Böyük ehtimalla, hamı kimi sən də özünü yaxşı tanıdığını düşünürsən. Amma mən bunun heç də elə olmadığını iddia edirəm. Bu mövzuda tək deyilsən. Dostundan, iş yoldaşından və ya ailə üzvündən “sən kimsən?” deyə soruşsan, yəqin ki, gözlərini qırpıb sənə qəribə baxacaqlar. İnad etsən, çox güman ki, onlar özlərini peşə və ya sosial rolları ilə tanıdacaqlar: proqram mühəndisi, direktor, valideyn və ya həyat yoldaşı. Buddist hikməti isə deyir ki, bədbəxtliyin kökündə öz həqiqi kimliyini unutmaq durur. Çünki biz daxili mahiyyətimizi unuduruq. Bu, bir qədər qəribə səslənə bilər. Amma bir anlıq düşün: iş mühitinin çətinlikləri, davamlı şəkildə artan psixoloji yanma (burnout), ailə öhdəlikləri, dünyanın və iqtisadiyyatın çalxantılı vəziyyəti bizi daxili “mən”dən uzaqlaşdıran gərgin düşüncə və emosiyalar yaradır. Elm sübut edib ki, əgər daxil dünyamızda kim olduğumuzu kəşf etməsək, kənar dünyadakı potensialımızın zirvəsinə çatmaq da asan olmayacaq.
Özünə aparan yol (on-ramp): kim olmadığını kəşf et
Neyroelm göstərir ki, özünüdərk amiqdalada (beynin emosional hissəsi) aktivliyi azaldaraq stresi aşağı salır. Bu, bizə həm daha səmərəli işləməyə, həm də başqalarının emosiyalarını və reaksiyalarını daha yaxşı anlamağa imkan verir. Olimpiya qızıl medalçıları sadəcə yarışa çıxmırlar — onlar daim özünüdərk strategiyaları üzərində çalışırlar: bədənlərini və zehnlərini tanıyır, performans təzyiqi altında öz oyunlarını ən yüksək səviyyəyə qaldırırlar. Karyera çətinlikləri ilə üzləşəndə, sən də idmançılar və ictimai simaların istifadə etdiyi həmin alətlərdən yararlanaraq ən yaxşı işini ortaya qoya bilərsən.
Özünü iki zolaqlı magistral kimi düşün: bir xarici, bir də daxili zolaq. Əksərimiz vaxtımızı daha çox xarici zolaqda keçiririk — həyatımızın şərtlərini düzəltməyə çalışırıq. Məsələn, iş və ya tapşırıqlar üçün qoyulan son vaxt (deadline) gecikir, ev dağınıqdır, uşaqları diş həkiminə aparmaq lazımdır, rəhbərin də səni daim nəzarət altında turur. Halbuki daxili zolağa daha çox vaxt ayırmaq, öz-özümüzlə olan səssiz söhbətləri dinləmək bizə əslində necə işlədiyimizi göstərir və kim olmadığımızı dərk etməklə əslində kim olduğumuzu tapmağa kömək edir.
Sən beynindəki uydurma hekayə deyilsən
Pis hadisələr baş verəndə bizə aid əsl “mən” gizlənir və beynimizdəki xaotik səslər neqativ hekayələr uyduraraq kim olduğumuz haqda həqiqəti kölgələyir. Məsələn, bir paneldə çıxış etdikdən sonra həmkarımın moderatorluğundan çox təsirləndim və ona belə yazdım: “Paneli idarə etməyin tamamilə əla idi.” O isə cavabında yazdı: “Əvvəlcə məktubu oxuyanda elə bildim ki, sən belə yazmısan: ‘bu paneli idarə etməyin tamamilə axmaqlıq idi.’” Yenidən oxuyandan sonra başa düşdü ki, içindəki qeyri-müəyyənlik, bəlkə də, qeyri-əminlik hissi komplimenti kölgələyərək beynində mənfi hekayə yaradıb. Bu, neyroelm üçün sadə bir dərsdir: daxili düşüncələrimiz çox vaxt xarici təcrübələrimizi üstələyir.
Sən içindəki qorxmuş uşaq deyilsən
Bəzən təhdid hiss edəndə içimizdəki qorxmuş uşaq ortaya çıxır və sinir sistemimizi alt-üst edir. Aktrisa Viola Davis öz xatirələrində aktyor Will Smith ilə dialoqundan “aha anı”nı təsvir edir. Smith ondan soruşur: “Viola, sən kimsən?” O cavab verir: “Nə deməkdir bu? Mən kim olduğumu bilirəm.” Smith sualı yenidən verir: “Yox, amma sən əslində kimsən?” Nəhayət Davis etiraf edir ki, o, hər gün məktəbdən qaçan – çünki uşaqların sevmədiyi, gözəl saymadığı, qaradərili olduğu üçün rədd edilən səkkiz yaşlı qızdır. Terapevti isə ona izah edir ki, səkkiz yaşlı qız sağ qalıb, amma indi köməyə ehtiyacı olan 53 yaşlı qadındır. Bu oyanış Davisə daxili uşağı üçün “ev tapmaq” yolunu açır.
Bəs sən əslində kimsən?
Karyeramız — istər müğənni, istər zibil toplayan, hakim, müəllim, texnik, həkim, pilot, mühasib və ya yazıçı olaq — müəyyən qədər bizi xarici zolaqda qalmağa vadar edir. Amma qədim bir deyim var: “Hər zaman daxili problemi xarici həll yolu ilə düzəltmək mümkün deyil.” Hər birimizin həyatımıza ən yüksək dəyər verən və səsimizi nə vaxt geri qaytaracağımızı bilən daxili kompasımız var. Özümüzə məhdudiyyət qoyan mühakimələr və uydurduğumuz hekayələr təbii müdrikliyimizi və mərhəmətimizi kölgələyir, qəlbimizi ələ keçirir və taleyimizi bizim əvəzimizə yazır. Amma özünüdərk bizə kim olduğumuzu, əslində nə düşündüyümüzü və hiss etdiyimizi göstərərək karyeramızın istiqamətini təyin etməyə imkan verir. Bunun açarı isə iş günündə qısa özünüdərk məşqləridir.
Özünüdərk strategiyası
- Yavaşlamaq. Özünü daha yaxşı tanımağın ilk addımı yavaşlamaqdır. Tələsdiyimiz xırda detallar üzərində dayanmaq üçün vaxt ayır. Daha yavaş gəz, ye, danış, sür. İş yoldaşlarının komplimentlərini və müsbət rəylərini daxilən qəbul et.
- Düşünmək yox, müşahidə etmək. Hətta bir-iki dəqiqə də olsa, sakit bir yerdə otur və içinə dön. Düşüncələrini “düşünmək” əvəzinə sadəcə müşahidə et. Onları mühakimə etmədən, düzəltməyə çalışmadan maraqla izləyəcəksən.
- Obyektivlik tətbiq etmək. Daxili zolağını “quş baxışı” ilə, yəni mühakiməsiz müşahidə et. Necə ki, əlindəki kiçik ləkəni diqqətlə yoxlayırsan. Şəxsi həyatına və karyerana obyektiv nəzərlə bax, içindəki tənqidçini, təzyiq edən daxili səsi, qorxmuş uşağı və uydurma hekayələri müşahidə et və gör.
- Dərin şəkildə dinləmək. Bir dəqiqəlik vaxtölçən (timer) qoy və ətrafında mümkün qədər çox səsi sadəcə “dinlə”. Məsələn, qarın qurultusu, kondisionerin səsi, pəncərədən çöldəki səslər, ya da ki, haradansa uzaqlardan gələn səslər. Bir dəqiqədən sonra diqqət yetir — bu açıq şüurlu dinləmə daxildə nə dəyişdi? Çoxları daha sakitləşir, çünki artıq “indiki an”dadırlar, nə keçmişdə, nə də gələcəkdə.
- Özünə vaxt ayırmaq. İtalyanların dediyi kimi: “il dolce far niente” — heç nə etməməyin şirinliyi. “Etmək” yox, “olmaq” praktikasını sına. Günün bir saatını və ya bir gününü yalnız özünə sərf et. Masaj et, manikür-pedikür etdir, vannada rahatla və ya sadəcə gün batımını izlə.
Nəticə
Bu məşqlər, ya da ki, tapşırıqlar — mən onları “mikrosakitləşdiricilər” adlandırıram — meditasiyanın faydalarını 5 dəqiqədən az müddətə sıxlaşdırır və səni stresli düşüncələrdən çıxarır. Onlar sənə öz mahiyyətini daha dərindən anlamaq, ani rahatlıq və aydınlıq qazanmaq, enerji səviyyəni yüksəltmək imkanı verir. Beləcə, işin vaxtına və haqqında girmədən tam şəkildə indiki anda yaşayırsan.
Müəllif: Bryan Robinson, Forbes Contributor
© 2025 · coaching.az








Çox maraqlı və gərəkli məqalədir. Özünü terapiya üçün əla vasitədir! Təşəkkürlər!