coaching.az |

Taleyini sev

Xoşbəxtlik insanın özü ilə birgə yaşaya bilmə bacarığıdır. Bu, insanın zəif tərəflərini anlayışla qəbul etməsi, güclü tərəflərini dərindən tanıması və bu iki qütb arasında tarazlıq qurması mənasına gəlir. İnsanın içindəki sülh və ahəng məhz bu bacarıqla başlayır.

Bu daxili müvazinət formalaşdıqda, insan həyatın gətirdiyi hadisələri dəyişmək acizliyindən xilas olur və əvəzində həmin hadisələrə verdiyi mənanı dəyişmək qüdrətinə sahib olur. Hər itki, hər uğursuzluq və hər sevinc artıq bir xarici təsadüf kimi deyil, insanın daxili dünyasında mənalandırılan bir təcrübəyə çevrilir. Məhz burada biz antik fəlsəfənin və alman filosofu Nitsşenin vacib fəlsəfi ideyalardan biri olan “Amor fati” – yəni öz taleyini sevmək anlayışı ilə qarşılaşırıq.

Nitsşe deyirdi: “Mənim düsturum budur: taleyini sev. Bu o deməkdir ki, insan öz taleyini olduğu kimi, bütün qəddarlığı və qaranlığı ilə qəbul etməlidir; çünki yalnız bu halda o, həyata həqiqətən “hə” deyə bilər.”

İfadənin özü latınca olsa da, ideyanın kökləri qədim Yunan və Roma filosoflarına gedib çıxır. Epiktet, Seneka və imperator Mark Avreli kimi stoaçı mütəfəkkirlər inanırdılar ki, insanın nəzarət edə bilmədiyi hadisələrə – ölüm, xəstəlik, təbiət hadisələri kimi – müqavimət göstərməsi mənasızdır. Mark Avreli öz qeydlərində yazırdı ki, başımıza gələn hər şey sanki bir həkimin yazdığı dərman kimidir; acı olsa da, sağalmaq və güclənmək üçün lazımdır.

Nitsşe stoaçılardan bir addım irəli getdi. Ona görə, insan öz taleyini sadəcə olduğu kimi qəbul etməməli, həm də sevməli idi. Çünki yalnız sevdiyimiz şeyi dəyişdirə, formalaşdıra və ona yeni məna qazandıra bilərik.

Sufizmdə Amor fati fəlsəfəsinin qarşılığı “riza məqamı” və ya “təslimiyyət” anlayışıdır. Ruhani inkişafda əsas məqsəd insanın həyat və taleyin hər şəraitində sükunət və daxili harmoniya tapmasıdır. Sufi üçün kainatda baş verən hər bir hadisə Yaradanın sifətlərinin bir təzahürüdür və Onun iradəsindən kənar heç bir şey yoxdur; bu səbəbdən taleyi sevmək, əslində taleyi qələmə alanı sevməkdir. Burada mürid artıq həyatın gətirdiyi hər şeyə, həm xoş, həm də çətin hadisələrə qarşı qəlbən razıdır.

Mövlanə Cəlaləddin Rumi və Şəms Təbrizi kimi mütəfəkkirlərin dünyasında bəla və kədər bir cəza deyil, ruhu təmizləyən və insanı Allaha yaxınlaşdıran “ilahi bir qonaq”dır. Nitsşenin taleyi sevmək dediyi məqam, sufizmdə “Qəhrin də xoşdur, lütfün də xoş” fəlsəfəsi ilə kəsişir. Sufi, başına gələn hər bir çətinliyi bir lələkli qələmin vərəqdə qoyduğu iz kimi qəbul edir: o bilir ki, qələm Yaradanın əlindədir və yazılan hər bir sətir, hətta ən ağrılısı belə, ümumi harmoniyanın və böyük hikmətin bir parçasıdır.

Bu anlayış həyatda təslimiyyətçi mövqeni təşviq etmir, tam tərsinə, insanı daha fəal, məsuliyyətli və daxili gücünü istifadə edən mövqeyə gətirir. Taleyini sevən insan hər hadisəni həyat yolunun növbəti dayanacağı kimi görür; taleyini sevməyən isə özünü təsadüflərin oyuncağı kimi hiss edir. Burada, sadəcə xoşbəxtlik deyil, varlıq anlayışının özü dəyişir – insan artıq bir müşahidəçi deyil, taleyinin fəal iştirakçısı olur.

“Amor fati” fəlsəfəsi insanın başına gələn hər bir hadisəni, hər bir ağrını və hər bir qələbəni öz varlığının ayrılmaz bir parçası kimi qucaqlamasını tələb edir. İnsan özü ilə yaşamağı öyrəndikdə, taleyin ona təqdim etdiyi çətinlikləri bir yük kimi deyil, xarakterini cilalayan bir imkan kimi görməyə başlayır.

Ancaq böyük bir iztirab insan ruhunu tam azad elə bilər. Belə bir iztirabın bizi “daha yaxşı” etdiyinə şühbə duyuram, amma bizi daha da dərinləşdirdiyini bilirəm.

Nitsşe

Həyatın çətinlikləri və dərdi yox olmur, lakin daxilində Amor fati ruhunu daşıyan insan onları yük kimi deyil, öz gücünü sınayan və möhkəmləndirən təcrübələr kimi qarşılayır. O, dik dayanır və bu təcrübələri daşımaq üçün ruhunda sarsılmaz bir dayaq nöqtəsi qurur. Bu dayaq həm öz qüsurları ilə barışmaqdan, həm də taleyin hər anına şüurlu şəkildə “bəli” demək cəsarətindən doğur. Beləliklə, insan kənar təsadüflərin əsiri deyil; o, daxili möhkəmliyinə söykənərək həyatı geniş bir perspektivdən əhatə edir və hər anını öz iradəsi ilə formalaşdırır.

Beləliklə, xoşbəxtlik artıq xarici şəraitin, “daydayın”, zənginliyin və kənar rəylərin oyuncağı olmaqdan çıxır. O, gücünü insanın öz keçmişini və gələcəyini bütün rəngləri ilə olduğu kimi qəbul etməsindən alır. Özü ilə harmoniyada olan və öz taleyini bütün anları ilə sevən insan üçün dünya artıq qorxulu bir yer deyil. Tam tərsinə, özünü reallaşdırdığı böyük bir laboratoriyaya çevrilir.

Bu yanaşma insana “niyə mənim başıma gəldi?” şikayətindən daha düşündürücü bir sual verir: “Bu mənim kimə çevrilməyimə xidmət edir?” İnsan yaşadıqlarını bir fəlakət kimi gördükcə, onlardan qaçmağa çalışır. Amma ağrıdan qaçmaq əvəzinə onu anlamaq, itkidən qaçmaq əvəzinə ondan dərs çıxarmaq, uğursuzluğu lənətləmək əvəzinə onu istiqamət kimi görmək – məhz bu, Amor fatinin fəlsəfəsidir.

“Amor fati – taleyini sevməkdir” cümləsi çeynənmiş bir şüar deyil, sınaqdan keçmiş bir həyat fəlsəfəsidir. Bu mövqe insanı qurban psixologiyasından çıxarıb məsuliyyət mövqeyinə gətirir. Bəli, həyat sadəcə başımıza gələnlərdən ibarət deyil, həm də bu hadisələrə verdiyimiz mənadan ibarətdir.

Nəticə olaraq, insan yalnız taleyini qəbul etdikdə və sevdikdə, həyatını da sevməyi öyrənir. Xoşbəxtlik isə uzaqda axtarılacaq bir əşya deyil; o, insanın özü ilə qurduğu dərin və sarsılmaz münasibətdə gizlənir.

Müəllif: Elçin Əzimli
Yazıçı, biznes kouç və təlimçi
AR Təhsil Nazirliyinin yanında İctimai Şuranın üzvü
“Dan ulduzu” və “Çağrı” romanlarının müəllifi

Şərh əlavə et

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.