coaching.az |

Süni intellekt, yoxsa süniləşdirilə bilməyən duyğular

Dan Brownun hal-hazırda oxumaqda olduğum son romanı “Origin”də ələ alınan süni intellekt mövzusu məni bu məqaləni yazmağa ilhamlandırdı. Əsərdə Winston adlı robot – süni intellekt proqramı insanla ünsiyyət qurur, çətin problemləri həll edir, hətta gələcəyə yönəlik təxminlər yürüdür. Əlbəttə ki, oxuduğum əsər elmi-texniki tədqiqat raportu deyil, bədii yönümlü əsərdir və Winstonun ədəbi obrazı yaradılarkən, ədəbiyyatçı yanaşması mühəndis məntiqini üstələmişdir.

Süni intellekt insan məntiqini maşınlarda tətbiq etmək məqsədi daşıyan riyazi elm sahəsidir. Əsası keçən əsrin ortalarında qoyulan süni intellekt son zamanların ən çox maraq doğuran və ən çox investisiya qoyulan sahələrindəndir. Bu ifadənin ingiliscə adının (Artificial Intelligence) akronimi olan AI artıq çoxdan elmi ədəbiyyatda öz möhkəm yerini tutmuşdur.

Müasir kompüterlərin “atası” sayılan Alan Mathison Turing 1950-ci ildə «Mind» jurnalında dərc edilmiş «Hesablama maşınları və şüur» adlı məqaləsində süni intellekt mövzusuna ilk dəfə toxunmuşdu. Bu məqalədə onun kəşfi olan Turing testindən bəhs olunurdu. Testin mahiyyəti bundan ibarətdir: bir insan və bir kompyuter başqa bir insan – hakim tərəfindən test olunur. Qiymətəndirici olan insan – hakim testdə iştirak edən həmcinsini və kompyuteri sual-cavab edir, ancaq onları görmür. Test bitdikdən sonra cavablar ekranda nümayiş etdirilir. Testi aparan şəxs – hakim cavabların hansının insana, hansınınsa kompyuterə aid olduğunu müəyyən etməlidir. Əgər, hakim testin kompyuter tərəfindən aparıldığını təxmin edə bilməzsə, o zaman kompyuter testdən uğurla keçmiş sayılır və insan qədər intellektə sahib olduğu qənaətinə gəlinir.

Turing testi

Turingin bu yanaşması süni intellekt araşdırmalarının ən ibtiadi forması idi və aradan keçən illərdə bu sahədə daha ciddi kəşflər edilmiş və süni intellektin nüfuzunu həyatımızda yavaş-yavaş hiss etməyə başlayırıq; SIRI kimi proqramlarla kompyuterlə ünsiyyət qurub, ondan cavablar almaq artıq heyrətverici hadisə deyil və ya şahmat oyununda kompyuterə uduzmaq da normal hal sayılır.

Süni intellekt barədə mütəxəssislər arasında hələki ciddi fikir ayrılıqları mövcuddur və onun barədə verilən suallara tam cavab verilə bilmirlər. 2016-cı ildə Mark Zuckerberg Jarvis adlı süni intellekt proqramını yaratığını və bu proqram vasitəsi ilə yaşadığı mənzilin bütün funksiyalarını əlindəki telefonla idarə edə bildiyini dedikdə, AI sahəsindəki ən böyük investorlardan sayılan Elon Musk onun yanaşması ilə razılaşmadı. Muska görə, Markın icadı süni intellekt sayıla bilməzdi. O, demişdi: “Mənim üçün ev funksiyalarının avtomatlaşdırılması süni zəka adlandırıla bilməz. Evdəki işığı uzaqdan yandırmaq və ya temperaturu tənzimləmək süni zəka deyil”.

İnsan zəkasının gələcəkdəki alternativi sayılan süni intellekt növünü tam formalaşdırmaq üçün sadəcə IT bilikləri kifayət etməyə bilir. İntellekt mövzusu psixologiya, fəlsəfə, linqvistika, iqtisadiyyat, məntiq nəzəriyyəsi, tarix kimi bir sıra sosial elmlərlə yaxından əlaqəli mövzudur. Süni zəka üzrə mütəxəssisi olmadığım və bunu dəstəkləyəcək IT və yuxarıda sadalanan elm sahələrindəki biliklərim kafi olmadığı üçün bu mövzudakı fikirlərimi burada nöqtələyib/mütəxəssislərin öhdəsinə buraxıb, məni maraqlandıran başqa mövzuya keçirəm. Ancaq, bu mövzu AI ilə yaxından əlaqəlidir.

Alimlərə görə AI gələcəkdə insan zəkasının alternativi ola bilər. Süni intellektin bəşəriyyətin gələcəyinə verəcəyi töhfələr barədə nikbin və həyəcanlıyam. İnanıram ki, bu gün gücsüz qaldığımz bir çox məsələdə gələcəyin süni intellekti daha yaradıcı, daha praktik və sürətli həllər ortaya qoyacaqdır.

Ancaq, süni zəka ilə təmin edilmiş robotlar insanları tam əvəz edə biləcəkmi?

Dan Brown “Origin”ində əsərinin baş qəhrəmanı Professor Langdonun dili ilə süni zəka robotu Winstona mənalı sual verir:

Sənin ümidlərin və xəyalların varmı?

İnsan sadəcə intellektual zəkadan ibarət canlı deyil. İnsan varlığı bədən, duyğu, ruh və intellekt sütunlarının üzərində yüksəlmişdir.

İnsan kimi hər nə qədər bioloji və fiziki xüsusiyyətlərimiz önə çıxsa da, həyatımızın ən böyük mənbəyi ruhumuzdur. Ruhun bədəni tərk etməsi ölüm adlanır. Ruh – həyatın digər adıdır. Bütün yaşayan insanlar ruha sahibdir. Ruhsuz vücudda intellektin hər hansı bir dəyəri və mənası yoxdur.

Ruhumuzun ən böyük xammalı isə duyğulardır. Duyğularımızın keyfiyyəti və intensivliyi ruhumuzun keyfiyyətini təyin edir. Duyğular insanlığımızın ən böyük əlamətidir.

Duyğular eyni zamanda insanın hərəkətverici mexanizmidir. Duyğular sadəcə ruhumuzun deyil, düşüncə (intellekt) və hərəkətlərimizin də keyfiyyətini müəyyən edir. İntellektimiz və duyğularımız arasında birbaşa əlaqələr mövcuddur və onların bir-birlərindən müstəqil fəaliyyət göstərmirlər. Duyğular düşüncəni yaratdığı kimi, düşüncənin də duyğunu yaratmaq gücü vardır.

İnsan zəkası sadəcə məlumat mahiyyətli alqoritmik dəyərlərin sistemli düzülüşündən ibarət deyil. Zəka mürəkkəb sistemdir və sadəcə düşüncə ilə məhdudlaşmır. Zəkanın bütünlüyünü təyin edən faktorların arasında duyğuların çox vacib yeri var. Emosional zəka insanın ümumi zəkasının vacib parçasıdır.

Gələcək hələ gəlmədiyi üçün bu mövzudakı elmi kəşflərin hara gedib çıxacağını təxmin etmək mümkün deyil. Ancaq, fantastika romanlarında bəhs edildiyi kimi, gələcəkdə süni zəkaya sahib robotların insanların üzərində hakimiyyət quracağını düşünmək ağlabatan deyil. İnsan öz intellektinə bənzər süni intellekt yaratma gücünə sahib ola bilər. Ancaq, onun duyğuları və bu kompleks duyğulardan ibarət Ruhu yaratmaq gücü inandırıcı görsənmir. Duyğulara və ruha sahib insan isə ruhsuz və duyğsuz hər cür robot və maşından hər zaman bir addım öndədir.

Bəs, siz bu barədə nə düşünürsünüz?

Elçin ƏZİMLİ
ICF təsdiqli peşəkar kouç

© 2017 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.