Son illərdə maraqlı şeylər öyrəndim – heç vaxt düşünmədiyim şeylər haqqında düşünmək, ya da bir şeyi təkbaşına etməkdə cəsarətli olmaq – məsələn, faydasız bir işi tərk etmək, nəinki orada boşuna zaman keçirmək. Bu təcrübə mənə müxtəlif hislər yaşatdı – qeyri-müəyyənliyə qaşı olan narahatlıqdan tutmuş, dərin düşüncələr və inanclara qədər – nəticələrə isə, qətiyyən şübhəm yoxdur. Necə deyərlər, təşəbbüskar nəşəsi!
Gördüyünüz kimi bir neçə il əvvəl mənim peşəkar həyatımda qalxmalar və düşmələr var idi. Gözlənilmədən özümün narahat bir vəziyyətdə – uzun illər sevmədiyim bir işdə olduğumun fərqinə vardım. Orada işləmək əvəzinə, fərqli bir seçim edib, tanış olmayan bir sahəyə yönəldim.
Niyə bunu etdim? Niyə yaxşı maaş aldığım, uzun müddətdir işlədiyim və sabit yerdən imtina etdim? Siyahıda həddən artıq səbəblər var, lakin ən önəmlisi orada liderliyin çatışmaması idi.
“Lider”. Bu böyük bir söz kimi səslənir. Biz mütləq şəkildə onu böyük gözləntilərlə bağlayırıq. O, müxtəlif sahələrin öncüllərini, bəzi dövlətlərin rəhbərlərini, yaxud dünyaca məşhur rəmzləri ifadə edir. Özümüzü bu şəxsiyyətlərdən birinə bənzətməyə çalışdıqda, bu bizi hətta qorxudur. Bəs niyə belə olur? Bəlkə, onlarla eyni səviyyədə ola bilmə ehtimalına inanmırıq? Məncə, yox.
Fərqi yoxdur hansı işlə məşğul olursan, önəmli olan bu işi necə etməyindir. Həqiqətənmi etdiklərimizi ürəkdən edir, əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq, yoxsa sadəcə minimum tələblərə cavab verməyə çalışırıq? Bizim hamımızın daxilimizdəki lideri tapmağa və onu hərəkətə gətirməyə ehtiyacımız var.
Yaxşı, bəs bunu necə edə bilərik? Necə daha dərinə gedə və ilham alacağımız o daxili liderliyimizi tapa bilərik? Cavab, əziz dostlarım, çox sadədir: sadəcə bunun üçün çalışın. Lider olmaq işləməyi tələb edir, əgər bu məsələdə həvəslisinizsə, daxilinizdəki doğru lideri tapa və hər gün özünüz üçün fərqliliklər yarada bilərsiniz.
Yaxşı lider olmaq başqalarının imkanlarını genişləndirmək (gücləndirmək) deməkdir. Bir dostumun sözü ilə desəm “yaxşı seçimlər edin”. O, bu sadə sözləri öz uşaqlarına hələ kiçik yaşlarından deyir və öz həyatlarını, qərarlarını nəzarətdə saxlamaları üçün hər gün qapıdan çıxarkən onlara bunu xatırladırdı. Bu səlahiyyət uşaqlarınıza verə biləcəyiniz ən yaxşı hədiyyədir.
Yaxşı lider olmaq dinləməkdir. Mən sözün əsl mənasında dinləməyi nəzərdə tuturam – fikrinizi bütövlüklə qarşınızdakı insana yönəltmək və onun kim olmasından asılı olmayaraq, dediyi sözləri dinləmək. Eşitmə və kiminsə dediklərini ürəkdən, səmimi şəkildə başa düşmək bir bacarıqdır. Bunu hər gün özünüzdə aşılayın.
Yaxşı lider olmaq güzəştə getməkdir. Hər zaman son sözü deyənin siz olmasına çalışmayın. Hər zaman qalibin siz olmasına çalışmayın. Məsələyə nə vaxt töhfə verəcəyinizi, nazrazılıqla razılaşacağınızı bilməli, yaxud cilovaları qarşınızdakı insana təhvil verməyi bacarmalısnız. Hər cür vəziyyətə uyğunlaşa bilmək bir xüsusiyyətdir. Qərarı təkcə fərdi maraqlarına deyil, hamının faydası üçün verdiyini bilmək çox önəmlidir.
Yaxşı lider olmaq öyrənməkdir. Davamlı öyrənməyi heç vaxt dayandırmayın. Öyrənmək üçün yeni şeylər tapın. Oxuyun, şəbəkə yaradın, ünsiyyət qurun – hər gün yeni bir şey öyrənmək üçün nələrsə edin. Bu təkcə ağıllı olmaq demək deyil, bu fərqində olmaq və hərtərəfli olmaq deməkdir.
Yaxşı lider olmaq ünsiyyətdir. İşlədiyim bütün müştərilərimə və etdiyim bütün çıxışlarda mən bunu deyirəm: Ünsiyyət – işdə, yaxud evdə olmasından asılı olmayaraq, istənilən münasibətdə yeganə ən vacib elementdir. Ünsiyyətdə peşəkar olmaq sizi həyatda çox uzaqlara aparacaq.
Yaxşı lider olmaq etibar edilməkdir. Ətrafındakı hər kəslə olduğun kimi olmaq streotipləri aradan qaldırır. Əsl səni nümayiş etdirmək, şəxsiyyətinə sahiblənmək, özünəinamı sarsıtmamaq, zəif tərəfləriniz üzərində işləmək üçün zaman ayırmaq sizi əsl insan edər. Etibar qazanmaq əvəzolunmaz hissdir.
Yaxşı lider olmaq özünə qarşı dürüst olmaqdır. Əgər səhərlər yeni bir günə başladığın üçün minnətdar oyanırsansa, hər axşam yeni təcrübələr yaşadığın və böyük, ya kiçik nailiyyətlərin üçün minnətdar olub, yatmağa gedirsənsə, bu doğru şeylər edirsən deməkdir. Əgər özünə qarşı dürüst olmasan, ətrafdakı digər insanlara yardımçı ola bilməzsən. Özünüzə öncəlik verin.
Yuxarıdakıların heç biri asanlıqla əldə olunmur – onlar illərin nizam-intizamı və özünü-tanıma prosesi tələb edir. Lakin, hamısı çalışmaqla, zəhmətlə əldə olunandır. Heç birimiz mükəmməl deyilik. Hətta, əgər olsaydıq belə, bu cansıxıcı olardı. Daxilinizdəki əsl lideri tapmaq üçün zaman ayırın. Beləcə, dünyaya baxış tərzinizin və dünyanın sizi görmə üsulunun necə dəyişdiyini hiss edəcəksiniz.
Müəllif: Krista Rizzo | Forbes Coaches Council
Tərcümə: Lalə Rəsulova | coaching.az
© 2019 · coaching.az