coaching.az |

Uşaqlarımız

Bizdə qədim vaxtlardan adət olub ki, uşaqlarımızı böyük adamların məclisindən uzaq saxlamışıq.

Ola bilər ki, bu adət arvadlarımızın kişilərdən gizlənməyindən törəyibdir. Belə ki, arvadları kişi məclisindən qovanda biz uşaqları da analarının yanına qovmuşuq.

Və beləliklə uşaqlar kişilərdən uzaq düşüb, vaxtlarını ya qadın məclislərində ya da küçə-bacada keçirməli olublar.

Biz özümüz uşaqlıqda belə görmüşük və bu səbəbdən də başqa millətlərin cavanları  vaxtında dərs və tərbiyəni tamam etdikdə, biz onlardan azından on il gecikmişik.

Həmin səbəbə görə indi bir çox nöqsanlar qabağımıza gəlməkdədir ki, bunların hamısı uşağı özümüzdən kənar eləməyimizdən törəyir.

Ümumiyyətlə, deyə bilərik ki, biz başqa millətlərə nisbətən uşağı çox az istəyirik, onlara az etina edirik. Biz elə bilirik ki, uşağı vaxtında yaman-yaxşı bir mədrəsəyə qoyandan sonra bununla bizim işimiz qurtardı getdi. Hərdən bir məsələn, dörd-beş ayda bir dəfə mədrəsə müdirindən uşağımızın yaxşı ya pis oxumağı haqqında xəbərləşirik və elə bilirik ki, bunula atalıq vəzifəsini tamam edib qurtardıq. Amma bir məsələni unuduruq ki, elmi ələ gətirmək ilə tərbiyə işi gərək tuş gedələr.

Çox atalar uşaqlarının oxuduğu məktəbin yolunu və harda olmağını tanımırlar, çünki arxayındırlar ki, uşaqları orda dərslərini oxumaqdadırlar. Biz buna etina etmək istəmirik ki, uşaqlarımız harda oxuyur, nə dərs oxuyur, nə üsul ilə oxuyur, hansı mühitdə və nə mənada oxuyur və deyirik ki, uşaqlarımız nə oxuyurlar oxusunlar, ancaq bizə çox başağrısı verməsinlər.

Uşaqlarımıza çörək-paltar verməklə, onları dərsə qoymaqla bizim borcumuz hələ qurtarmır, uşaqlarımızın gününün xoş keçməsi yolunda da çalışmalıyıq.

Biz gərək düşünməyək ki, uşaqlarımıza küçədə aşıq-aşıq oyunundan savayı başqa məşğuliyyət lazım deyil, hələ bəlkə də uşaqlara bu aşıq-aşıq oyununu da çox görür atalarımız.

Əlbəttə, uşaq özünə məşğuliyyət tapacaq, amma gərək bu işdə uşaqları özbaşına buraxmayaq, bu barədə onlara kömək edək, onları xətalı məşğuliyyətlərdən uzaqlaşdırıb, onlar üçün faydalı və daha xoş vaxt keçirmələrinə yardım edək.

Bilən varmı burda bizim böyük əskikliyimiz nədir?

Uşaqlara məxsus teatrların olmaması.

Uşaq teatrının nədən ibarət olması özgə bir söhbətdir ki, gələn nömrələrimizin birində bu barədə ayrı bir məqalədə danışarıq, amma burada bircə bunu söyləmək lazımdır ki, uşaqlara məxsus teatrlarımızın olmamağı bais olur buna ki, uşaqlarımız biz böyükləri gecə teatrına gedən gördükdə və bu teatr­ların qışqırıqlı oxuyub-çalmalarını eşitdikdə bizdən xəbərsiz həmin teatrlara doluşub biz böyüklərdən qabaq səhnə görsənişlərinə əl çalırlar. Amma bu belə olmamalı: özgə işlərdə də səliqəsiz olmağımız ötüşsə burada ötüşməyəcək, ondan ötrü ki, bizim bu gödək ömrümüzdə bizə tək bircə dəfə uşağa tərbiyə vermək qismət olacaq. Bu işi də labüd biz gərək öyrənək – öyrənməsək, böyük insafsızlıq eləmiş olacağıq.

Köhnə müəllim

“Yeni yol”, 27 yanvar 3 fevral 1923-cü il, N 4-5.
Cəlil Məmmədquluzadə “Seçilmiş əsərləri”, 3-cü cild

© 2022 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.