Qərbin düşüncə laboratoriyalarının məhsulu olan “Emosional intellekt” yeni bir psixoloji termin olsa da, kökləri çox dərinə – Şərqin zəngin düşüncə dünyasına uzanır. Emosional intellektlə yaxınlıq təşkil edən helm, mərifət, fəzilət və s. bənzər məhfumlara qədim dövrlərin filosof və şairlərinin əsərlərində tez-tez rast gəlmək mümkündür.
Klassik Şərq ədəbiyyatının dahilərindən sayılan Nizami Gəncəvi yalnız şair deyil, həm də böyük psixoloq və pedaqoq idi. Onun “Sirlər xəzinəsi”ndəki “Zalım padşahla düzdanışan qocanın hekayəti” sadəcə bir əxlaq dərsi deyil – həm də özündə emosional intellektin mənəvi kodlarını ehtiva edən dərin fəlsəfədir. Hekayənin qısa məzmunu bu şəkildədir:

“Qəddarlıqda ad çıxaran və gecə-gündüz demədən rəiyyətinə zülm edən bir padşah varmış. Heç nədən çəkinməyən haqpərəst bir qoca hər yerdə açıq şəkildə danışaraq padşahdan narazılığını dilə gətirir. Çuğul bu sözləri padşaha çatdırır və padşah qocanı cəzalandırmaq qərarına gəlir. Yaxşı niyyətli gənc bir adam başına gələcək təhlükədən qocanı xəbərdar etsə də, o, qaçmaqdan imtina edir və kəfənini geyinib saraya gedir. Hökmdarın hüzurunda sakitlik və cəsarət nümayiş etdirən qoca zalımlığını onun üzünə deyir və davranışlarını dəyişməyi tövsiyə edir. O, qəzəbli padşahın hədələri qarşısında özünü müdafiə etmə ehtiyacı duymur və həqiqətin güzgüsü olmağa davam edir.
Mən deyirəm eybini, şər işini özünə,
Göstərirəm güzgütək hər işini özünə.
Hər eybini göstərər alsan ələ güzgünü,
Utan, qızar eybindən qırma elə güzgünü.
Padşah əvvəlcə qəzəblənsə də, sonradan qocanın haqlı olduğunu anlayır və tutduğu əməllərdən peşman olur. Qocanı mükafatlandıran padşah o gündən etibarən ölkəsini ədalət və insafla idarə etməyə başlayır“.
Gəlin bu hekayəni Daniel Golemanın Emosional intellekt modelinin əsasında özünü tanıma, özünü tənzimləmə, daxili motivasiya, empatiya və münasibətləri idarəetmə səriştələri nöqteyi-nəzərindən yenidən anlamağa çalışaq.
1. Özünü tanıma
Şah qoca ona düz sözlərlə ayna tutana qədər öz zalımlığının və qəddarlığının fərqində deyildi. Qocanın sözləri padşaha öz zalımlığını göstərir – “göstərirəm güzgütək hər işini özünə” misrası bu introspektiv prosesi gözəl təsvir edir. Padşah ilk dəfə iç dünyasına baxır və qəzəbini haqsızlıqla qarışdırdığını görür. Şahın qocanın sözləri üzərində düşünməsi və haqsız olduğunu anlaması, emosional intellektin özünü dərk etmə komponentini təcəssüm etdirir. Bu hekayə öz içindəki mənfi emosiyaları tanımağın və onların ortaya çıxma səbəblərini anlamağın vacibliyini bir daha vurğular.
Bu, Golemanın EI modelindəki özünü tanıma komponentidir: duyğularının fərqində olmaq, öz dəyərlərini bilmək və ona uyğun yaşamaq.
2. Özünü tənzimləmə
Padşah əvvəlcə qəzəblənir və ölüm hökmü verir. Amma qocanın sakitliyi və öz həyatını riskə atacaq qədər dürüstlüyü onu emosiyalarını cilovlamağa vadar edir. Hekayədəki “Şah görəndə kəfəni, bildi nədir bu halət, qəzəbindən utanıb özü çəkdi xəcalət” misraları şahın emosional reaksiyaları üzərində nəzarət qurmağa başladığını göstərir.
Padşahın qəzəbini cilovlamaq və bağışlanma üçün addım atması, emosiyaları idarə etmə bacarığını göstərir. Emosional intellektin bu aspektində, zərərli hissləri (qəzəb və qürur) müsbət hərəkətə – ədalətə çevirmək şahın inkişafının mühüm hissəsidir.
3. Daxili motivasiya
Qocanın düzgün iradları padşaha daha yaxşı bir hökmdar olmaq üçün daxili bir motivasiya verir. O, təvazökar və ədalətli olmaqla xalqının sevgisini qazanmağa çalışır. Bu motivasiya, tac və sərvət kimi xarici motivasiya mənbələrindən asılı olmayaraq daxili dəyərlərə – rəhm və insafa əsaslanır. Burada emosional intellektin motivasiya komponenti padşahın özünü təkmilləşdirmə səyində və xalqına qarşı yeni bir münasibət qurmaq istəyində özünü göstərir.
Padşah sadəcə zahiri görüntü naminə deyil, daxili dəyişiklik üçün dönüş edir. “Zülm etmədi, el bundan agah oldu o gündən, xalqı sevən, insaflı bir şah oldu o gündən.” Burada o, artıq qorxu ilə yox, ədalətlə idarə etməyə yönəlir. Bu, şəxsi dəyərlərə əsaslanan daxili motivasiyanın nümunəsidir.
Goleman bu bacarığı “daxili motivasiya” adlandırır: insana xarici təzyiqlər yox, öz içindəki dəyərlər və məqsədlər daha düzgün yön verir.
4. Empatiya
Qocanın sözləri padşahın xalqın problemlərinə empatiya ilə yanaşmasına səbəb olur: “Biyarın cana yığıb saysız kəndi şəhəri” – bu sətir padşaha onun zülmünün nəticələrini hiss etdirmək üçündür. Padşah yalnız başa düşəndə ki, xalq əziyyət çəkir – o zaman dəyişir.
Qoca, şahın qəddar davranışının arxasında qürur olduğunu dərk edir və özünü fəda etməyə hazır şəkildə kəfən geyinərək ona rəhmli və anlayışlı bir şəkildə yol göstərir. Şah da qocanın sözlərindən sonra xalqının çətinliklərini və əzabını anlamağa başlayır, bu da onun rəiyyətindən bağışlanma diləməsinə səbəb olur. Emosional intellektin empatiya komponenti, hər iki obrazın bir-birinin və ətrafındakıların hisslərinə həssaslıqla yanaşması ilə təzahür edir.
5. Sosial bacarıqlar
Qoca öz sözünü qorxmadan, lakin hörmət və ədəblə deyir. Düzlük, sakitlik və mənəvi üstünlük onun ən güclü sosial bacarığıdır.
“Əgər doğru demirəm, çəkdir dara sən məni” – o, şəffaflıq və məsuliyyət daşımağın ən yüksək formasını nümayiş etdirir. Şah isə sonda bu cəsarət və dürüstlüyü mükafatlandıraraq sosial münasibətlərdə özünün ədalət və etiraf mədəniyyətini göstərir.
Qoca, şahla dürüst şəkildə ünsiyyət quraraq ona təsir edir və müsbət dəyişikliyə təşviq edir. Şah isə qocanın məsləhətindən sonra rəiyyəti ilə korlanan münasibətlərini düzəltməyə çalışır, peşmanlığını dilə gətirərək onlardan bağışlanma diləyir və beləliklə, arada etimad yaradır. Burada emosional intellektin sosial bacarıqlar komponenti hər iki obrazın münaqişələri həll etmək və harmonik əlaqələr qurmaq qabiliyyətində özünü göstərir. Şahın xalqı sevən hökmdara çevrilməsi bu bacarığın nəticəsidir.
Nəticə olaraq, bu hekayə bizə göstərir ki;
- Cəsarətli, dürüst və səmimi rəylər bir insanın həyatını dəyişə bilər;
- Əsl güc – daxili sakitlik və emosional sabitlikdədir;
- Həqiqi liderlik emosional intellektlə başlayır – qorxu və təzyiq ilə deyil, anlayış göstərmək və empatiya qurmaqla.
“Zalım padşahla düzdanışan qocanın hekayəsi” emosional intellektin zalım bir hökmdarın daxili transformasiyasındakı gücünü təsvir edir. Şahın özünü dərk etməsi, duyğularını tənzimləməsi, daxili motivasiyasını kəşf etməsi, empatiya nümayiş etdirməsi və sosial bacarıqlarını təkmilləşdirməsi – onun ədalətli və insaflı bir lidere çevrilməsinin açarıdır. Qocanın düz və sadiq sözləri sosial bacarıqların gücünü vurğular. Nizami Gəncəvi bu hekayə ilə bizə öyrədir ki, emosional bacarıqların inkişafı şəxsi dəyişikliklər və ümumilikdə cəmiyyətin rifahı üçün vacib amildir.
Elçin Əzimli
Biznes kouç və təlimçi
Emosional intellekt üzrə sertfikatlaşmış mütəxəssis
“Dan ulduzu” və “Çağrı” romanlarının müəllifi








Oxudum. Maraqlı və yönləndirici təhlildir.
Təşəkkürlər, dəyərli Emin bəy.