coaching.az |

Köhnə qayıq

Böyük bir çayın kənarında ailəsi ilə birlikdə bir balıqçı yaşayırdı. Bir zamanlar onun işləri yaxşı gedirdi, ancaq o günlər artıq geridə qalmışdı. İndi çay get-gedə az balıq gətirirdi. Qayığı da artıq köhnəlmişdi və demək olar ki, hər yeni günə qayığın təmiri ilə başlayırdı.

Bir gün onların daxmasının yanından yaşlı bir adam keçirdi və balıqçıdan bir gecəliyə ona yer verməsini xahiş etdi. Genişqəlbli ev sahibləri qonağı mehribanlıqla qəbul etdilər, yeməkləri az olsa da onunla bölüşdülər və yatması üçün evin ən yaxşı yerində yer saldılar.

Səhər yola düşməyə hazırlaşan qoca ev sahiblərindən bu yaxşılıqlarının əvəzini çıxmaq istədiyini bildirdi. Qoca əyin-başından varlı adama oxşamırdı, buna görə də balıqçı gülümsəyərək dedi:

– Belə görürəm ki, siz müdrik insansınız və yəqin ki, həyatda çox şeylər görmüsünüz.  Mənə nəsihət edin, bu mənim üçün böyük yaxşılıq olar. Mənə yoxsulluğun daşını birdəfəlik necə atmağın yolunu göstərin.

– Yaxşı, – dedi qoca. – Yoxsulluqdan xilas olmaq üçün öz qayığını suda batır və ondan xilas ol!

Qoca bu sözləri deyəndən sonra ev sahibləri ilə sağollaşdı və gözdən itdi. Balıqçı yad qonağın bu nəsihətini başa düşmədi və çiynini çəkdi:

– Haradan bilmək olar, bəlkə də qoca ağlını itirib. Axı mən bu qayığı necə batıra bilərəm? O, bizim çörək ağacımızdır və qayıqsız biz acından ölərik…

Beləliklə, balıqçı ona verilən nəsihəti yerinə gətirmədi. Yoxsulluqları isə günü-gündən ağırlaşırdı və bəzən elə olurdu ki, onlar şam yeməyini yemədən yatmalı olurdular.

Bir gün əsən güclü fırtına qayığı qayaların birinə çapıb ikiyə bölür, içində olan qoca isə son nəfəsində xilas olur. Qayıq artıq ələ gəlməz olmuşdu – onun təmiri mümkün deyildi.

Ev əhli oturub məsləhətləşirlər və qərara gəlirlər ki, artıq burada yaşamağın mənası yoxdur, çay boyunca gəzib başqa iş tapmaq lazımdır.

Gəzə-gəzə gəlib bir balıqçı qəsəbəsinə çıxırlar. Aman Tanrım, burada nə qədər balacalı-böyüklü qayıqlar var idi!.. Qayıqları görən balıqçının sevincdən qəlbi çırpınsa da,  onlardan hər hansı birini almağa pulu olmadığı üçün məyus olur. O, çayın sahilində oturub başqalarının qayıqlarına baxır və köks ötürürdü.
Düşüncələr içərisində oturan balıqçı qayıqlara daha diqqətlə baxanda görür ki, onlardan bəzilərinin ciddi  təmirə ehtiyacı var. Hətta, aralarında elələri var ki, tamamən parçalanma ərəfəsindədir və təcili təmir olunmalıdır.

O, qayıq sahiblərinə yaxınlaşıb qayıq təmirindən başının yaxşı çıxdığını bildirir və deyir ki, onlara kömək edə bilər. Yerlilər bu təklifi sevinclə qarşılayırlar və beləliklə, bizim balıqçı özünə yeni iş tapmış olur. Axı o, uzun illər öz qayığını təmir edə-edə bu işi mükəmməl öyrənmişdi!

Tezliklə onun şöhrəti ətraf qəsəbələrə də yayılır. Hamı danışırdı ki, qonşu qəsəbəyə mahir qayıq təmirçisi gəlib və onun əli dəyən qayıqlar sanki təptəzə olur. Beləliklə, qayığını təmirə etdirmək istəyən daha çox insan onun yanına gəlməyə başlayır. Hər gün daha çox sifariş alan balıqçı get-gedə varlanmağa başlayır və özünə gözəl baxçası olan yeni ev alır, ailəsi də keçmiş ac və yoxsul günlərini yavaş-yavaş unutmağa başlayır.

Bir gün balıqçı ona qayığını batırmağı tövsiyə edən qocanı xatırlayır və anlayır ki, bu nə qədər müdrik tövsiyə imiş! O, anlayır ki, çox vaxt insanlar köhnə həyatlarından möhkəm yapışırlar və dəyişikliklərdən qorxurlar. Halbuki, yaxşı dəyişikliklər hər zaman özü ilə yaxşı nəticələri də gətirir. Bu nəticənin nə olacağını isə əvvəlcədən görmək və onu qəbul etməyə hazır olmaq lazımdır!

© 2018 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.