İdarəçilər arasında kouç olanlar və olmayanlar var. Bu, ikinci kateqoriyaya aid olanların yaxşı idarəçi olmadığı mənasına gəlmir, amma onlar bacarıqlarını yüksəltmək üçün effektiv vasitələrdən istifadəni arxa planda saxlayırlar. Bununla əlaqədar, biz kouçluq edən rəhbər-idarəçilər və onları digərlərindən fərqləndirən xüsusiyyətlər haqqında araşdırma apardıq. Yüzlərlə belə idarəçi ilə müsahibələr apardığımız zaman nəzərə çarpan şey onların təfəkkürü oldu: bu idarəçilər kouçinqin qatdığı dəyərlərə inanır və bu alətin onların idarəçilik vəzifələrinin ən təbii bir hissəsi olduğunu düşünürlər. Onlar peşəkar kouç deyildirlər. Onlar sadəcə fərdləri düzgün istiqamətləndirən, çalışqan və kifayət qədər məşğul olan bölmə və komanda rəhbərləridirlər. Bəs nə üçün onlar öz gündəlik iş cədvəllərində kouçinq sesiyalarına vaxt ayrımağa daim hazırdırlar və bunu çox vacib hesab edirlər? Aşağıda bunun dörd əsas səbəbi qeyd olunmuşdur:
Onlar kouçinqi biznes məqsədlərinə çatmaq üçün əvəzedilməz vasitə olaraq görürlər. Yəni əməkdaşlarını sadəcə yaxşı insan olduqlarına görə kouçinqə cəlb etmirlər. Onlar biznes uğurları üçün bacarıqların inkişaf etdirilməsini vacib amil olaraq görür və buna öz töhfələrini verirlər. Rəhbər şəxslərin çoxu sizə kouçinq üçün vaxtlarının olmadığını deyə bilər. Amma, əgər siz kouçinqin “vacibliyini” “edilsəydi yaxşı olardı” fikrindən üstün olduğunu dərk edirsinizsə, vaxt problem olmamalıdır. Əgər bacarıqlarınızı artırmaq üçün çalışır, yüksək təlatümlü bir bazar iqtisadiyyatında fəaliyyət göstərir, inkişaf etməkdə olan liderlərinizi qorumağa çalışır ya da güclü əməkdaşlar yetişdirməyə niyyətlisinizsə, kouçinq üçün vaxt ayırmağa sadəcə “məcbursunuz”.
Bu inancların arxasında iki fərziyyə dayanır. Birincisi, son dərəcə bilik və bacarıqlı insanların tapılması və şirkətə gətirilməsi çox çətindir. İnsanların uğurlu olmalarına yardım edən bir idarəçi olaraq tanınsanız, onlar özləri sizə doğru gəlməyə can atacaq. İkincisi, təşkilatlar, ən bacarıqlı və bilikli biri olsa belə təkbaşına kimlərinsə sayəsində məqsədlərinə çata bilməz. Ulduzlara ehtiyacınız olduğu qədər bacarıqlı insanlara da ehtiyacınız var və bu bacarıqları daha da inkişaf etdirmək üçün anlayışlı rəhbərlərin köməyinə də hər zaman ehtiyac olacaqdır.
Onlar insanların inkişafına yardım etməkdən həzz alırlar. Bu idarəçilər materiallara baxıb, daha yaxşı, maraqlı və daha dəyərli nəsə ortaya çıxarmağı təsəvvür edən rəssamın əleyhinə deyillər. Onlar əməkdaşların mütləq surətdə işi görməyə tam hazırlıqlı olmalı olduqlarını düşünmürlər, amma onlardan daim dəyişən şərtlərə uyğunlaşmağı və fasiləsiz öyrənib, özlərini inkişaf etdirərək üzərlərinə düşən vəzifəni qüsursuz yerinə yetirmələrini gözləyirlər. Kouçluq edən idarəçilər bunu öz işlərinin ən vacib hissəsi kimi görürlər. Onlar ən yüksək potensiala sahib, işə ən çox töhfə verən insanların ən böyük ambisiyalarını həyata keçirmək üçün köməyə ehtiyac duyduqlarına inanırlar. Bir rəhbər idarəçinin bu yaxınlarda bizə dediyi kimi: “Kiməsə daha uğurlu olmağa kömək etmək idarəçinin ən əsas vəzifələrindən biri deyilmi?”
Rəhbərlər öz tərzlərini digər əməkdaşların fərdi ehtiyac və tərzinə uyğunlaşdırmalıdırlar. Təbii ki, bu da rəhbərin öz üzərində daha çox çalışmasını tələb edir və yenə də vurğulayaq ki, bu, sadəcə yaxşılıq etmək üçün deyil, işin tələb olunan önəmli hissəsidir.
Onlar hər şeylə maraqlanırlar. Kouçluq edən idarəçilər çoxlu suallar verirlər; işlərin necə getdiyi, insanların hansı problemlərlə üzləşdiyi, boşluqların və fürsətlərin harada olduğu və işləri daha yaxşı görmək üçün nələrin tələb olunduğu haqqında daha çox məlumat əldə etmək istəyirlər. Adətən, necə sual vermək lazım olduğu öyrədilməz, bu daxildən gələn bir güclü tərəfinizdir. Hər şeyi bilmək uğrunda olan bu maraq kouçinq dialoqunu, kouçla onun həmsöhbəti arasında fikir mübadiləsini asanlaşdırır, şəxsə öz duyğularını, fikirlərini, şübhələrini, səhvlərini və uğurlarını daha rahat bölüşməsinə səbəb olur.
Onlar yeni əlaqələr yaratmaqda maraqlıdırlar. Bir kouç-rəhbərin dediyi kimi: “Ona görə insanlar məni dinləmək istəyir ki, onlar həmin vaxt özümü onların yerinə qoymağa çalışdığıma həqiqətən inanırlar”. Bu empatiya hissi bütün kouç-idarəçilərə öz əməkdaşlarının istək və ehtiyaclarını daha yaxşı anlamağa və uyğun addımlar atmağa kömək edir. Bəzi işçilər kouçun yanına “Mənə düzgün yanaşma ver və ona əməl edim” mövqeyi ilə yaxınlaşırlar. Digərləri isə, düşünmək üçün bir az zaman xərcləyər və öz nəticələri ilə gəlirlər.
İnam, əlaqələndirilmiş münasibətlər idarəçilərə hansı yanaşmanı tətbiq etməsini daha yaxşı müəyyən etməyə kömək edir. Kouç-idarəçilər ilə əməkdaşları arasında iyerarxiya hiss olunmur. Belə idarəçilərdən biri deyir: “Bizim hər birimizin məşğul olduğu bir işimiz var və hər birimiz əhəmiyyətliyik, hər an hər birimiz yer dəyişikliyi edə bilərik. Nəticə etibarı ilə, heç kim digərindən daha üstdə deyil. Nələri bacardığımızı görmək üçün hər birimiz birgə çalışmalıyıq”.
Belə düşüncə tərzinə yiyələnmək əldə olunandır. Belə ki, bu mövcud vəziyyətə uyğun olaraq, idarəçinin özündə kouç təfəkkürünü inkişaf etdirmək üçün motivasiya edib-etməməsindən irəli gəlir. İdarəçilərin özlərinə bir neçə sual ünvanlamasına ehtiyac olur. Təşkilatın (qrupun, yaxud komandanın) tamamlamağa ehtiyacı olan hansı bacarıqları var? Əgər cavab “yox”dursa, niyə siz yetərsiz işçi seçimlərini etmisiniz? Yoxsa, onlar öz potensial bacarıqlarını ortaya qoya bilmirlər? Təəssüf ki, sualların cavabları iki seçimdən biridir. Əgər sonuncusu doğru cavabdırsa, ehtiyacları olduğu yerdə onlara yardımçı olmaq sizin vəzifənizdir.
Kouçinqə başlamaq istəyən idarəçilər üçün ilk addım ətrafınızda olan kouçlardan ən yaxşısını tapıb, onlardan bu haqda danışmalarını xahiş etməkdir. Onlar nə ilə məşğul olur? Nəyə görə onlar kouçdur? Cavabları dinləyin və öyrənin.
İkincisi, kouçinqə başlamazdan əvvəl, kouçinq edəcəyiniz insanlarla etibarlı münasibətlər qurmalısınız və güvən aşılayan mühit fomalaşdırmağın lazım olduğunu dərk etməlisiniz. Xoşməramlı olmağınıza baxmayaraq, əgər qarşınızdakı insan sizə qarşı yaxınlıq və güvən hiss etmirsə, dünyadakı heç bir strategiyalar işinizə yaramayacaq. Formalaşdırdığınız mühit və münasibət mövcud olan ən yaxşı kouçinq metodlarından daha önəmlidir.
Üçüncüsü, sizi kouç-ekspert kimi inkişaf etdirəcək bəzi təməl idarəetmə prinsiplərini öyrənin. İdarəçilər üçün əsas mahiyyət daşıyan dərslərdən biri odur ki, kouçinqin vəzifəsi hər zaman insanlara cavabları söyləmək deyil. Bunun əvəzinə, daha çox söhbətlər aparmaq, açıq tipli suallar verərək, insanlara etdikləri işləri göstərib və vəzifələrini gələcəkdə daha yaxşı yerinə yetirmək üçün nələri fərqli edə biləcəkləri mövzusunda düşünməyə icazə verməkdir.
Nəhayət, zehniyyət insanların sizi kouç olaraq görməsinə fokuslanır. Həmişə ən əsas prinsipi xatırlayın: kouçinq onlar üçün nələrsə etməkdir, özünüz üçün deyil.
Müəlliflər: Joseph R. Weintraub, James M. Hunt
Mənbə: Harvard Business Review
Tərcümə etdi: Lalə Rəsulova | ALPHA Coaching & Consulting