coaching.az |

Dəyişikliyi idarə etməyin 4 yolu

Məşğul olduğum işlə əlaqədar olaraq dünya miqyasında insanların bir lider və ya idarəçi kimi tez-tez məyusluğa uğradıqlarının şahidi oluram. Onların belə vəziyyətə düşməsinin səbəbi isə, çalışdıqları şirkətdə keçmişdə verilən yanlış qərarlardır və bu qərarların nəticəsinin ortaya çıxardığı mənzərə sayəsində onlar özlərində emosional bitkinlik hiss edirlər.

Məsələn, çox yaxşı bələd olduğum bir bankın bütün departamentlərinin illik hesabatı ürəkaçan idi – təkcə, milyardlarla dollar itirən və digər departamentlərin uğurunu qəbul edə bilməyən bir bölmədən başqa. Bu, digər uğurlu departamentlərdə çalışanlar üçün iş mühitini  bir az çətinləşdirdi. Beləliklə, işlərin yolunda getmədiyi bu vəziyyətlərdən nələr öyrənə və necə inkişaf edə bilərik?

Uğurlu insanların ortaq cəhətlərindən biri “daxili nəzarət” bacarığına sahib olmalarıdır. Başqa sözlə, həyatda qazandığımız uğurların ortaya qoyduğumuz bacarıq və motivasiyanın nəticəsi olduğuna inanırıq. Daha az uğur qazananlar isə, bunun xarici faktorlar və ya mühitlə bağlı olduğunu düşünməyə meyllidir.

Təbii olaraq, taleyimiz üzərində nəzarətə sahib olma bacarığımızdan agah olmamız bizim lehimizə işləyir. Bu, bizi yeni bilik və bacarıqlar qazanmaq üçün motivasiya edir. Bizə rahatlıqla məsuliyyət götürməkdə kömək edir. (Həmçinin pulumuzu lotereya biletlərinə israf etməkdən qoruyur).

Mənfi mühit faktorları uğurumuza təsir edərkən, daxili nəzarət bacarığımız xarici mühitin reallıqlarını qəbul etməyimizi çətinləşdirir. Və biz buna “bu ədalətli deyil” deyə etiraz etməyə başlayır və “Mən niyə başqalarının səhvlərinə görə cəzalandırılmalıyam?” kimi suallar verməklə davam edirik.

Mən heç bir şirkətə itirilmiş milyardlarla dolları geri qaytarmaqda kömək edə bilmərəm. Və ya fərdlərə bonuslar qazanmaq yaxud dəyərli heyət üzvlərini qoruyub saxlamaqda kömək edə bilmərəm. Lakin, sizə bu vəziyyətlərdə əlinizdən gələnin ən yaxşısını etməkdə kömək edə bilərəm. Beləliklə, təkliflərim aşağıdakılardır:

    1. Qəbul edin ki, hər birimiz səhv edə bilərik. Yanlış qərarlar vermiş şəxslər – yaxud onların müdirləri – sadəcə insandır. Vaxtilə bu insanlar çox uğurlu risklər etmişlər, indi isə onlardan bəziləri uğursuz qərarlar veriblər. Sizə onları sevmək məcburiyyətində olduğunuzu demirik, sadəcə onları olduğu kimi qəbul edin. Ətrafına qəzəb yaymaq nə sizə, nə də şirkətinizə və sizinlə işləyən insanlara fayda verməyəcək.
    2. Özünüzü bağışlamağı bacarın. Siz yetkin bir insansınız. Bu şirkətdə işləməyi siz seçmisiniz. Biz növ siz də risk etmisiniz. Bəzən seçimlərimiz planladığımız kimi işləmir. Bu sizi pis insan etmir – sadəcə, insan təbiəti belədir. Bir az da dərinə getsək, həqiqətən qıcıq olduğunuz insanın məhz özünüz ola biləcəyi istisna deyil. Bunu şəxsi olaraq qəbul edib utanmayın, çünki pulu sizin şirkətiniz itirib. Öz performansınıza sahiblik etməsəniz, başqalarının performansına da nəzarət edə bilməzsiniz.
    3. Vəziyyəti yenidən dəyərləndirin. İnvestorlar üçün ən böyük çətinliklərdən biri “geri qaytarıla bilməyən xərclər” terminin mənasını dərk etməkdir. Olan artıq olub. İrəliyə baxın. Vəziyyətinizi obyektiv olaraq, yenidən dəyərləndirin. Mövcud həqiqətlərlə, olduğunuz yerdə qalmaq istəyirsinizmi? Elə isə, əlinizdən gələnin ən yaxşısını edin. Olduğunuz yeri tərk etmək istəyirsiniz? Elə isə, yeni iş axtarmağa başlayın.
    4. Həyatdakı başlıca məqsədinizi xatırlayın. Özünüzə və sizi sevən insanlara daha faydalı ola biləcək şəkildə davranış sərgiləyin. Qəzəbin məntiqinizi üstələməsinə icazə verməyin. Hirsliykən, səfeh qərarlar verən həddən artıq ağıllı insanlar gördüm.  Özünüzdə bunun təkrarlanmasına yol yerməyin.

Müəllif: Dr. Marshall Goldsmith | Yazıçı, Liderlik üzrə kouç
Tərcümə: Lalə Rəsulova | coaching.az

© 2018 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.