Arzu edirəm ki, alınsa, özümdən sonra hədiyyə – xeyrxahlıq ruhu ilə yoğrulmuş esse qoyum.
Aşağıdakı sətirlər amerikalı yazıçı və şair, İndiana ştatından olan Maks Ermannın (26.09.1872-09.09.1945) “Desidarata” adlı yazısından alınmışdır.
Hay-küy və tələskənliyin içərisində sakitcə öz yolunla get və unutma ki, hüzuru ancaq səssizlik içərisində əldə etmək mümkündür. Mümkün olduğu qədər, çox güzəştə getmədən başqaları ilə yaxşı münasibətlər içərisində yaşa. Həqiqəti sakit və aydın tərzdə de. Başqalarına qulaq as, hətta zəif zəkalılara və savadsızlara da, çünki onların da öz hekayələri var.
Aqresiv və hay-küylü insanlardan uzaq dur – onlar əhval-ruhiyyəni korlayır. Özünü heç kimlə müqayisə etmə: biveclik və kədər hissi sənə sahib ola bilər. Hər zaman səndən daha üstün və ya daha əskik insanlar tapılacaq.
Uğurlarına və planlarına sevin. Uğura can at, hətta lap ən sadəsinə də; sadəcə o, bu dəyişən dünyada sənin əsl əsərindir. İşlərində diqqətli ol, dünya kələklə doludur. Ancaq, comərdliyə qarşı kor olma; çox insan böyük ideallara can atır və hər tərəfdə həyat qəhrəmanlıqlarla doludur.
Özün ol. Dostluğu və sədaqəti təqlid etmə. Sevgidə arsız olma – boşluq və məyusluqla müqayisədə o, çəmənlik kimi əbədidir, yenidən və yenidən cücərir.
Xeyrxah qəlblə illərin sənə verdiyi məsləhətləri qəbul et və minnətdarlıq hissi ilə cavanlıqla sağollaş. Qəfil bədbəxtçilik üçün ruhunu möhkəmləndir. Qara düşüncələrin səni ələ keçirməsinə imkan vermə. Yorğunluq və təklik bir çox qorxunun yaranma səbəbidir.
Nizam-intizamı unutmadan özünə qarşı xeyrxah ol. Sən ağaclar və ulduzlar qədər kainatın övladısan və bu dünyada olmağa haqqın var. Bunu dərk edirsən ya yox, ancaq dünya inkişaf etməli olduğu şəkildə inkişaf edir.
Tanrını dərk etmə şəklindən asılı olmayaraq onunla sülh içərisində ol.
Nə ilə məşğul olmağından və nələr xəyal etməyindən asılı olmayaraq, həyatın qaça-qaçı içərisində qəlbindəki hüzuru qoru.
Özünün bütün məkrləri, ağır əməyi və məhv olmuş arzuları ilə dünya yenə də gözəldir. Ona qarşı diqqətli ol.
Ruhdan düşmə və xoşbəxt olmağa çalış.
Şəkildə: Maks Ermannın doğulduğu Terre Haute şəhərində 2010-cu ildə qoyulmuş abidəsi.
© 2020 · coaching.az