coaching.az |

Necə “Torağay” olmaq olar?

Dünya praktikasında səhər erkən rahatlıqla oyanıb maksimum effektivliklə işləyə bilən insanlar “torağay”, səhər oyanmağa çətinlik çəkən, oyansalar belə faydalı iş əmsalı çox aşağı səviyyədə olan, lakin günün sonuna qədər yüksələn və gecə yarısında maksimuma çatan insanları “bayquş” adlandırırlar.

Yəqin ki, hamımız səhər tezdən oyanmanın faydaları barədə bir neçə motivasiya edici məqalə oxuduqdan sonra  ağlımızdan müxtəlif fikirlər keçib: “ Mən həqiqətən olmaq istəyərdim. Səhər erkən oyana bilsəm, gün ərzində daha çox işi bitirə bilərdim. Bu vərdişə necə yiyələnə bilərəm? Hər hansı bir məsləhətiniz varmı? Bu mümkündürmü?”

Birincisi, bəli, bu mümkündür. Bu ona bənzəmir ki, sənin 1.60m boyun var və sən basketbolçu olmağa cəhd edirsən. Bu daha çox öz inanclarını dəyişib, yeni vərdişlər yaratmağa bənzəyir.

Və əgər buna niyyətlisənsə, təkidlə istəyirsənsə, mütləq bacaracaqsan.

Biz həmişə öz davranışlarımızı düşüncəmizdəki hekayəmizə uyğunlaşdırmağa çalışırıq. Elə isə, bəs sizin hekayəniz nədir?

Michael Hyatt

Bəs niyə torağay olmaq istəyirsən? Səbəblər kifayət qədər tutarlıdır. “Torağaylar” :

  • Daha çox pul qazanmağa;
  • Daha məhsuldar olmağa;
  • Daha sağlam və uzunömürlü olmağa;
  • Daha xoşbəxt və həyatlarından məmnun olmağa fokuslanırlar.

Bəs əgər yuxunu çox sevir və hətta sizə heç bir fayda gətirmədiyini hiss etsəniz belə erkən oyanmaq sizə əzablı gəlirsə, “torağay” olmağa özünüzü necə həvəsləndirə bilərsiniz? Elə bu gündən başlamaq üçün aşağıda 9 pillədən ibarət ipuclarını qeyd  etmək istərdim:

  1. Düşüncələrinizi dəyişin. İnsanların çoxu “Mən qətiyyən torağay ola bilmərəm” deyə düşünərək bunu dəyişilməz bir reallıq kimi qəbul edir və özlərini buna inandırırlar. Bunun bioloji sübutu olmadığını fikirləşdinizmi? Bunun yalnız bir seçim və ardıcıl təkrarlanan praktikayla mümkün olduğunu kəşf etsəniz nə baş verərdi? Düşüncənizi dəyişdirib özünüzə “Mən torağayam” deməyə başlasanız, sizcə nə olardı? Ümumiyyətlə, davranışımızı yönləndirən düşüncələrimizdir. Düşüncəmizi dəyişdiyimiz an beynimiz həmin istiqamətdə fokuslanmağa başlayır.
  2. Nəyin təhlükədə olduğunu təyin edin. Həyatımdakı hər hansı bir şeyi dəyişmək və ya əhəmiyyətli bir hədəf olaraq müəyyənləşdirmək istədiyim zaman bunu nə üçün vacib olduğunu öz-özümə tam aydın ifadə etməkdən başlayıram. Sabah erkən oyanmağın sizin üçün niyə vaciblik daşıdığını bir vərəqə yazın. Sonra, əgər durmasanız sizi hansı risklərin gözlədiyini və nələri itirəcəklərinizi digər bir səhifədə qeyd edin. Motivasiya olduğunuz anda bunları yazma sizə mövqeyinizi qorumağa və davamlı əməl etmənizə kömək edəcək. Eyni zamanda həvəsdən düşdüyünüz vaxt bunları təkrar oxumaq ruh yüksəkliyinizi artıracaq.
  3. Yuxunu planlayın. Digər adətlərinizi dəyişdiyiniz kimi, uğur əldə etmək üçün yuxu rejiminizdə də dəyişiklik etməlisiniz. Çox güman ki, hazırkı vərdiş etdiyiniz saatda yatmağa getməyəcəksiniz və daha az yatacaqsınız. Təbii ki, bədəniniz buna müqavimət göstərəcək. Buna görə qalxmaq istədiyiniz saatı təyin edin və yeddi saatlıq rejimə əsasən hansı saatda yatmağa gedəcəyinizi hesablayın.
  4. Zəngli saatdan istifadə edin. İllərlə erkən qalxan biri olaraq, bu mənim üçün bir vərdiş halına gəlib və hal-hazırda səhər 05:00-da zəngli saatsız rahatlıqla oyana bilirəm. Hətta, bəzən istəməsəm belə bu, şüursuz şəkildə  baş verir. Amma səhərlər durmağa çətinlik çəkən bir insan kimi zəngli saatdan istifadə etmək bir növ beyninizi zehni və fiziki olaraq məşq etdirmək üçün vacibdir. Saatı qurduqdan sonra otağın digər küncünə qoyun. Çalarkən onu söndürmək üçün mütləq yerinizdən qalxmalı olacaqsınız ki, bu da oyanmanıza təkan verəcək.
  5. İşıqları yandırın. Mühit bədənin hərəkəti üçün göstərişlər verir və onun reaksiyasını təmin edir. Qaranlıq olduğunda bədəniniz təbii olaraq yuxu üçün özünü hazırlamağa başlayır. Lakin əksinə, işıq olduğunda təbii olaraq o, oyanmağa başlayır. Oyanma prosesini sürətləndirmək və bədəninizə siqnal ötürmək üçün qalxma vaxtı gəldiyində, otağın tamamilə gur işıqlanmasına diqqət edin, yəni, bütün işıqları yandırın.
  6. Geyinəcəklərinizi əvvəlcədən hazırlayın. Qalxdığınızda yarıyuxulu olduğunuz üçün daha az qərar verməniz məsləhətlidir. Buna görə, axşamdan nə geyinəcəyinizə qərar verin. Oyanan kimi dərhal geyinsəniz, paltarlarınızı çıxarma və yatağınıza dönmə ehtimalı daha aşağı olacaq. Səhər idmanı üçün ayaqqabılarınız da daxil olmaqla hazır olarsa, sizə sadəcə sürətlə geyinib, məşqə başlamaq qalacaq.
  7. Bir fincan qəhvə için. Çox vaxt qəhvə istifadəsini azaltmağı məsləhət görülür. Bunun diqqət ediləcək bir araşdırma olduğuna inanıram. Amma səhərləri bir fincan qəhvə ilə başlamaq, o qədər də zərər gətirməz.
  8. Qarşısında özünü məsuliyyətli hesab edəcəyiniz bir partnyor seçin. Fərqi yoxdur, bu bir mentor və ya həmyaşıdınız olsun, hesab verə bilmənin dəyərini anlayan birini tapın. Məqsədinizi açıqlayın, niyə bu işə əhəmiyyət verdiyinizi söyləyin və sonra qaydadan kənara çıxdığınızda sizi məcbur etməsi və ya cəza verməsi üçün hüququ olduğunu bildirin. Universitetdə oxuyarkən bir yoldaşım və mən dərsləri öyrənmək üçün erkən qalxmaq qərarına gəldik. Oyaq olduğumuzdan əmin olmaq üçün səhər 05.00-da bir-birimizə zəng etməli idik. Bunun sayəsində sinifdə tapşırıqların öhdəsindən ən yaxşı gələnlərdən olduq.
  9. 21 gün qaydasını tətbiq edin. Üç həftə ərzində səhərlər erkən qalxaraq qazandığınız vaxt ərzində faydalı vərdişləri (kitab oxumaq, səhər idmanı ilə məşğul olmaq və s.) həyatınıza tətbiq edin. 21 gün ardıcıl olaraq buna əməl edin və daha sonra qərar verin ki, belə həyat tərzini daimi tərzinizə çevirmək istəyirsinizmi? Əmin olun ki, sadəcə bu iyirmi bir gün ərzində belə baş verən “möcüzələr” sizi o qədər valeh edəcək ki, özünüzdən məmnunluq hissiniz artacaq və geri qalan həyatınıza bu cür davam etmək istəyəcəksiniz.

Yaddan çıxarmaq lazım deyil ki, əgər inadkar olmasanız, qarşınıza qoyduğunuz məqsədləri həyata keçirmək üçün lazımi vərdişlərə yiyələnə bilməyəcəksiniz. Böyük nailiyyətlər qazanmaq üçün kiçik komfortlardan imtina etməyi bacarmalısınız.

Torağay – əsasən səhralarda və çəmənliklərdə yaşayan sərçəkimilər dəstəsindən oxuyan quş.

Michael Hyatt – Thomas Nelson nəşriyyatının sədri və CEO-su. Amazon, NY Times, US Today-də “Səs-küylü dünyada fərqedilən olun!” bestsellerinin müəllifi.

Tərcümə etdi: Lalə Rəsulova / ALPHA Coaching & Consulting

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.