Məşhur yumor ustası Çarli Çaplinin özünün 70 illiyinə həsr etdiyi bu yubiley nitqi dünyadakı ən məşhur çıxışlardan sayılır. Aşağıdakı cümlələr onun həyatdan topladığı böyük təcrübənin tərənnümüdür.
Özümü sevməyə başladığım zaman anladım ki, nisgil və emosional əzablar öz həqiqətlərimin əksinə yaşadığım barədə siqnallardır. Bu gün bilirəm ki, bu “Özün ol” deməkdir.
Özümü sevməyə başladığım zaman anladım ki, vaxtın yetişmədiyi və o şəxsin hazır olmadığı halda onu mənim istəklərimi həyata keçirməyə məcbur etmək necə ayıb hərəkətdir – hətta, bu məcbur etdiyim şəxs mən özüm olsam da. Bu gün mən bunu “Özünə hörmət” adlandırıram.
Bu gün gül. Sabah ağla.
(Bunu hər gün oxu)
Özümü sevməyə başladığım zaman fərqli həyata can atmağa son qoydum və anladım ki, əhatə olunduğum hər şey məni inkişafa dəvət edir. Bu gün mən bunu “Püxtələşmək” adlandırıram.
Özümü sevməyə başladığım zaman anladım ki, hansı şərtlərdə olursam olum, düzgün zamanda düzgün yerdəyəm və baş verənlər birmənalı şəkildə düzgün anda baş verir. Buna görə də hər zaman sakit ola bilərəm. İndi mən bunu “Özünəinam” adlandırıram.
Özümü sevməyə başladığım zaman öz şəxsi vaxtımı oğurlamağa və gələcək üçün böyük layihələr planlaşdırmağa son qoydum. Bu gün mən sadəcə sevdiyim, mənə zövq verən, məni xoşbəxt edən və qəlbimi gülümsədən işləri öz istədiyim tərzdə və öz şəxsi ritmimdə görürəm. Bu gün mən bunu “Sadəlik” adlandırıram.
Özümü sevməyə başladığım zaman sağlamlığıma zərər gətirən hər şeydən – qidalardan, insanlardan, əşyalardan, hadisələrdən – azad oldum. Hansılar ki, məni aşağı doğru çəkirdi və öz yolumdan uzaqlaşdırırdı. Bu gün mən bunu “Özümə sevgi” adlandırıram.
Özümü sevməyə başladığım andan etibarən hər zaman haqlı olmağa çalışmağı tərk etdim və o vaxtdan daha az səhv etməyə başladım. Bu gün mən bunu “Təvazökarlıq” adlandırıram.
Özümü sevməyə başladığım zaman mən keçmişlə yaşamağa və gələcək barədə narahatlıq duymağa son qoydum. Bu gün mən hər şeyin baş verdiyi indiki zamanda yaşayıram. Bu gün mən hər gün, günbəgün yaşayıram və bunu “Tamamlanma” adlandırıram.
Özümü sevməyə başladığım zaman anladım ki, zehnim məni narahat edə, hətta xəstələndirə bilər. Ancaq, qəlbimlə onun ünsiyyətini təmin etdiyim anda zehnim mənim ən qiymətli dostuma çevrildi. Bu gün mən bu rabitəni “Qəlbin müdrikliyi” adlandırıram.
Artıq mübahisələrdən, münaqişələrdən, özümüzlə və başqaları ilə problemlərdən qorxmamalıyıq. Hətta, ulduzlar bir-biri ilə toqquşur və onlardan yeni dünyalar yaranır. Bu gün mən bilirəm ki, bu – “Həyat”dır.
© 2020 · coaching.az