Howard Schultzdan öyrəniləcək çox dərslər var, lakin aşağıda deyəcəklərim bunlardan ən əhəmiyyətlisidir.
Dünyada sahibkarlıq və liderlik sahəsində uğur qazanan insanların saysız-hesabsız uğur hekayələri var – lakin, bunların heç biri mənim üçün Starbucks and Howard Schultzunkudan daha yaxşı ola bilməz.
Şirkətin əsl qurucuları Şimal-qərbi Sakit okeanda kofe dənələri satışı ilə məşğul olan bir şirkət yaratmışdılar. Şirkətin yaradılmasının elə ilk illərində onun gənc işçilərindən biri şirkət və onun brendini o qədər sevməyə başlayır ki, “təcrübələri” onu kofe hazırlamağa başlamasına təkan verir.
1987-ci ildə əsl qurucuların dəstəyi ilə Schultz bir neçə investoru Starbucks üçün 3.8 milyon investisiya yatırmağa razı sala bilir. O vaxtdan bu günə qədər keçən 30 ilin ən yaxşı uğur hekayəsi bizə nəyi çatdırmaq istəyir: Starbucks hazırda 240,000 nəfərdən çox işçi heyətini və 26.000 mağazanı birləşdirən, dünyanın 3-cü ən böyük fast food şəbəkəsinə sahib və 2017-ci ildə 22 milyard gəlir gətirən şirkətdir.
Bütün uğur hekayələrində olduğu kimi, burda da dünyanın ən üst səviyyəli qlobal brendi olaraq onun da xeyli çətin, keşməkeşli vaxtları olmuşdur. Schultz şirkəti 1987-2000-ci illər ərzində idarə etdi və təməl dəyərlərini və mühiti qoruyaraq, onu qəhvə içmək üçün qlobal səviyyədə tanınan, sevilən xüsusi məkana çevirdi.
Schultz öz CEO vəzifəsini icra etməkdən imtina etdikdən sonra, şirkətdə müxtəlif çətinliklər yaşanmağa başladı. Şirkətin böyüməsi əsas aparıcı strategiyaya çevrildi və Starbucks öz müştərilərinin ondan gözlədiyi keyfiyyət və ənənəni təqdim etməkdə çətinlik çəkməyə başladı. 8 illik boşluqdan sonra Schultz qurucusu olduğu şirkətin çətin vəziyyətində ona yardım etmək məqsədilə yenidən prezident və CEO kimi geri döndü.
Ötən ilin sentyabrında “Bunu necə yaratdım” adlı proqrama müsahibə verərkən, Starbucksda tətbiq etdiyi bir neçə uğurlu liderlik təcrübələrini bölüşdü: “İllərlə bizim strategiyamız şirkətin böyüməsini təmin etmək oldu və uğurlarımıza görə tanındıq. Amma, nəticə etibarilə böyümə hər vəziyyət üçün keçərli olan bir strategiya deyil və uğurlu olmaq mütləq bir haqq deyil”.
Schultz komandanı istiqamətləndirən, yaxud idarə edən hər kəsə liderliklə əlaqəli bir neçə möhətəşəm ipucu da verirdi: “Liderlikdə lazımi qədər əhəmiyyət verilməyən xüsusiyyətlərdən biri köməyə ehtiyacın olan zaman bunu dilə gətirməkdir”.
Schultzun sonuncu cümləsinin müdrikliyi təəccüblü olsa da, liderlərin çoxunun bu məsələdə əziyyət çəkdiyini sübut edir. Velder Liderlik Proqramı üçün 20.000-dən çox liderlə apardığım tədqiqat da məhz onların mübarizə apardıqları və çətinlik çəkdikləri xarakterləri – həssaslıq və ətraflarında olan insanlardan özləri barədə rəylər, yaxud kömək istəmələri olduğu müəyyən edildi.
İnsanlara liderlik edən biri kimi, inanclarınıza sadiq qalıb, faydalı olmaq istəyirsinizsə, bu xüsusiyyətlər işinizə yarayacaq. Öz komandasına daha həssaslıqla yanaşan və onlardan özü haqqında müntəzəm rəylər alan liderlərin bundan üç aşkar sezilən bilən mənfəəti olacaq:
Daha yaxşı münasibətlər
Liderliyin və həyatın özəyi münasibətlərdir. Liderlik vəzifələrimi icra etdiyim ilk iki həftədə mən daha çox strategiya, vizyon və icra proseslərinə fokuslanmışdım və idarə etdiyim heyətlə məsafəli (hətta soyuq) münasibətlər saxlayırdım.
Tezliklə başa düşdüm ki, mən ən vacib hissəni qaçırmışam – komandamın hər bir üzvü ilə güclü və sağlam münasibətlər qurmağı. Unutmayın, insanlar hər şeydən əvvəl yaxşı rəhbərə görə işləyərlər.
Nəhayət, iki həftə sonra komandama bəzi şeyləri yaxşı ayırd edə bilmədiyimi və bu yolda mənə kömək lazım olduğunu etiraf etdikdə, aramızdakı münasibət daha da istiləşməyə və güclənməyə başladı.
Özünüdərketmədə yüksəliş
Liderlik haqqında yazıların və nitqlərin müəllifi məşhur keşiş Bill Hibels 2015-ci ildə keçirilən Qlobal Liderlik Konfransında deyirdi: “Liderlik etməkdə yaranan problemlərin bir çoxu aşağı özünüdərketmədən qaynaqlanır.”
Hibels haqlı idi. Komandamdan haqqımda rəy vermələrini, bir lider kimi necə fəaliyyət göstərdiyimi dəyərləndirmələrini istəməyənə qədər yaranan problemlərin və çətinliklərin mənim əskikliklərim ucbatından olduğunu dərk etmirdim.
Özünüdərketməni inkişaf etdirmək bir lider kimi mənə növbəti mərhələyə adlamağa və təkcə öz doğrularımla deyil, ətrafdakıları da nəzərə alaraq işləmə fürsəti verdi. Əminəm ki, siz də eyni şeyi əldə edəcəksiniz.
Daha məhsuldar komanda
İşçilərin məhsuldarlığı ilə əlaqədar statistikalar daha da təəccüb doğuran olmağa başlayır. GALLUP tərəfindən aparılan son tədqiqatlara əsasən işçilərin 70%-ə qədəri məşğul olduqları işdə məhsuldar deyil.
Bunun əsas səbəbi insanların birbaşa tabe olduqları rəhbərlərinin zəif idarəçilik qabiliyyəti və ümumilikdə, liderlikdə boşluğun olmasıdır. Komandaya həssas yanaşaraq və onlardan özünüz haqqında rəylər vermələrini xahiş edərək, məhsuldalrıqlarının artmasına yardımçı ola bilərsiniz.
Schultz 2017-ci ildə Starbucksda öz prezident və CEO postunu tərk etdikdən sonra belə öz təcrübələrini bölüşməklə, çıxdığımız bu maraqlı səyahətdə bizə yardım etməyə davam edir.
Müəllif: John Eades | Yazıçı və LearnLoft şirkətinin CEO-su
Mənbə: Inc. jurnalı
Tərcümə: Lalə Rəsulova | coaching.az
© 2020 · coaching.az