coaching.az |

Kölgədə bitən ağacın öz kölgəsi olmaz

Atalarımızın dərin mənalı bir sözü var: “Kölgədə bitən ağacın öz kölgəsi olmaz”.  Bu ifadə bizə həyatın içindən süzülmüş vacib bir həqiqəti xatırladır: daim başqasının himayəsində yaşamaq insanı öz gücündən məhrum edir.

Əlbəttə ki, kölgəlikdə bir müddət nəfəs dərmək, özünə gəlmək, güc toplamaq lazımdır, hətta bu faydalıdır. Bəzən həyat çətin gələndə – yorulanda, bezəndə və ya qeyri-müəyyənlik içində qalanda – birinin kölgəsinə sığınmaq insana rahatlıq verir. Belə zamanlarda valideynlərin qayğısı, sevdiyimiz insanların dəstəyi, rəhbərin yön göstərməsi bərpa olunma fürsəti yaradır və o kölgə güc topladığımız etibarlı sığıncağa çevrilir. Orada hər şey rahat və təhlükəsizdir. Külək sarsıtmır, günəş yandırmır.  Lakin bu kölgə müvəqqəti dayanacaq olmalıdır, daimi ünvan deyil. Orada çox qalsaq, öz yolumuzu tapmağı, qərar verməyi, öz məsuliyyətimizi daşımağı unudarıq.

Kölgədə qalmaq asandır, çünki risk yoxdur. Başqasının qərarlarına söykənib və onların təsdiqini gözləyirsən, onların çətiri altında addımlayırsan. Amma bu həyat tərzi səni yavaş-yavaş özündən uzaqlaşdırır. Kölgədə böyüyən ağac kimi nə qədər hündür olsan da, öz kölgəni sala bilmirsən, həyatda özünəməxsus izin olmur. Öz həyatını yaşamaq, öz qərarlarını vermək, öz səhvlərindən dərs çıxarmaq, öz uğurlarına sevinmək – bütün bunlar ancaq kölgədən kənarda, yəni müstəqil addımlarla mümkün olur.

Hər kəsin həyatında bir qərar anı olmalıdır: “Ya öz kölgəni yaradacaqsan, ya da başqasının kölgəsində yox olacaqsan.” İnkişaf məhz bu seçimdən keçir. Kölgədən çıxmaq risklidir – günəş yandırır, külək əsir, bəzən tək qalmaq qorxusu sarır. Amma məhz orada – günəşin altında, riskin içində, sərbəst qərarların arasında insan formalaşır, kök salır və öz kölgəsini yaratmağa başlayır.

Əgər həqiqətən dəyişmək, inkişaf etmək və öz yolumuzu tapmaq istəyiriksə, əvvəlcə özümüzə bu sualı verməliyik: Hazırda kiminsə himayəsində gizlənirəmmi? Cavab bəlidirsə, bil ki, artıq kölgəni tərk edib işığa çıxmağın vaxtıdır.

Elçin Əzimli
Biznes kouç və təlimçi
Emosional intellekt üzrə sertfikatlaşmış mütəxəssis
“Dan ulduzu” və “Çağrı” romanlarının müəllifi

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.