik sizin özünüzdə olduğu zaman, ətrafınıza da xoşbəxtlik işığı saçılacaq! Bununla neçə insana məni bəxş edə bilərsiniz?

Və ya, “Mənim xoşbəxtliyim – uşaqlardadır”. Uşaqlar böyüdülər, öz ailələrini qurdular, yuvalarını yaratdılar. Ancaq, ana hələ də onların işinə qarışır, onu ikincə plana atdıqları üçün inciyir. Nə üçün? Ona görə ki, mən uşaqlarla çıxıb getdim. Axı o məni uşaqlarının içərisində yerləşdirmişdi. İndi bu xoşbəxtlik olmadan o nə edəcək? Ona görə deyirəm ki, insanın başqalarından asılı olmayan öz xoşbəxtliyi olmalıdır.

Belə də deyirlər: “Bədbəxtlik olmasaydı, xoşbəxtliyə də çatmazdım”. Nə olub sizə, insanlar? Əslində ötüb keçənin xoşbəxtlik olduğu, ancaq sizin bunu hiss etmədiyinizi anlamağınız üçün mütləq başınıza kərpic dəyməlidir?

Deyindiyim üçün inciməyin, boğaza yığıldığımı əvvəldən bildirmişdim. Yaxşı olar ki, mənə – öz Xoşbəxtliyinizə qulaq asın, bir də gördünüz ki, faydalı nəsə öyrədiniz.

Bir bilsəniz ki, insan artıq gedərkən mən onun başının üzərində dayanıram və göz yaşları axır. Və ancaq o zaman anlayır ki, xoşbəxtlik onun yanında idi və o, tanıya bilməmişdi.

Bax insan dağa, ən yüksək zirvəyə dırmaşır, dartınır, tənginəfəs olur, barmaqları qan içində olur. Bəs nə üçün? Onun üçün ki, zirvədə olsun və xoşbəxtliyi dadsın – yəni, məni. Xoşbəxt an! Ruhun uçuşu! Axı sonra o yenə də yoluna davam etməlidir. Yenidən dırmanmaq üçün, aşağı enir. Xoşbəxtliyin arxasınca bitməyən təqib… Ay insanlar, sizə çatmır ki, siz haralarasa dırmaşanda, mən sizin arxanızdakı çantada oturmuşam. Və ya cibinizdəyəm. Və ya sadəcə yanınızda uçuram və pıçıldayıram: “Dayan, dostum! Ətrafına bax! Bu mənəm, sənin Xoşbəxtliyin!”. Ancaq, nə olsun ki… Məni eşidən yoxdur.

Sizə əsas sirrimi açım: mən zamana bağlıyam. Mən keçmişdə yoxam – bunlar sadəcə xoşbəxt mənzərələrdir. Mən gələcəkdədə yoxam – bunlar sadəcə şirin arzulardır. Mən hər zaman indiki zamanda mövcudam! Bu mahnını eşitmisiniz? – “Sadəcə bu an var, ondan da yapış”. Bax, bu tam mənim haqqımdadır. Sizin hər anınız – xoşbəxtlikdir. Əlbəttə ki, siz bu anda keçmişə və ya gələcəyə ilişib qalmamısınızsa. Keçmiş haqqında adətən təəssüf duyurlar, gələcək haqqında isə narahat olurlar. Təəssüf və narahatlıqların olduğu yerdə isə mən yaşamıram. Biz bir-birimizlə uyğunlaşa bilmirik, nə edək?

Görün sizə nə deyirəm! Əgər siz indi mənim məktubumu oxuyursunuzsa, demək ki, sizin görən gözləriniz var. Bu xoşbəxtlik deyilmi? Əgər sizin görmə qabiliyyətiniz olmasa və bu məktubu sizə kimsə oxusa, demək ki, sizin dostunuz var. Nə böyük xoşbəxtlik! Nəfəs almaq, gəzmək, sevmək, baxmaq, hiss etmək, qoxu duymaq – bunların hamısı xoşbəxtlikdir! Torpağın üzərinə qar qondu – gözəllikdir, xoşbəxtlikdir! Bulaqlar axır, otlar cücərir – bunlar məgər xoşbəxtlik deyil? Giləməyvələr və göbələklər yetişəndə və çayda çimmək mümkün olanda – bu əsl heyrətdir!

İnsanlar, sizdən bir xahişim olacaq – məni tutmayın! Qanadlarımdan yapışmayın! Mən ki, hərəkətliyəm, uçanam. Əgər məni uçmaqdan məhrum etsəniz, mən xatirələrə çevrilərəm. Nənənizin 1968-ci ildə Yevpatoriyadan gətirdiyi qurudulmuş yarpaq kimi. O, əlbəttə ki, ruhu sevindir, ancaq bu nə vaxtsa baş verib. Yaxşı olar ki, xatırlayın:

Xoşbəxt insanlar saata baxmırlar. Nə üçün? Ona görə ki, onların hər anı, hər dəqiqəsi xoşbəxtlikdir – saata baxmaq nəyə lazımdır? Onlar üçün keçmiş və gələcək yoxdur – sadəcə an var!

Qısası, sizə müraciət edirəm ey insanlar! Məni azad buraxın… Dünyada sığınacaqsız dolaşmaqdan yorulmuşam. Gəlin bu qaydaya uyğun yaşayaq – “İnsan özü öz xoşbəxtliyinin ağasıdır!”. Mən ki, sadəcə bu barədə düşünürəm – gəlim və kimisə bütün ömrü boyu xoşbəxt edim. Siz sadəcə bir anlığa ayaq saxlayın, özünüzün bitməyən qaçışınıza son verin, ətrafınıza baxın – və o dəqiqə məni görəcəksiniz.

Əgər bu Xoşbəxtlik Məktubunu oxudunuzsa, onu 5 dostunuzla – sizə qiymətli olan insanlarla paylaşın! Qoy onlar da mənim yanıqlı səsimi eşitsinlər. Bununla siz yaxşı iş görmüş, onlarsa sevinmiş olacaqlar. Bir də gördün ki, mənə qulaq verib, sezərlər və nəhayət mənim fərqimə vararlar.

Və hamımız Xoşbəxtliyə qovuşacağıq!

Müəllif: Elfika – İrina Syomina

© 2017 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.