coaching.az |

Liderlikdə emosional zəkanın əhəmiyyəti

Sizə ilk vəzifə yüksəlişinizi qazandıran texniki bacarıqlar növbəti yüksəlişi təmin etməyə bilər. Əgər iş həyatında liderlik roluna can atırsınızsa, nəzərə almalı olduğunuz emosional amillər var. Məhz bu amillər sizə komandaları effektiv şəkildə yönləndirməyə, stressi idarə etməyə, effektiv rəy bildirməyə və başqaları ilə əməkdaşlıq etməyə kömək edir.

Bu, emosional zəka adlanır və müasir iş mühitində ən çox tələb olunan şəxslərarası bacarıqlardan biridir. Hətta işəgötürənlərin 71 faizi namizədləri qiymətləndirərkən emosional zəkaya texniki bacarıqlardan daha çox önəm verir.

Emosional zəka nədir?

Emosional zəka – öz emosiyalarını anlamaq və idarə etmək, həmçinin ətrafınızdakı insanların emosiyalarını tanımaq və onlara təsir göstərə bilmək bacarığıdır. Bu termin ilk dəfə 1990-cı ildə tədqiqatçılar Jhon D. Mayer və Peter Salovey tərəfindən işlədilmiş, daha sonra psixoloq Daniel Goleman tərəfindən populyarlaşdırılmışdır.

Daniel Goleman illər əvvəl Harvard Business Review jurnalına müsahibəsində emosional zəkanın liderlikdə rolunu vurğulayaraq demişdi:

Effektiv liderlərin hamısının ortaq bir xüsusiyyəti var: onların hamısı yüksək emosional zəkaya malikdir. IQ və texniki bacarıqlar əlbəttə ki, vacibdir, amma bunlar yalnız rəhbərlik səviyyəsinə daxil olma üçün ilkin şərtlərdir.

Tədqiqatlar göstərir ki, emosional zəka (və ya EQ) performansın ən güclü göstəricilərindən biridir. EQ-si yüksək olan əməkdaşlar təzyiq altında sakit qalır, münaqişələri səmərəli şəkildə həll edir və həmkarlarına empatiya ilə yanaşırlar.

Emosional zəkadan məhrum olmanın əlamətləri

Emosional zəka bacarıqlarının olmaması çox vaxt iş yerində münaqişə və anlaşılmazlıqlara gətirib çıxarır. Bu isə emosiyaları tanımaq və anlamaq bacarığının zəifliyindən qaynaqlanır.

Aşağı emosional zəkanın ən tipik əlamətlərindən biri emosiyaları idarə etməkdə və ifadə etməkdə çətinlik çəkməkdir. Siz həmkarlarınızın narahatlıqlarına düzgün reaksiya verməkdə və ya fəal dinləmədə çətinlik çəkə bilərsiniz.

Özünüzə bu sualları verin:

  • Həmkarlarınızla söhbətləriniz gərgin keçir?
  • Layihələr planlaşdırıldığı kimi getməyəndə başqalarını günahlandırırsınız?
  • Tez-tez emosional partlayışlarınız olur?

Bunlar emosional zəkanın azlığından xəbər verir. Empatiya və sosial bacarıqları inkişaf etdirməklə bu sahədə qabağa getmək mümkündür.

Emosional zəkanın dörd əsas komponenti 

Emosional zəka adətən dörd əsas bacarıq üzrə qruplaşdırılır:

  1. Özünüdərk
  2. Özünüidarə
  3. Sosial dərk
  4. Münasibətlərin idarə olunması

  1. Özünüdərk

Özünüdərk hər şeyin əsasını təşkil edir. Bu, yalnız güclü və zəif tərəflərinizi deyil, həm də emosiyalarınızı və onların sizə və komandanızın fəaliyyətinə təsirini anlamaq bacarığıdır.

Təşkilati psixoloq Taşa Yurixin tədqiqatına görə, insanların 95 faizi özünü dərk etdiyini düşünür, amma əslində yalnız 10–15 faizi bu bacarığa həqiqətən malikdir. Özünü dərk etməyən həmkarlarla işləmək komanda səmərəliliyini yarıya endirir və stressi artırır.

Özünüzü və davranışınızı daha yaxşı anlamağın bir yolu 360 dərəcə qiymətləndirmə prosesidir – burada siz öz performansınızı rəhbər, həmkar və tabe olanların fikirləri ilə müqayisə edirsiniz.

  1. Özünüidarə

Özünüidarə – emosiyaları, xüsusilə stresli vəziyyətlərdə, idarə etmək və çətinliklərə baxmayaraq müsbət baxışı qorumaq bacarığıdır. Bu bacarığı olmayan liderlər impulsiv davranmağa meylli olurlar.

Emosional reaksiya avtomatik baş verir, amma emosional zəkası inkişaf etmiş insanlar reaksiyadan düşünülmüş cavaba keçidi daha asan bacarırlar. Dərin nəfəs almaq, qısa fasilə vermək və ya dostla danışmaq kimi üsullar emosiyaları tənzimləməyə kömək edir.

  1. Sosial dərk

Bu bacarıq başqalarının emosiyalarını və təşkilatdakı münasibət dinamikasını anlamağı nəzərdə tutur.

Yüksək sosial dərkə malik liderlər empatiya nümayiş etdirir, həmkarlarının hiss və baxış bucaqlarını başa düşməyə çalışırlar. DDI təşkilatının araşdırmasına görə, empatiya liderlikdə bir nömrəli bacarıqdır və bu bacarığa yiyələnən liderlər qərarvermə və əməkdaşlıqda 40 faiz daha effektiv olurlar.

Center for Creative Leadership tərəfindən aparılan başqa bir tədqiqat isə empatik menecerlərin rəhbərləri tərəfindən daha yüksək performans göstəricilərinə sahib kimi qiymətləndirildiyini göstərir.

  1. Münasibətlərin idarə olunması

Bu komponent başqalarına təsir etmək, onları yönləndirmək, məşq etdirmək və münaqişələri effektiv həll etmək bacarığını əhatə edir.

Münaqişədən qaçmaq problemi aradan qaldırmır. Araşdırmalar göstərir ki, həll olunmamış hər bir münaqişə şirkət daxilində məhsuldarlığı azaldır və təxminən səkkiz saatlıq iş vaxtının boşa getməsinə səbəb olur.

İnsan Resursları İdarəetməsi Cəmiyyətinin sorğusuna əsasən, əməkdaşların 72 faizi “bütün səviyyələrdə hörmətli münasibət”i iş məmnuniyyətinin əsas amili hesab edir.

Emosional zəkanı necə gücləndirmək olar?

Lider olaraq emosional zəkayı gücləndirmək üçün güclü özünüdərk vacibdir. Bunun üçün bir neçə üsul var:

  • Gündəlik tutun: Gündəlik emosiyalarınızın qərarlarınıza və münasibətlərinizə təsirini yazın və təhlil edin.
  • 360 dərəcə qiymətləndirmə keçin: Rəhbərinizdən və həmkarlarınızdan özünüz haqda rəylər alın və nəticələri öz şəxsi dəyərləndirmənizlə müqayisə edin.
  • Aktiv dinləməni tez-tez məşq edin: Diqqətinizi danışan şəxsə yönəldin, jest və baş hərəkətləri ilə maraq göstərdiyinizi bildirin.
  • Emosiyalarınıza diqqət edin: Güclü emosiyalar yarananda nə üçün belə hiss etdiyinizi və nə səbəb olduğunu düşünün.
  • Təlim və kurslara qatılın: Məsələn, Harvard Business School-un “Leadership Principles” onlayn kursu kimi proqramlar güclü EQ bacarıqları formalaşdırmağa kömək edir.

Emosional zəka liderləri necə daha effektiv edir?

Liderlər təşkilatın tonunu müəyyən edir. Onlarda emosional zəka çatışmadıqda, bu, aşağı əməkdaşlıq və yüksək işçi dövriyyəsi ilə nəticələnə bilər.

Texniki cəhətdən nə qədər bacarıqlı olmağınızdan asılı olmayaraq, əgər komandanızla səmərəli ünsiyyət qura və əməkdaşlıq edə bilmirsinizsə, bu bacarıqlar kölgədə qalacaq.

Emosional zəka liderə münasibətləri effektiv şəkildə idarə etmək, komanda ruhunu və empatiyanı gücləndirmək imkanı verir. EQ-nu inkişaf etdirməklə siz həm öz karyeranızı, həm də təşkilatınızın ümumi fəaliyyətini yüksəldə bilərsiniz.

Müəllif: Lauren Landry | Harvard Business Review

© 2025 · coaching.az

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.