coaching.az |

Samurayın cavabı

Əhatə olunduğunuz şəxslər tərəfindən sizə ünvanlanan həsəd, qəddarlıq və təhqirlərə qarşı necə münasibət göstərmək haqqında maraqlı hekayə.

Qədim zamanlarda müdrik bir samuray vardı. Onun çoxlu tələbələri vardı və o, öz tələbələrinə müdrik olmağı və döyüş qaydalarını öyrədirdi. Bir gün məşğələ zamanı onun yanına kobudluqda və qəddarlıqda ad çıxarmış bir bir gənc döyüşçü gəlir.

Bu döyüşçünün sevimli taktikası qarşıdakı insanları provakasiya etmək idi: o, rəqibini təhqir edir, nəticədə təhqir olunan özündən çıxır və qəzəbinə hakim olmadığı üçün başlayan döyüşdə arxa-arxaya səhvlər edir, beləliklə, döyüşü uduzurdu.

Bu dəfə də eyni hadisə baş verdi: döyüşçü ucadan təhqir dolu sözlər qışqıraraq, yaşlı samurayın verəcəyi reaksiyanı gözləməyə başladı. Ancaq, qoca samuray bu döyüşçüyə fikir vermir və təmkinini itirmədən tələbələri ilə dərsinə davam edirdi. Gənc döyüşçünün meydan oxuması bir neçə dəfə təkrarlandı, ancaq hər dəfə qoca samuraydan hər hansı reaksiya ala bilmədiyi üçün çıxıb getdi.

Tələbələr diqqət və maraqla baş verənləri izləyirdilər. Gənc döyüşçü gedəndən sonra onlardan biri dözməyərək soruşdu:

– Ustad, siz nə üçün onun bu azğınlığına dözdünüz? Onu döyüşə dəvət edib, ağzının payını vermək lazım idi!

Müdrik samuray belə cavab verdi:

– Əgər sizə kimsə hədiyyə gətirsə və siz onu qəbul etməsəniz, bu hədiyyələr kimə aid olacaq?

– Əlbəttə ki, əvvəlki sahibinə.

– Çox gözəl. Bu qayda həsəd, kin və təhqirlərə də aiddir. Bunları qəbul etmədiyin vaxta qədər onlar onu gətirən şəxsə aid olur. Qoyun, elə onun özündə də qalsın.

© 2017 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.