coaching.az |

Yaxşı kouç olmasan, güclü idarəçi də ola bilməzsən

Əgər beyninizdə liderlik hikməti üçün bir yer varsa, ora bunları yerləşdirin: İşdə insanları ən güclü motivasiya edən hal, onlar üçün şəxsi məna kəsb edən nədəsə inkişafa nail  olmalarıdır. Sizin işiniz digərlərini yönləndirməkdirsə, məqsəd aydındır: hər gün etməli olduğunuz ən vacib şey, öz komanda yoldaşlarınız üçün faydalı olan işlərdə müvəffəqiyyət əldə etmələrinə yardımçı olmaqdır.

Beləliklə, siz hər bir insanı irəli aparan amilin nə olduğunu dərk etməli, onları işləri ilə təşkilatın missiyası və strateji məqsədlərini əlaqələndirməyə kömək etməli, əks əlaqədə olaraq (feedback verərək) vaxtaşırı fikir bildirməli verməli və hər bir şəxsin malik olduğu baza üzərindən davamlı öyrənmə və inkişafı üçün yardım göstərməlisiniz. İnkişaf çərçivəsində nizamlı əlaqələr qurulması – kouçinq sessiyalarının aparılması çox vacibdir. Bugünki araşdırmalara əsasən, yüksək effektivli idarəçini orta səviyyəli birindən fərqləndirən ən vacib bacarıq – məhz kouçinqdir.

Qəribədir ki, bir çox şirkətlərdə idarəçidən tələb olunan formal səriştələr arasında kouçinq yer almır. Hətta araşdırmalar işçilərin və namizədlərin karyera inkişafının və davamlı öyrənmələrinin onların işlərinin digər bir çox aspektlərinin daha üstündə olduğunu aydın şəkildə göstərsə də, idarəçilərin çoxu bunu öz rollarının vacib bir hissəsi olduğunu dərk etmirlər. Onlar bu tərz ünsiyyət söhbətlər və digər bir çox çatışmayan bacarıqlar üçün vaxtlarının olmadığını fikirləşirlər. Hələ də işçilərin 70%-dən çoxunun öyrənməsi və karyera inkişafı rəsmi təlim proqramları ilə deyil, iş təcrübəsi zamanı baş verir. Beləliklə, əgər idarəçilər bu məsələdə dəstəkləyici və aktiv iştirakçı olmazlarsa, bu işçilərin inkişafında əngəl törədən faktor olar. Həmçinin, onların öhdəlikləri və şirkətə bağlılığında da.

Köhnə biliklərə sahib, sadəcə nəticəyə fokuslanmış köhnə tərzli idarəçiləri öz işçilərinə kouçinq etmələrini öyrədə bilərsinizmi? Əlbəttə ki, bu mümkündür. Bu təlimin irəliləyişi iki istiqamətdə olacaq.  Bu, digər şəxslə ahəngdar ünsiyyət yaratmaq və onları qayğılandıran nələrisə əldə etmək, eyni zamanda olmaq istədikləri şəxs olmalarına daha çox yardımçı olmaq üçün əhəmiyyətli təcrübədir. Əgər kouçinq sessiyaları effektiv və ahəngdar olarsa, bu müsbət enerjiyə çevrilər. Yüzlərlə tələbə-rəhbər mənə demişdir ki, digərlərinin öyrənməsinə və inkişafına yardımçı olmaq, idarəçi kimi onlar üçün əhəmiyyətli təcrübə olmuşdur.

Bu gündən başlayaraq, siz idarəçi kimi əhəmiyyətli dərəcədə effektiv ola bilər, komanda yoldaşlarınızla davamlı kouçinq sessiyaları aparmaqla, öz işinizdən daha da həzz ala bilərsiniz. Onların davamlı öyrənmə və inkişaf prosesinə dəstək olmaq üçün aşağıdakı 5 faydalı məsləhətdən başlaya  bilərsiniz.

Diqqətlə dinləyin. Beynində çoxlu düşüncələr olan birinə vacib bir məlumat ötürmək istədikdə, onun nə hiss edəcəyi barədə ətraflı fikirləşin. Həmsöhbət olduğunuz şəxsin tamamilə sizə fokuslandığını, sizin səmimi qəlbdən və açıq şəkildə dediklərinizi aktiv dinlədiyini görmək söhbətin daha etibarlı və rahat mühitdə baş tutmasına şərait yaradacaq. Kouçinq sessiyasını “bu ay necə inkişaf etmək istəyərdiniz?” sualı ilə başlaya bilərsiniz. Açıq beyin, maksimum diqqətlə dinləmə cəhdiniz, yüksək keyfiyyətli əlaqə yaratmaq komanda yoldaşınızı sizinlə səmimi olmağa və yaradıcı düşüncə ilə söhbətə təşviq edəcək və seçdiyiniz sözlər yuxarıda qeyd olunanlardan daha az əhəmiyyətlidir.

Sual verin, deməyin. İdarəçi kimi siz söhbətin tamamilə yönləndirici bir formada getməsi üçün ekspert səviyyəsində bacarığa sahibsiniz. Bu, hər hansı bir layihəni idarə edərkən və ya məsləhət üçün insanların sizə müraciəti zamanı atılacaq addımları müəyyənləşdirmək üçün çox yaxşıdır. Amma kouçinq sessiyaları zamanı qarşı tərəfdən səmimi cavab almaq üçün bu bacarığınızı məhdudlaşdırmaq çox əhəmiyyətlidir. Sizin cığırınız işçinizin çığırı deyil.  Kouçinqin əsas aləti açıq tərəfli suallardır, cavablar deyil. Sizin kouç olaraq uğurunuz komanda yoldaşlarınıza öz məqsəd və istəklərini formalaşdırmaqda və öz cavablarını tapmaqda yardımçı olmaqdır. Məhz bu, insanların qayğısına qaldıqları və həyata keçirmək istədikləri ilə prioritetlərini müəyyənləşdirib, strategiyalar hazırlayaraq necə ahəng yaratdıqlarını aydınlaşdırır.

İnkişaf üçün ittifaq yaradın və ona dəstək olun. Kouç olaraq sizin rolunuz hazır həllər vermək deyil, öz əməkdaşlarınızı inkişafa yönəlik  hədəfləri və strategiyalarında yardımçı olmaqdır. Hesab edək ki, əməkdaşınız firmanızın xidmətlərindən istifadə edən sonuncu müştərilərin şirkətin xidmətlərini necə qiymətləndirdikləri barədə daha geniş məlumat toplamaq niyyətindədir. Buna görə də, o növbəti həftə ərzində sonuncu istifadəçilərlə müsahibə keçirmək və bu müsahibənin nəticələrini internet səhifənizdə paylaşmaq üçün bir məqalə hazırlamaq istəyir. Siz razılaşırsınız ki, bu həm işçi, həm də şirkət üçün faydalı ola bilər. İndi isə, əmin olmalısınız ki, bunları həyata keçirmək üçün əməkdaşınızı icra planı hazırlamaq üçün uyğun səlahiyyət, yer və resurslarla təmin etmisiniz. Bundan əlavə onu dəstəkləmək üçün, məqaləni işçi yönümlü öyrənmə və inkişaf nümunələri ilə daha rəngarəng edə bilərsiniz. İşi təqibdə saxlamaq inam yaratmaqda və kouçinq prosesinin daha effektli olması üçün önəmlidir. Təqib etməklə əməkdaşınızın inkişaf planını dəstəkləmək üçün nə qədər nə dəstək olasınız, kouçinqininiz o qədər effektiv olar və işçinin sizə inamı daha da artar.

Pozitiv tərzdə irəli getməyə fokuslanın.  Çox vaxt kouçinq sessiyaları zamanı, kouçluq etdiyiniz adam məyusluğunu detallı olaraq anlatmaq üçün səy göstərə bilər. “Yeni əlaqələr qurmaq üçün daha çox vaxt sərf etmək istəyərdim, amma mənim çevrəm geniş deyil. Potensialım geniş olmağına baxmayaraq, sadəcə tapşırılan işi təslim etmək üçün işləyirəm. Faydalı seminarlarsa iştirak etməyi çox istəyərdim, amma daha çox təhvil verməli olduğum işlər barədə düşünürəm.” Bu fikirlər müvəqqəti rahatlığı təmin edə bilər, amma ümumi həll demək deyil. Əməkdaşınızın belə məyusluqlarını qəbul etmələri üçün zaman ayırın, amma onları daha çox bu vəziyyətdən necə çıxmaq barədə fikirləşməyə təşviq edin. Bunun üçün aşağıdakı sualları verə bilərsiniz:

  • Vurğuladığınız fəaliyyətlərdən hansını özünüzü inkişaf etdirmək və şirkətimizə dəyər qatmaq üçün ən böyük potensialınız olaraq görürsünüz?
  • Cədvəlinizə hər həftə inkişafa yönəlik məşqlər üçün iki saat vaxt qeyd edə bilərikmi?
  • Önəmli tapşırıqlarınızın təhvilini sürətləndirmək üçün hansı bacarıqlarımızı inkişaf etdirə bilərik?
  • Komandada necə daha səmərəli işləyib, eyni zamanda inkişafımız üçün boş vaxt qazana bilərik?

Cavabdehlik yaradın.  Kouçinq sessiyası zamanı öhdəliklərinizi yerinə yetirdiyinizdən əmin olmadan savayı, əməkdaşınızda inkişaf planının formalaşması və icrası üçün cavabdehlik şüuru yaratdığınızdan da əmin olun. Cavabdehlik kouçinq sessiyasının müsbət təsirini artırır və təşkilati səmərəliliyin açarı kimi onun düzgün yerini möhkəmləndirir. Əgər əməkdaşınız hədəflərinə uyğun təlim proqramları axtarmağı planlayırsa, həmin proqramların qiymətini və ona sərf edəcəkləri vaxtı və bununla əlaqəli iş saatından nə qədər ayıracaqlarını düşündüklərini  dəqiq plan üzrə sizə bildirmələrini xahiş edərək, onların planını bir az daha nizamlayın.

Əməkdaşlarınıza kouçinq etmək sizə nə verir? Bu sizinlə əməkdaşlarınız arasında daha güclü bağlar yaradır, təkmilləşmək üçün onlara dəstək olur və ən pik səviyyədə performans nümayiş etdirmək üçün lazımi bacarıqlarını gücləndirmələrinə fürsət yaradır, eyni zamanda özlərini daha yaxşı hiss edirlər. Keçən ay Şanxayda etdiyim kouçinq zamanı bir əməkdaş mənə yaxınlaşaraq kouçinqdən sonra özünü “bungee jump” (ayağına ip bağlayaraq hündür bir yerdən tullanmaq) etmiş kimi hiss etdiyini söylədi. Kouç olaraq həmin adamın sessiyaya yorğun və bir az da daha sakit qatıldığını və sessiyanın sonuna yaxın gülümsəyərək və daha enerjili ayrıldığını müşahidə etməkdən çox məmnun olmuşdum. O, təkcə  kouçinq iştirakçısı olmaqla bərabər, sessiyanın gözlə görünən bir enerji qazandırdığını da sübut etmişdi.

Beləliklə, yolunuza davam edərək daxili sıçrayışınızı edin. Əməkdaşlarınızın inkişafını sürətləndirən kouçinq sessiyalarının həyəcanına həqiqətən valeh olacaqsınız.

Müəllif: Monique Valcour | CPCC, Executive and Career Coach, HBR contributor
Mənbə: Harvard Business Review
Tərcümə: Gülzar Novruz

 

© 2018 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.