Xoşbəxtlik nədir?
Ümumi götürsək, xoşbəxtlik – arzuların reallaşması və hədəfə çatmaq kimi anlaşılır.
Əslində xoşbəxtlik elə bir hissdir ki, onu daimi hiss etmək olmur. Bu, məna etibarı ilə bir an sayılır. Bəli, adi bir an. Bu an qısa və uzunmüddətli ola bilər. Onda siz anlayırsınız ki, xoşbəxtsiniz. Məhz həmin an xoşbəxtsiniz. Keçmişdə ya da gələcəkdə xoşbəxt olmaq olmur. Ancaq indi, onu yaşadığın an xoşbəxt olmaq olur. Belə anda bunu hiss edir və onun xoşbəxtlik ya da əks hiss olduğuna qərar veririk.
Xoşbəxtlik ötəri hisslər sırasına daxildir. Onu tutmaq, qəfəsə salıb saxlamaq mümkün deyil.
Təbii ki, xoşbəxtlik anlayışı hər kəs üçün fərqli ola bilər. Kiminsə üçün xoşbəxtlik puldadır, bir başqası üçün sevgi və dostluqdadır. Elələri də var ki, bu hiss onlar üçün sağlamlıqda və can sağlığındadır.
Biz yaxınlarımızı, dost-tanışlarımızı təbrik edərkən, onlara xoşbəxtlik arzu edirik. Bu ali arzular sırasına daxildir.
Məsələ ondadır ki, insan hər zaman xoşbəxtliyə meyil edir. Bu bizim həyat motivimizdir. Hətta intihar etmək istəyən belə, həmin aktı reallaşdırmaqla öz bədbəxtliyindən xilas olub, xoşbəxtliyə can atır.
Ona görə də biz gərək xoşbəxtlik məfhumunun üzərinə o qədər böyük şeylər yükləməyək. Çünki xoşbəxtlik bizim həyat hədəfimiz yox, sadəcə mövcudluğumuzun adi bir üsuludur.
Xoşbəxtlik- hər şeydə xeyirli tərəflər görə bilməklə, yaşadığımız həyata məna qatıb, gümrahlığı və nikbinliyi həyat modelinə çevirməklə yaranır. Belə adamlar minnətdar olmağı bacarır. Onlar nəinki sevgilərini və sevinclərini bölüşməyi, həmçinin maddi şeylərini də paylaşmağı bacarırlar.
Xoşbəxt adamlar anın dadını çıxartmağı bacarırlar. Onlar nə keçmişlə, nə də gələcək qayğılarla yaşayırlar. Belələri kiçik hadisələrlə xoşbəxt olmağı bacarırlar.
Yaxın bir tanışımın pis vərdişləri var. İfrat dərəcədə siqaretə və içkiyə düşkün adamdır. Deyir, ”nə istəyirəm yeyir, nə istəyirəm içirəm. Xoşbəxtlik məhz budur.” Mən ona deyəndə ki, bəs, bəzi içki və qidalardan sağlamlığıma zərərli olduğu üçün istifadə etmirəm. Adam mənə cavab verir ki, özünü boğub saxlamaqla xoşbəxtlik olmur.
Nə etmək olar?! Bu onun öz həyat ”fəlsəfəsi” və seçimidir.
Halbuki mən nəfsimi saxladığım üçün özümü heç də narahat hiss etmirəm. Şəxsən mənim üçün sevinc və həzz arasındakı incə fərq çoxdan aydın olub. Hər şey çox sadədir. Elementar misal göstərim. Belə ki, gecə vaxtı çox dadlı tort ya xörək yedinsə, demək ki, həzz ala bildin. Ancaq gecə onları yeməkdən imtina etdinsə, səhər sevinc yaşayırsan ki, pis arzunu, nəfsini boğmaqla, zərərli halın öhdəsindən gələ bildin. Bu vəziyyətin gətirdiyi sevinc mənə həm də xoşbəxtlik gətirir.
Bu məqaləmdə isə xoşbəxtlikdən yox, başqa mövzudan bəhs edəcəyəm.
Yəhudilərin bir atalar sözü var: “Az ye, az danış və az şikayət et!”
Bu deyimi öz prinsiplərim sırasına daxil etmişəm. Bəli, həyat faktiki olaraq çətindir. Bizim ölkədə bu ikiqat çətindir. Reallıqlar var. Bütün hallarda nikbinliyimi qorusam da, reallıq hissimi də itirməməyə çalışıram. Əslində həyat mənasızdır. Onu mənalı edən bizim ona müsbət və ya mənfi yanaşmağımızdır. Bu məna yükü də bizim daxili dünyamızla əlaqəlidir. Prinsiplərimiz, həyat fəlsəfəmiz, meyarlarımız, özümüzü tanımaq ehtirasımız həyata müəyyən məna yükləməyimizə rəvac verir.
Emosianal intellekti, cəsarəti və daxili azadlığı nasaz olan insanların əhatəsində yaşayırıq. Təəssüf ki, əksəriyyət bu vəziyyətdədir.
Özlərini xoşbəxt edə bilməyən adamlar sizi xoşbəxt edə bilməzlər!
Bu ifadə bəlkə də klişe səslənə bilər, ancaq reallıqdır. Hə, deyə bilərsiniz ki, “gəl 150-200 manat maaşla Azərbaycanda xoşbəxt yaşa, əgər yaşaya bilirsənsə!” Haqlısınız, bu ölkədə yaşamaq çətindir. Bir şey də var ki, mübarizə aparmadan bu ölkədə müsbət dəyişikliklərə ümid etmək olmaz. Nədir, yoxsa elə bilirsən ki, Fransada, ABŞ-da o tərəqqi və inkişaf ancaq arzulamaq və dua etməklə baş verib?! Aha, buralarda ol!
Dəfələrlə müşahidə etmişəm. Ona görə belə əmin şəkildə qeyd edirəm. Xoşbəxt olmağı bacarmayan, yanındakıları da bədbəxt edir. Bu şey sirayətedicidir.
Həyatın müəyyən anlarında həmin şəxslər fədakarlıq edib, sizə müəyyən xoşagələn və sevincli anlar yaşada bilərlər. Ancaq sonra bu fədakarlıq minnətə çeviriləcək. Peşman olacaqsınız. Aciz və xoşbəxt olmayan adamlardan uzaq durmaq lazımdır!
Bu amansız, radikal və çox kobud çağırış kimi səslənə bilər. Yenə də seçim sizə məxsusdur. Ancaq bu fikiri mən ”kəşf” etməmişəm. Əksər psixoloq və sosioloqlar xoşbəxtliyə can atan şəxslərə bu tövsiyyəni verirlər.
Xoşbəxt olmayan adamlar pessimist olurlar. Onlar ətrafa neqativ enerji ötürürlər. Həmçinin yanlarında olanların, onlarla ünsiyyətə keçənlərin enerjisini çəkib sovururlar. Belələrinə enerji vampirləri də demək olar.
Adam onlarla hal-əhval tutmağa peşman olur. Verdiyimiz ”necəsən?” sualından sonra, onların üzü büzüşür, gözlərində qəm nişanələri yaranır və dərin bir ”ah” çəkib, qəhərli səslə şikayətə başlayırlar. Elə bil zərərli kimyəvi qaz ifraz edib, bizi də zəhərləyirlər. Onların yanından ayrılıb gedəndən sonra da həmin gün ərzində halsız, süst oluruq. Hətta elə olur ki, biz də ətrafı ”qaranlıq” görməyə başlayırıq. Dodağımızdakı təbəssüm yoxa çıxır və enerjisiz oluruq.
Ətrafımızda bu cür pessimistlərin varlığı bizə qeyri-əminlik verir. Zamanla hiss etmək olur ki, bizim qərar vermək qabiliyyətimiz də yoxa çıxmağa başlayır. Hədəflərimizə doğru getdiyimiz yolda axsamağa başlayır və ağzı üstə yerə yıxılıb, elə oradaca qalırıq. Gücümüz də olmur ki, ayağa qalxıb, yola davam edək.
Onlar bizim xəyal və arzularımızı darmadağın etmək iqtidarındadılar. Şüurlu, ya şüursuz, qəsdən ya da bilmədən onlar bunu edirlər. Bu həmin şəxslər üçün bir həyat tərzi sayılır.
Addım atmaq, nəsə hərəkət etmək yerinə onlar sadəcə şikayət etməyi seçirlər.
Əsas istəklərindən biri də, başqalarını da özlərinin “gününə” salıb, bədbəxt eləməkdir. Azad və xoşbəxt adam onlarının düşməni sayılır. Bunu hiss edən kimi zombi kimi həmin şəxsin üstünə gedib, onun boğazından yapışırlar.
Belələrinə ‘tempi, həvəsi öldürən’ də demək olar. Əgər qələt edib onlara hansısa görməyi planlaşdırdığın işindən, hər hansı mühüm qərarından bəhs etsən, o dəqiqə səni həvəsdən salmağa başlayacaqlar. Səni müxtəlif maneələrlə qorxudacaq, hadisələri şişirdəcək və elə düşünməyə təşviq edəcəklər ki, sən həmin işin öhdəsindən heç cür gələ bilməyəcəksən.
Onların simalarından daim narazılıq yağır və şikayət edib, ”ağlamaqla” həyat sürürlər. Bəziləri çox yaxşı zirehləniblər və əksər hallarda özlərini asan-asan ələ vermirlər. Kənardan hətta elə zənn etmək olar ki, onlar şən və xoşbəxt şəxslərdir. Yaxınlıq yaranandan sonra isə çox şey aydınlaşır. Belələri ən çox sevgili və ya partnyor qismində olurlar.
Onlara ”passiv aqressor” da demək olar. Bu tip məhz sizin özünüzdən şikayət edir, ya davranışlarını işarələrlə ötürür ya da əhəmiyyətli şəkildə susqunluq nümayiş etdirirlər.
Onların üstüörtülü siqnalları sizi çaşdırır. Hə, belə adamlar heç vaxt istək və narazılıqlarını açıq şəkildə bildirmirlər.
Gərək biz hər şeyi özümüz təxmin edib, həll edək. Suallara da tapmaca formasında cavab verirlər: ”nədir, bəyəm özün görmürsən?” ya ”sən özün necə düşünürsən?” tipli adama od qoyan cavablar verirlər. Hərdən də lap dəhşət cavab gəlir: ”hər şey normaldır, mən incimirəm!”
Qalırsan belə ki, axı mən neylədim ki, bu incidi?
Passiv aqressor bütün hallarda məsafə saxlamağa davam edir və bununla o mesajı ötürür ki, “sən günahkarsan.”
Nəticədə biz bağlı, düyünlənmiş labirintin içinə düşürük. Onun davranışının məntiqini anlamağa, tapmağa çalışarkən isə ömrümüzün yarısı gedir.
Xoşbəxtlik bir seçimdir. Bizim isə seçim etmək və qərar vermək qabiliyyətimiz mövcuddur.
Xoşbəxt olun!
Müəllif: Orxan Adıgözəl
© 2018 · coaching.az