Bu sualın cavabı hər birimizin şəxsi dəyərlərindən, həyata baxışından və dünya görüşündən asılıdır. Bəziləri üçün uğur, bəziləri üçün azadlıq, bəziləri üçünsə ədalət əsas dəyərdir. Amma düşünürəm ki, bütün bu anlayışların kökündə duran ortaq bir ehtiyac var – doğru və sağlam sosial münasibətlər.
İnsan yaradılış etibarilə sosial varlıqdır. Həmcinslərindən təcrid olunmaq, duyğularını paylaşmamaq, ya da özünü kiməsə aid hiss etməmək onun psixoloji sağlamlığını tədricən zəiflədir. İnsan ruhu sosial əlaqələr ilə qidalanır, münasibətlər vasitəsilə böyüyür, paylaşmaqla mənalanır.
Ailə üzvləri, yaxınlar, dostlar və özünü mənsub bildiyin icma ilə inam və sevgi dolu münasibətlər insanın rifahı üçün təməl ehtiyacdır. Çünki sevgi və mənsubiyyət hissi həyatın keyfiyyətini dəyişir, onu daha rəngarəng və mənalı edir.
Sevgi mübadiləsi yalnız əks cinslər arasındakı romantik münasibətlərdə deyil – dostluqda, ailədə, həmkarlar arasında da mövcuddur. Sevgi paylaşdıqca çoxalır, həm verən, həm də alan tərəfi ruhlandırır. Kiminsə həyatında rol oynadığını, sevilib ehtiyac duyulduğunu bilmək insanın özünə olan inamını dərinləşdirir.
Mənsubiyyət hissi, yəni, kiminsə və ya nəyinsə bir parçası olmaq – insanın mənəvi dünyasına sabitlik gətirir. Bu hiss tənhalıq və mənasızlıq duyğularına qarşı güclü qalxandır. Çünki aid olduğumuz yerdə özümüzü daha rahat ifadə edirik, dəyərlərimizlə uyğun yaşayırıq və mənəvi harmoniya tapırıq.
Bütün bunların birləşməsi insanda emosional dayanıqlıq yaradır. Çətin günlərdə bu münasibətlər həm təsəlli, həm də yenidən dirçəlmək üçün motivasiya mənbəyinə çevrilir. Beləcə, sevgi və etimad üzərində qurulan münasibətlər sadəcə “xoş hisslər” deyil, insanın psixoloji immun sistemi kimidir – onu həyatda saxlayan görünməz bir gücdür.
Unutmayaq ki, sosial münasibətlər birtərəfli axın deyil. Onlar qarşılıqlı enerji mübadiləsi tələb edir – sanki futbol oyunundakı kimi: pas verməyi də, qəbul etməyi də bacarmaq lazımdır.
Sosial münasibətləri qorumaq və gücləndirmək üçün:
- Dinləməyi öyrən. Qarşı tərəfə sözlərinə maraq göstərərək və dediklərini anlamağa çalışaraq dinləmək münasibətlərin ən güclü körpüsüdür.
- Dürüst ol, amma incitmə. Açıq danışmaq etimadı möhkəmləndirir, lakin düşüncələrini empatiya və nəzakət ilə ifadə etmək münasibətləri qoruyur.
- Minnətdarlıq ifadə et. Kiçik təşəkkürlər, təqdirlər, diqqətli sözlər və jestlər əlaqələri istiləşdirir.
- Zaman ayır. Münasibətlər də bitkilər kimidir — qulluq edilməzsə, solur. Yaxınlara zaman ayırmaq ən dəyərli investisiyadır.
- Bağışlamağı bacar. Heç kim qüsursuz deyil. Keçmiş inciklikləri daşımaq münasibətləri zəhərləyir və aradakı problemləri dərinləşdirir.
- Dəyərlərini paylaş və qarşı tərəfin dəyərlərini anlamağa çalış. Oxşar dəyərlər üzərində qurulan əlaqələr daha davamlı olur.
- Kömək istəməkdən çəkinmə. Çətin anlarda kömək istəmək zəiflik əlaməti deyil, qarşılıqlı güvənin təzahürüdür.
- Hər münasibəti təbiətinə görə qəbul et. Hər kəs bizə eyni dərəcədə yaxın ola bilməz – amma hər kəs bizə nəsə öyrədə bilər.
Hər birinizə sevgi və harmoniya dolu həyat arzulayram 🙂
Elçin Əzimli
Biznes kouç və təlimçi,
“Dan ulduzu” və “Çağrı” romanlarının müəllifi








Maraqlı və verimli məqalədir,təşəkkürlə Elçin bəy,var olun!