coaching.az |

Qoy özü qalxsın!

Amerikalı müğənni və bəstəkar Rey Çarlzın həyatından bəhs edən “Rey” filmində (2014) təsirli bir səhnə var; görmə qabiliyyətini itirmiş kiçik Rey yıxılır və ağlayaraq anasından kömək istyəyir. Anası isə yerdə sürünən oğlunun köməyinə gəlmir və gözləyir ki, o, özü ayağa qalxıb hərəkət etsin.

Ananın bu hərəkəti ilk baxışda bizə mərhəmətsiz gələ bilər. Ancaq, Reyin sonrakı həyatı bu “mərhəmətsizliyin” hikmətini açır; o, həyatının sonuna qədər kor yaşasa da, məhz öz gücü və əməyi ilə şöhrətin zirvəsinə dırmanır və gözü görən bir çox insandan daha uğurlu olur.

Bu səhnəni izləyərkən gözümün önünə sağlam, əli-ayağı yerində, ağlı da başında olan övladlarının hər işinə kömək adı ilə qarışan və beləliklə də, onların müstəqil və güclü yetişməsinə mane olan valideynlər gəldi. Təəssüf ki, bu yersiz “köməklər” sağlam uşaqları sonradan mənəvi şikəstə çevririr. Bu gün cəmiyyətimiz cəsarət ruhundan yoxsun, ələbaxan və başqasının himayəsinə məhkum, məğlubiyyəti və zəfiliyi elə başdaca qəbul edən, ən kiçik çətinliklərdə dizini yerə qoyub ağlayan “şikəstlərlə” doludursa, bunun səbəbini ilk növbədə düzgün tərbiyədən anlamayan böyüklərdə – valideynlərdə, nənələrdə-babalarda, xalalarda-bibilərdə axtarmalıyıq.

İndi çoxları düşünür ki, mən çox korluq çəkmişəm, qoy övladım çətinlik görməsin. Ancaq, özünü gücləndirən şeyin məhz elə o çətinliklərin olduğunu anlamır və asan, bəzən də tüfeyli həyat tərzi ilə övladının inkişafa gedən yollarını bağlayır.

Belə çıxır ki, uşaqlarımızı düzgün böyütmək üçün əvvəlcə biz özümüz böyüməliyik. Bunun üçün gərək səhvlərdən qorxmamalı, səhvə açılan qapıları qıfıllamamalı, ən böyük müəllimin elə bu səhvlər olduğunu anlamalıyıq. Anlamalı və qəbul etməliyik ki, övladımız səhv edə bilər və onu böyüdəcək olan da bu səhvlərdən çıxarılan düzgün nəticələrdir.

Yaşadığımız çətinliklərin bizi önümüzə çıxa biləcək daha böyük çətinliklərə hazırladığını da artıq anlamalı və buna görə də o çətinliklərə minnətdar olmalıyıq. Övladlarımızı çətinliklərdən uzaq tutmamalı, tam tərsinə onunla mübarizəyə hazırlamalıyıq.

Uşaq yıxıla-yıxıla böyüyər.

                                             Azərbaycan atalar sözü

Bu yaxınlarda bir parkda velosiped sürən kiçik bir oğlanın arxasınca qaçan nənəsini gördüm. Velosiped yolda hər dəfə ilişəndə nənə qaçaraq yaxınlaşır, velosipedin yönünü əli ilə dəyişirdi və uşaq da yoluna davam edirdi. Əslində, uşaq çox diribaş idi və hansısa köməyə ehtiyac duymadan da velosipedini sürətlə sürə bilirdi. Yaxınlaşıb, bu nənədən hər xırda şeydə uşağa nə üçün kömək etdiyini soruşdum. Dedim ki, kömək bir yerə qədər olar və bu qədər ifrat kömək uşaqda özünəinam hissinin formalaşmasına mane ola bilər. Sonda yaşlı qadına tövsiyəm bu oldu – bu uşağın gələcəkdə güclü kişi kimi yetişməsini istəyirsənsə, qoy özü sürsün, yıxılanda da özü qalxsın.

Əziz böyüklər, uşaqlarınıza əlillər kimi yanaşmayın; əllər onlara öz ehtiyaclarını görmələri, ayaqlar isə özləri ayağa qalxmaları üçün verilib. Ehtiyacı olmadığı halda uşağın ayaqqabısının bağlarını bağlayarkən, əlinizdə yemək dolu qaşıq arxasınca qaçarkən, hər yıxıldığında yüyürüb ayağa qaldırarkən, ev tapşırıqlarını onun yerinə edərkən, danışmalı olduğu zaman onun yerinə dillənərkən iki dəfə düşünün.

Qədim çinlilər deyirdi ki, insana bir balıq versəniz, onu bir gün boyunca tox tutmuş olarsınız. Ancaq, ona balıq tutmağı öyrətsəniz, onu bütün ömrü boyu bəsləmiş olarsınız. Gəlin, uşaqlarına balıq tutmağı öyrədənlərdən olaq.

Elçin Əzimli
Yazıçı, biznes kouç və təlimçi

© 2019 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.