coaching.az |

Rəqəmsal obraz, yoxsa real kimlik?

Müasir insanın rəqəmsal obrazı ilə real kimliyi arasında yaşadığı ixtilaf dövrümüzün ən böyük psixoloji paradokslarından birini – “ideal mənlik” ilə “real mənlik” arasındakı uçurumu ifadə edir.

Rəqəmsal obraz çox vaxt ekranın arxasında qurulan, cilalanan və diqqətlə seçilən bir təqdimat formasıdır. O, spontan deyil, planlıdır. Təsadüfi deyil, filtrdən keçmişdir. Bəyənilmək üçün dizayn olunmuşdur. Bu obrazda səhvlər minimuma endirilir, tərəddüdlər gizlədilir, pauzalar silinir.

Real kimlik bütün bu görüntülərdən kənarda, insanın maskalarını çıxarıb özünə qayıtdığı məkanda dayanır. O, hər səhər güzgüdə qarşımıza çıxan, saçları dağınıq, makyajsız, bəzən yorğun, bəzən qarışıq, bəzən də suallarla dolu halımızdır. Orada filtrlər və redaktə yoxdur. Orada “geri qaytar” düyməsi işləmir. Amma məhz buna görə o, canlıdır, həqiqidir və insana aiddir.

Xüsusilə sosial şəbəkələrdə biz sanki özümüz üçün bir vitrin qururuq. Bu vitrində uğurlarımız, düzgün seçimlərimiz, ardıcıl inkişaf hekayələrimiz sərgilənir. Mesaj budur: “Hər şey qaydasındadır, hər şey nəzarət altındadır.

Lakin insanı insan edən tərəflər – şübhələr, yanlış addımlar, daxili mübarizələr – bu vitrində yer tapmır. Onlar arxa otağa çəkilir, ört-basdır edilir. Beləcə, zəngin daxili dünyamız bəsitləşir, sadə kimliyimiz isə bər-bəzəkli bir reklam posterinə çevrilir.

Burada ideal mən ön plana çıxır. Amma bu ideal çox vaxt inkişaf hədəfi deyil, başqalarının gözündə qəbul olunmaq üçün yaradılmış bir dekorasiyadır. Və problem də məhz buradan başlayır.

Həyat redaktə olunmur

Amma gəlin dürüst olaq. Heç birimiz donub qalmış bir “uğur heykəli” deyilik. Həyat daim hərəkətdə olan, səhvləri ilə inkişaf edən və ziddiyyətləri ilə formalaşan bir prosesdir.

Rəqəmsal dünya bizə hər anımızı redaktə etmək imkanı verir: bəyənilməyən cümləni silmək, zəif görünən tərəfi gizlətmək, daha “yaxşı” versiyanı paylaşmaq. Bu imkan zamanla bizdə saxta bir nəzarət hissi yaradır – sanki həyat da belə idarə oluna bilər.

Amma real həyat redaktə olunmur axı. O, axır, dolaşır, bəzən daşır. Bu təbii axın rəqəmsal mükəmməllik illüziyası ilə toqquşanda, insanın daxilində izahı çətin olan bir gərginlik yaranır; özünə yetə bilməmək hissi. Daim “yetərincə yaxşı olmamaq” narahatlığı.

Bu, real mənlə ideal obraz arasındakı məsafənin yaratdığı daxili yorğunluqdur.

Yadlaşma: süni imicin alqışı, yoxsa öz saflığınla təmas?

Ekrandakı parlaq maska ilə real kimliyimiz arasındakı məsafə böyüdükcə, biz getdikcə real özümüzün deyil, yaratdığımız süni imicin alqışına ehtiyac duyuruq. Bu, səssiz bir yadlaşma, insanın öz dünyasında evində qəribə çevrilməsidir.

İnsan artıq “kiməm?” sualını deyil, “necə görünürəm?” sualını əsas götürməyə başlayır. Bu nöqtədə uğur artdığı halda, mənəvi təmas azalır.

Bəs çıxış yolu nədir?

Çıxış yolu rəqəmsal dünyadan qaçmaq deyil. Çünki rəqəmsal mühit artıq müasir həyatın ayrılmaz hissəsidir. Əsas məsələ texnologiyanın mövcudluğu deyil, orada hansı niyyətlə mövcud olmağımızdır.

Rəqəmsal obraz gizlənmək üçün deyil, bütünləşmək üçün istifadə olunduqda dəyər qazanır. Yəni ekranın arxasında qurduğumuz təqdimat real kimliyimizlə ahəng içində olduqda, həm səmimi, həm də təsirli olur.

Rəqəmsal həyatla real kimlik yalnız o zaman barışa bilər ki, biz mükəmməl olmamağı qüsur kimi deyil, insan olmağın ən təbii və ən normal tərəfi kimi qəbul edək.

Çatlar və işıq

Bizi rəqəmsal tələlərə salan əsas amillərin başında hər zaman güclü, ağıllı, hər şeydən məlumatlı görünmək istəyi və başqaları ilə müqayisə yarışında önə çıxma ehtirası dayanır.

Unutmayaq: bizi bütöv edən təkcə qələbələrimiz deyil. O yolda büdrədiyimiz anlar, məğlubiyyətlərimiz, tərəddüdlərimiz və daxili mübarizələrimizdir. Bir ağacı gözəlləşdirən gövdəsinin hamarlığı yox, ondakı çatlar, qırışlar və illərin qoyduğu izlərdir.

İnsan da öz çatları ilə daha səmimi görsənir. Çünki işıq məhz o çatlardan sızır.

Rəqəmsal obrazımız bu həqiqətləri gizlətməyə yox, əks etdirməyə başladıqda həqiqi dəyər qazanır. Çünki, səmimiyyət hər zaman ən parlaq filtrdən daha cəlbedicidir.

Müəllif: Elçin Əzimli
Yazıçı, biznes kouç və təlimçi
AR Təhsil Nazirliyinin yanında İctimai Şuranın üzvü
“Dan ulduzu” və “Çağrı” romanlarının müəllifi

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.