coaching.az |

İlk daşı kim atmalıdır?

“Bir gün bir qrup dindar yəhudi, zina edərkən ələ keçirilən bir qadını daşlayıb öldürmək tələbi ilə İsa peyğəmbərin yanına gətirir. Gələnlər hiyləgər məqsəd güdürdülər; əgər İsa bu qadını xilas etsə, deməli, ondan əvvəl Musanın qoyduğu qanunlara zidd hərəkət edəcəkdi. Beləliklə də, onlar İsanı daha əvvəl gəlmiş bir peyğəmbərin qanunlarına hörmətsizlikdə günahlandıra biləcəkdilər. Yox, əgər İsa qadını ölümə məhkum etsə, o zaman öz dininin mərhəmət qanunlarına zidd davranacaqdı. Nə olursa olsun, atacağı hər iki addım onun əleyhinə olacaqdı.

Onlar İsa peyğəmbərə dedilər: “Ey İsa, bu qadın zina edib. Peyğəmbərimiz Musa bu günahı işləyənlərin daşlanaraq öldürülməsini əmr etmişdi. Bu barədə sən nə deyirsən?”

Arxası qələbəliyə tərəf çömbələrək oturan İsa peyğəmbər isə onlara fikir vermir və başını aşağı salaraq, barmağı ilə qum üzərində yazı yazırdı. Arxadan gələn tələblərin ardı-arası kəsilməyəndə, başını qaldırmadan “Birinci daşı aranızda ən günahsız olan atsın!” – dedi və susdu.

O, bir müddət sonra ayağa qalxdı və üzünü geri döndərəndə qələbəliyin yox olduğunu gördü; bu sualın qarşısında heç kəs tab gətirməmiş, hamı çıxıb getmişdi”.

“Dan ulduzu” romanında istifadə etdiyim İncildən alınma bu rəvayət özündə bəşər tarixinin ən müdrik mesajlarından birini ehtiva edir. İsa Peyğəmbərə istinad edilən bu mesaj təkcə o qadını daşlamaq niyyətində olanlar üçün deyil, hamımız üçün verilmişdir və bütün dövrlər üçün aktualdır. Xüsusən narazılığın, qarşılıqlı ittihamların və hər şeyə ağız büzməyin adi davranışa çevrildiyi müasir zəmanəmiz üçün.

Başqasında səhv gördün? Özündə düzəlt.

Yapon atalar sözü

Düşünürəm ki, başqalarının səhvini müzakirəyə çıxarmaq əvəzinə əvəzinə, o səhvlərdən hansısa dərs çıxarmaq özümüz üçün də, cəmiyyət üçün də daha faydalı olardı. Kimlərinsə səhvinin müzakirəsi bizim daha düzgün insan olduğumuzun təskinliyini yaratmamalıdır.

Tənqid edərkən iki dəfə düşünməliyik: bu tənqiddəki əsl niyyətim nədir? Həqiqətən də, nəyinsə düzəlişini istəmək, yoxsa içimdəki lağ-lağı ruhu doyurmaq?

Tənqid edərkən qəlbdəki niyyət çox vacibdir. Türklərin xoşuma gələn bir atalar sözü var. Deyirlər ki, bağa girməkdə məqsəd bağbanı döymək deyil, üzüm yemək olmalıdır. Tənqiddə də məqsəd nələrinsə düzəlməsinə köməklik göstərməkdir, kimisə “döymək” və ya “daşlamaq” deyil. Şəxsən mən “döymək” və ya “daşlamaq”la nəyinsə düzələcəyinə çox inanmıram. Ən gözəl dərs yaxşı nümunə olmaqdır. Cəmiyyətdəki problemlərin çoxluğunun mənbəyi yaxşı nümunələrin azlığı deyildirmi?

Başqalarının ayıbına nifrət və ya lağ-lağı hissi ilə barmağımızı tuşladıqda, əslində barmağımızın gizli hədəfinin içimizdəki natamamlıqlar, çatışmazlıqlar və özümüzlə küskünlüyün olduğunu anlamalıyıq. Güclü insanlar cılız müzakirələrə girməzlər. Girsələr də, cılızlaşmazlar. Unutmayaq ki, hər kəs tənqidini içindəki ruha yaraşan şəkildə edir.

Bir də ki, ağına-bozuna baxmadan hər şeyi tənqid etməyə və çoxbilmişliyimizə salıb bol-bol nəsihətlər verməyə mənəvi haqqımız çatırmı? Cavabı tapılmalı olan vacib sual budur!

Əynimizdəki hakim cübbəsini çıxaraq, xanımlar və cənablar! Rahatlaşmaq və yüngülləşmək istəyiriksə, əlimizdəki və qəlbimizdəki o ağır daşları boşaltmalıyıq.

Demirəm ki, problemlərə qarşı göz yumaq, görməzlikdən gələk. Deyirəm ki, tənqidin də öz ədəbi olmalıdır. 

Başqalarının səhvlərini ələ salmaq bizi təkmilləşdirməz. Qısacası, başqalarının səhvlərində özünütəsdiq axtarmayaq.

Elçin Əzimli
Biznes kouç və təlimçi, 
“Dan ulduzu” romanının müəllifi

© 2020 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.