coaching.az |

Liderlik dərsləri

Vizyonunuzu aydınlaşdırın

Liderlik vizyonunuzu (gələcəyə dair baxışlarınızı) aydınlaşdırma və ona düzəlişlər etmə zamanı gəlmişdir. Bu həm dəyərlərinizi açıq şəkildə göstərməyinizi, həm də gələcəyə dair hədəflərinizi yenidən incələməyinizi tələb edir.

Həyatınızın ən vacib dörd və ya beş hadisəsini – bu gün kim olduğunuzu müəyyən edən anları – müəyyən edərək işə başlayın. Hər bir hadisənin dəyərlərinizi necə formalaşdırdığını açıq şəkildə ifadə edin.

Daha sonra şəxsi liderlik vizyonunuz üçün qaralama yazın. Bu gündən 2025-ci ilə qədər uzanan zaman dilimində necə lider olmaq istədiyinizi və dünyaya bəxş etmək istədiyiniz əsas töhfələri bu qaralamada qeyd edin. 2025-ci ildə nə edəcəksiniz və necə təsir yaratmağı ümid edirsiniz?

Öyrənmə arzunuzu artırın

Eqonuzun öyrənmə istəyinizə mane olmasına icazə verməyin. Güclü liderlər zehnlərini yeniliklərə açıq tuturlar. Çünki, bilik səviyyələri nə olursa olsun hər zaman kəşf ediləcək daha çox şey olduğunu bilirlər. Əgər bir sahədə mütəxəssis olsanız, peşəkarlığa yüksələ biləcəyiniz başqa sahələr axtarın. Tələbələr kimi olun – suallar soruşun və problemləri həll etmək üçün yeni yollar tapın.

İnsanları sizi tənqid etməyə dəvət edin

Konstruktiv tənqidlər yaradıcılıq, innovasiya və problemlərin həlli nöqteyi-nəzərindən çox əhəmiyyətlidir. Liderlik bu üç xüsusiyyəti tələb etdiyi üçün, liderlik iddiasında olanlar sadəcə tənqidlərə açıq olduqlarından deyil, eyni zamanda tənqidi aktiv olaraq təşviq etdiklərindən əmin olmalıdırlar. Beləliklə, insanlardan sadəcə haqqınızda rəy istəməyin, onlardan – işçilərinizdən, həmkarlarınızdan, müştərilərinizdən – fikir və davranışlarınızı amansızca tənqid etmələrini istəyin.

Nəzərətçi deyil, lider olun

Mikroidarəçilik tərzinə sahib şəxslər çalışdıqları şirkətə, həmkarlarına və özlərinə zərər verir və şirkətlərinin inkişafına mane olurlar. Müəssisənizi böyütmək istəyirsinizsə, nəzarətçiliyə son qoymalısınız. Bunun üçün,

– Əməkdaşlarınızı da veriləcək qərarlara ortaq edin. Əgər bütün qərarlar sizin tərəfinizdən verilirsə, demək ki, özünüzü şirkətinizdən öndə tutursunuz. Qərarların qəbul olunmasına bacardıqca ən aşağıdakı əməkdaşları da cəlb edin.

– İşdə hər zaman xətaların ola biləcəyini əvvəlcədən qəbul edin.

– İşlərin hər zaman yolunda getməyini istəyirsinizsə, güvəndiyiniz insanlardan ibarət heyət qurun və nəzarəti onlara etibar edin. İş yerində ulduz işçilər yaratmaq üçün onlara vaxt və mənbə ayırın.

Liderlik səriştələrinizi “check-up” etdirin

Bir çoxumuz xəstə olana qədər həkimlərin yanına getmirik. Ancaq, tibbi profilaktik müayinələrin səhhəti yaxşılaşdırdığı, sağlamlığa xərclənən xərcləri aşağı saldığı, hətta həyatı xilas etdiyi təcrübələrlə sabitdir.

Profilaktik müayinələr liderlik bacarıqları üçün də faydalıdır. Adətən, şəxsi inkişaf mövzularında problemlər yaşandığı zaman kouç dəstəyi alma və ya 360 dərəcəlik qiymətləndirmə sistemindən keçmək tövsiyə olunur. Problemlər ortaya çıxmadan əsaslı qiymətləndirmələr aparılsa, hər hansı xərclərə və zaman itikisinə ehtiyac qalmaz.

Ətrafınızdakı insanlardan nəyi düzgün olduğu və nələrin olmadığı barədə rəy istəyin. Onların gözləntilərini anladığınızdan tam əmin olun. Lider olaraq harada olduğunuz barədə məlumat sahibi olmaq gələcəyinizi formalaşdırmaq üçün sizə böyük güc təmin edəcəkdir.

Harvard Business Review materiallarından

© 2020 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.