coaching.az |

Kouçinqin iş həyatına töhfələri

Ənənəvi şirkət iclaslarının birində rəhbərinizlə bir yerdə oturduğunuz zaman ondan aşağıdakı sözləri eşitdiyinizi təsəvvür edin: “Sizin kouçla çalışmağınızı istəyirəm”. İlk reaksiyanız çox güman ki, “görəsən nəsə səhvim olub?” olacaq, nəinki “bu ki əladır! Siz mənə həqiqətən etibar edirsiniz!”

Və həyatınızdakı bəzi başqa nümunələr kimi, bu reaksiyanız da düzgün olmayacaq…

Demək olar ki, bütün üst səviyyəli liderlər yüksək potensiallı əməkdaşlarına rəhbərlərə yönəlik kouçinq (executive coaching) almaları üçün sərmayə qoyurlar. Kouçinq güclü tərəflərinizi möhkəmlətmək və genişləndirmək, həmçinin davranışlarınızdakı zəif nöqtələri müəyyən edib təkmilləşdirməklə, yaxşıdan əlaya, əladan mükəmmələ doğru getməyinizə kömək edəcək.

Rəhbər kouçu (executive coach) ilə çalışmağın 3 vacib faydası aşağıdakılardır:

  1. Kouçinq sizi daha böyük vəzifələrə və növbəti mərhələlərə hazırlayır. Məsuliyyətlə atılmış hər bir addım sizə yeni çətinliklər və fürsətlər gətirir ki, bu həm öyrənmək, həm də səhvlər etmək üçün şans verir. Kouçinq tənqidi düşüncə, liderlik, qərar qəbuletmə kimi bacarıqları tələb edən yeni vəzifənizə uyğunlaşmanıza kömək edər.
  2. Kouçinq güclü tərəflərinizi və bacarıqlarınızı yüksəltməyinizə kömək edəcək. Şəxsi inkişafın təməlində zəif tərəfləri üzə çıxarıb gücləndirməklə yanaşı, güclü tərəflərinizi də daim nəzarətdə saxlayıb, təkmilləşdirmək dayanır. Peşəkar kouç öhdəlikləri göz önündə tutaraq, güclü tərəflərin inkişafını təmin edəndir.
  3. Kouçinq mürəkkəb vəziyyətlərdə uğur qazanmaq üçün daxili intizam və düzgün yanaşmanın inkişafına dəstək verir. Karyerada irəliləyiş o deməkdir ki, sən strategiya və bacarıq seçmək də daxil olmaqla artan əminsizlik probleminin məsuliyyətini dərk edirsən. Buna uyğunlaşdırılan kouçinq proqramı sizə bu çətinliklərlə baş-başa qoymur və uğur üçün lazım olan vasitə və bacarıqları inkişaf etdirməkdə sizə yardımçı olur.

Bəli, rəhbər kouçu ilə çalışmaq sizə verilən ən dəyərli imtiyazdır, cəza deyil. Eyni zamanda bu təcrübəni keçdikdən sonra onun tətbiqi də başqa bir önəmli məsələdir. Əgər bəxtiniz gətirib, peşəkar bir kouçla çalışsanız, aşağıda bundan daha çox fayda əldə etmək üçün bir neçə ipucu qeyd edilmişdir:

  1. Peşəkar bacarıqlarınızı inkişaf etdirməyə hələ də ehtiyacınız olduğunu qəbul edin. Eqo və təkəbbürü azaltmaq üçün hələ də fürsətinizin olduğuna inanın.

Dünyanın ən seçilmiş idmançıları öz potensialının pik nöqtəsinə yalnız kouçlarının müşahidələri, formada qalmaq üçün etdikləri təşviq, yaxud inkişaf üçün taktikalarını kökündən dəyişmə yönündəki axtarışları nəticəsində çatıblar. Biznes peşəkarları olaraq bizim də eyni ehtiyaclarımız və eyni fürsətlərimiz var.

  1. Heç təcrübəsi olmayan biri kimi düşünün. Zen Buddismindən götürülən bu konsepsiya ideyalara qarşı qərəzli olmamağa və yeni ideyalara açıq olub, onları qəbul etməyə dəvət edir. Bu düşüncə formasını işinizə gətirə bilməsəniz, öyrənmə prosesi sizin üçün çətin olacaq və sonda özünüzü özünüzə qarşı mübarizə aparan vəziyyətdə tapacaqsınız.
  2. Qəbul edin ki, kouçun vəzifəsi sizə hazır cavablar təklif etmək, yaxud işlərinizi görmək deyil. Kouçun işi müşahidə etmək, suallar vermək, sizə “meydan oxumaq” və məsuliyyətinizi nəzarət altında saxlamaqdır. Dəyişikliyin ağır yükünü daşımaq və zəhmətə qatlaşmaq – bunlar hamısı sizin vəzifənizdir.
  3. Qəbul edin ki, uğurlu olmaq üçün davranışlarda dəyişiklik etməlisiniz. Hər birimiz davranışları dəyişməyin nə qədər çətin olduğunu başa düşürük. İdman məşqləriniz, yaxud pəhriziniz necə gedir? Yeni il üçün hədəfləriniz varmı? Komandanızla hər 60 gündən bir görüşüb, onların şəxsi inkişafları barədə söhbətlər etmə öhdəliyinizə necə əməl edirsiniz? Hələ də siqaret çəkirsiniz? Problemin nə olmasından asılı olmayaraq, fərdi davranışları dəyişmək inanılmaz dərəcədə çətindir. Lakin, kouçinq vasitəsi ilə performansınızı yüksəltmək üçün vacib olan davranışları davamlı təqib və tətbiq etdiyinizdə, işə yarayacaq.
  4. Ətrafdakı insanlardan kömək almaqdan çəkinməyin. Ən uğurlu kouçinq münasibətlərində müştərilər öz komanda yoldaşlarına və həmkarlarına fərdi inkişafları ilə bağlı müraciət etməkdə, onlardan birbaşa hesabat almaqda sərbəstdir. Komanda yoldaşlarından gələn təkliflər, yaxud hesabatlar onları məsuliyyətini artırır və içərisində olduqları prosesi dəstəkləyir. Bunu etməklə, şəxsi inkişafınıza kömək edəcək davranışlar sərgiləyir və ətrafınızdakıları da öz karyeralarında irəliləməsinə motivasiya etmiş olursunuz. Beləliklə, kouçinq prosesinin effektivliyi sizin digərlərinə qatdığınız dəyər və onların sizin inkişaf yolunuza verdiyi töhfələrlə ölçülür.
  5. Məsuliyyətinizi artırmaq üçün əlavə mexanizmlər yaradın. Dünyanın ən məşhur rəhbər kouçlarından olan Marshall Goldsmith hər gün ona zəng edib, performansını artırmaq üçün təyin etdiyi 32 sualı ona verən insana əməkhaqqı ödəyir.

Bəli, o Marshalldan sualları soruşur və onun hə/yox cavablarının qeydiyyatını aparır. Bu gündəlik xatırlatma onun cavablamadığı əsas suallarla birləşib, iş və həyatındakı inkişafına təkan verir.

Müsbətə doğru dəyişdiyiniz davranışları vərdişə çevirmək üçün bu məcburetməni tətbiq edin. Dostlarınızdan, həmkarlarınızdan hər gün sizə təyin etdiyiniz suallar vermələrini və cavabları qeyd etmələrini xahiş edin. Bir neçə gün sizin üçün vacib suala “yox” cavabı aldıqda, ya ciddiyyətinizi artırın, ya da o sualı verməməsini xahiş edin. Birinci variant dəyişikliyini dəstəkləyəcək, ikinci isə “status quo”-nu, lakin problem gündəlik gözünüzün qarşısında olacaq.

  1. Cədvəlinizi birdəfəlik təyin edib, görüşləri vaxtında edin. Nə qədər kiçik detal olsa da, təyin olunmuş cədvələ əməl edilməməsi, müştərilərin kouçinq seanslarının vaxtını dəyişdirməsi prosesin davam etdirilmə istəyinin azalmasına və uğursuz sonluğa gətirib çıxarır. Bu görüşlərin vaxtını müqəddəs hesab edin və həyati əhəmiyyət kəsb edəcək məsələlər istisna olmaqla, seanslarda vaxtı-vaxtında iştirak edin.

Və sonda

Kouçla işləmə fürsəti əldə etməklə həyatınıza bir çox dəyişikliklər gətirə bilərsiniz. Eyni zamanda unutmayın ki, kouç həqiqətən dəyişikliklərə can atan insanlarla çalışır. Əgər bunların öhdəsindən gələcəyinizə inanırsınızsa, narahatlığa heç bir əsas yoxdur. Əgər  dəyişməyə meyillisinizsə, sizə zəmanət verirəm ki, prosesin sonunda daha məhsuldar və uğurlu bir peşəkara çevriləcəksiniz.

 

Müəllif: Art Petty | Rəhbər kouçu, yazıçı
Tərcümə: Lalə Rəsulova | coaching.az

© 2020 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.