“Hamının kouça ehtiyacı var” – bu sözləri Bill Gates TED çıxışına təsirli başlamaq üçün istifadə etmişdi. Onun xüsusi vurğuladığı maraqlı bir məqam isə bütün yüksək performanslı fərdlərin – rəhbərlərdən tutmuş idmançılara qədər – hər birinin şəxsi kouçunun olması idi. Lakin, təəccüblüsü budur ki, iş dünyasındakı rəhbərlərin üçdə ikisindən çoxunun hələ də kouçu yoxdur. Hətta, 60%-dən çox individual kouçinq xidmətindən istifadə etməkdən çəkinir: “Niyə kouça ehtiyacım olsunki? Nələri səhv edirəm?”
Təcrübəmizə əsasən deyə bilərik ki, kouç axtarışında olanlar nədəsə səhv edənlər deyil. Əksinə, onlar edəcəklərinə tam əmindirlər və kouçinqin onlar üçün sürətli sıçrayış olacağına inanırlar.
Kouçinq nədir?
Kouçinq mövzusunda müştərilər, həmkarlar və dostlarla müzakirə apararkən, kouçla çalışmaqdan çəkindirən amilin kouçinqin əslində nə olduğu barədə məlumat çatışmazlığından qaynaqlandığını gördük. Xüsusilə, kouçinqin məqsədi, amalı və nəticələri barədə həddən artıq anlaşılmazlıqlar mövcuddur.
Peşəkar kouçinq xidməti sizə inkişaf etmək istədiyiniz sahə üzrə aydın təsəvvür və fürsətlər təqdim edir: qərar qəbul etmə, problem həll etmə, münaqişələrin idarə olunması və danışıqların aparılmasında daha bacarıqlı olursunuz. Kouçinq seansının məqsədi aydın olmalı və uğur kriteriyaları əvvəlcədən təyin edilməlidir; amma kouç tərəfindən deyil, məhz sizin tərəfinizdən.
Kouçinq özünüzə təyin etdiyiniz uğura çatmaq üçün bir mexanizmdir, kouç isə bu işdə sizin müttəfiqinizdir. Lakin, idarəçilərdən tutmuş mentor və konsultanta qədər rolların ümumiləşdirildiyi bir vaxtda, kouçinq hansı məqsədlər üçün daha uyğundur?
Aşağıda bu vəzifələri bir-birindən ayırmaq üçün qısa izahlar verilmişdir:
Kouçlar şəxsi və peşəkar məqsədlərin inkişaf etdirilməsində fasilitator rolu oynayırlar. Kouç heç vaxt sizə çətin vəziyyətlərə dair hazır cavablar vermir və hətta nə etməli olduğunuzu da demir. Bunun əvəzində o, sizə peşəkar suallar verərək və öz cavablarınızı kəşf etməyə təşviq edərək, fasilitator rolunu oynayır. Planınızı hazırlayarkən və nəticələri müəyyən edərkən onlar bələdçi rolunda çıxış edir və düşüncələrinizi fərqli istiqamətə yönəltməyi təcrübədən keçirir. Onu “fasilitator” və “fəaliyyət oriyentasiyalı” biri kimi düşünün.
Mentorlar spesifik bir sahədə qismən təcrübələrini paylaşır və yardım təklif edirlər. Məsələn, məhsulun idarə edilməsində kimsə mentorluq alırsa, o, daha yaxşı qavrama üçün spesifik texniklar və alətlərlə işləmə bacarığını təkmilləşdirir. Mentorlar müştərinin karyerasında növbəti səviyyəyə keçmək üçün ehtiyac duyulan bacarıqlar barədə məsləhətlər verirlər. Öz cavablarını tapmağa təşviq edən kouçdan fərqli olaraq, mentor öyrədir, öz təcrübə və biliyini paylaşır. Həmçinin bəzən mentorlar könüllü və ödənişsiz olaraq bu işə cəlb edilir. Onu “məsləhətçi” və “müəllim” kimi düşünün.
Konsultantlar isə şirkətdə xüsusi bir çətinliklə qarşılaşan insanlara hazır cavablar təqdim edirlər. Onlar eyni zamanda öz təcrübələrinə, bazar trendlərinə, araşdırma və digər başqa əsaslara söykənərək tövsiyələr də edirlər. Bəzən şirkətlər bu tövsiyələrin tətbiqi üçün məsuliyyəti öz məsləhətçilərinə həvalə edirlər.
Kouçla konsultantı ayıran əsas fərq hazır cavablardır.
Kouçinq “tabu”sunu qırın.
Kouçinq haqqında daha aydın təsəvvürlərə sahib olaraq, onu haqqındakı “tabu”ları qıra bilərsiniz. Eyni zamanda, bu “tabu”nu sadəcə özümüzdə qırmağa çalışmayaq, iş dünyasında kouçinq barədə düşüncə və duyğuları dəyişmək asan olmasa da, buna cəhdlər edək. Stiqmaların çoxu isə təəssüf ki, elə məhz bizim beynimizdə, davranışlarımızda və çalışdığımız şirkətdədir.
İndiyə qədər, çalışdığı sektora, miqyasına və coğrafi yerləşməsinə görə fərqli şirkətlərlə işlədiyimizdən, təcrübəmizə görə kouçinq barədə düşüncələri dəyişməyə qoymayan və çətinliklər törədən iki yanlış fərziyyə vardır:
- Mənim kouça ehtiyacım yoxdur. Mənim illərlə təcrübəm var.
Bu stereotip müxtəlif səviyyə və istiqamətli şirkətlərdə hələ də mövcuddur. Təcrübə göstərir ki, kouçinq seansı alma məsələsində istəksizlik vəzifə yüksəldikcə daha da artır. Şirkətdə illərlə təcrübə qazanan və məsuliyyətli vəzifələr icra edənlər tez-tez bu hissə qapılır: “Mənim kouçinqə ehtiyacım yoxdur… Onlar mənim səhəm üzrə nə bilirlər ki?.. Mən ekspertəm!”
Onlar kouçinqin nə olması və ondan gələn faydanı digər sahələrlə qarışdırırlar. Kouç sizin sahənizdə ekspert olmaya bilər. Eyni zamanda işlədiyimiz rəhbərlərə onların sahəsində peşəkar olmadığımızı açıq deyirik. Lakin, biz onlara inkişaf etdirmək istədikləri bacarıq, qabiliyyət və çətinlikləri necə dəf etmələri barədə dəstək veririk. Bu xidmət onların eqosunu aşağı salır və daim yeni şeylər öyrənməyə maraq göstəməsini təmin edir.Kouçinqin öz suallarınıza cavab tapmaq və çətinliklərin öhdəsindən gəlmək üçün var olduğunu bilirik. Unutmayın ki, kouç mentor deyil – o, sizə hazır cavablar vermək üçün çalışmır. Siz öz sahənizdə ekspertsiniz, kouç sizə arzusunda olduğunuz, dəqiq müəyyən etdiyiniz mövqedə növbəti mərhələyə keçmək üçün yardımçı olacaq.
Necə? Düşüncənizi dəyişərək, özünüzü daha yaxşı sorğu-sual etməyə, yaxud fərqli baxış bucağından baxmağa məcbur etməklə və uğura gedən yolda yeganə maneənin özünüz olduğunuzu dərk etmənizə kömək etməklə. Kouçinq bu baryerləri qırmaqda, öz uğurunuzda yalnız öz peşəkarlığınızdan bəhrələnməyə sizə yardım edəcək.
Google-un keçmiş CEO-su Eric Schmidtin verdiyi ən yaxşı tövsiyədə deyildiyi kimi: “Kouçla əməkdaşlıq edin”. Yaxşı kouç birlikdə baxdığınız eyni şeydə fərqli nələrsə görə biləndir. O, sizə özünüzdə əvvəl heç vaxt görmədiyiniz yeni prespektivlər verəcək, gələcək uğur və çətinliklərdə reysdə qalmağınızı təmin edəcək.
- Kouçinqə yalnız aşağı performans göstərənlərin ehtiyacı var.
Bir çoxları üçün kouçinq uğursuz olmaq, cəzalandırılmaq və hətta bacarıqsızlıq qorxusundan gizlənmə üsuludur.
Dostlarımdan biri işlədiyi şirkətdə üst səviyyəli idarəçi vəzifəsinə təyin edilir. Bir müddət sonra rəhbəri bildirir ki, o yeni vəzifəsində bəzi tələbləri yerinə yetirə bilmir və performansı inkişaf etdirmə proqramının tərkib hissəsi kimi kouçla çalışmalıdır.
Dostum kouçla çalışmağa təyin olduğu üçün çox xəcalət çəkir və utanır. O, vəzifəyə yenicə təyin olunmuşdu və indi isə ona o qədər də yaxşı işçi olmadığını deyirlər. Bu, yaramaz uşağı cəzalandırmaq üçün küncə göndərilməyə bərabər idi.
Müasir şirkətlər üçün ortaq ssenari – kouçinqi təkmilləşmək və inkişaf etmək fürsəti əvəzinə, aşağı performanslı işçilərin “müalicə” üsulu kimi görülməsidir. Əgər kouçinqi əhatələyən bu tabunu qıra bilsək, o zaman şirkətdəki qərar qəbul edənlər və liderlər kouçinqi necə təqdim etmələri barədə yenidən düşünməyə vadar olacaq: bu aşağı performanslıların cəza üsuludur, yoxsa kəşfedilməmiş potensialdan faydalanmaq fürsəti? Biz yüksək performanslı şirkətlərin və liderlərin kouçinqi necə gördüklərini artıq bilirik.
Sonda, həmin dostum nəticədən və bu yolda qazandığı təcrübədən o qədər razı qalmışdı ki, artıq yeni mərhələlərə və məqsədlərə çatmaq üçün öz hesabına kouçinq xidmətindən faydalanır.
Bəs siz özünüz üçün nə etmək fikrindəsiniz?
Bill Gates haqlı idi: reallıq odur ki, hər kəsin kouça ehtiyacı var. Və kouç dəstəyinə ehtiyacı olduğunu dərk edənlər, bunu dilə gətirənlər və bundan güc alanlar öz şəxsi və peşəkar inkişafını təqib edə bilirlər.
Siz öz inkişaf və təkmilləşməyinizdə həqiqətən maralı olsanız, kömək istəməkdən nadir hallarda çəkinəcəksiniz. İndi isə, qarşıda duran əsas məsələ hara getmək istəməyiniz və necə başlamaqdır. Budur, aşağıda sizə bir necə tövsiyəmiz var:
Məqsədinizi aydınlaşdırın. Kouçinqin sizə nə üçün vacib olduğunu məsuliyyətlə dərk edin. Bu sizin şəxsi və peşəkar inkişafınızdır – ona sahiblənin.
Şəxsən mübarizə apardığınız çətinliklərin nə olduğunu müəyyən edin. Ola biər ki, bu insanlar qarşısında özünüzü təqdim etmək, sizə çətin olan geri bildirişlər vermək, karyeranız üçün növbəti addımın nə olduğu barədə əminsizlik və s. ola bilər. Çətinliyi yaxalayın və uğur qazanmaq üçün mübarizə aparın.
Ən müxtəlif çətin vəziyyətlərdən çıxan kouçları araşdırın– istər liderliyin inkişafı, dəyişikliklərə uyğunlaşmaq, istərsə də biznesin qiymətləndirilməsi – və onunla əməkdaşlıq edin. Yaxşı kouç tapmaq üçün insanların onun haqqında dediklərinə qulaq verin. Dostlarınızdan, həmkarlarınızdan, meneceriniz, ya da mentorunuzdan məsləhət verə biləcəkləri kimsə varmı deyə soruşun. Yaxud şirkətinizdə bu proqramı təklif edən bir fürsətin olub-olmadığını araşdırın.
Kouçun dürüstlüyünü yoxlayın. Hal-hazırda özünü kouç kimi təqdim edən, amma əslində əvvəllər heç bir rəhbərə kouçinq etməyən, kouçinq təlimləri və sertifikatı olmayan çoxlu “kouçlar” var. Belələrindən kouçinqdə peşəkarlaşmaq üçün nələr etdiklərini soruşun. Onlar kouçinq cəmiyyətlərində aktivdirlərmi? Əvvəl işlədikləri insanlar tərəfindən tövsiyə edilirlərmi? Bu sahədə akkreditasiya alıblarmı? Kənar biri tərəfindən özləri kouçinq alırlarmı? İnkişaf üçün başqa nələr edirlər?
Hesab etməyin ki, siz çox bahalı yaxud aylarla davam edən proqrama qatılmalısınız. Kiçik addımlarla başlayın. Bir, yaxud iki seans alın. Bir çox kouçlar ilkin kimya görüşü adlı ödənişsiz seanslar təklif edir. Bu üstünlükdən faydalanın.
Doğru kouçu tapmaq üçün bir neçəsini təcrübədən keçirməkdən çəkinməyin. Birlikdə ən yaxşı cütlük olduğunuzu hiss edənə qədər axtarışlar edin. Ən çox faydanı doğru insanı tapmaqla qazana bilərsiniz.
Karyeranızın, həyatınızın, yaxud ən müxtəlif situasiyalar üçün fərqli kouçların köməyinə ehtiyac duyacağınızı unutmayın. Həyatınız boyu daim kouçinq almaq məcburiyyətində deyilsiniz, məqsədləriniz və hədəflərinizdən asılı olaraq müəyyən müddətlik buna ehtiyacınız olacaq. Zamanla buna uyğunlaşacaqsınız.
Başlayın. İrəli gedin. Test edin və öyrənin. Tənbəlliyə boyun əyməyin – özünüz üçün nəyin uyğun olduğunu, nəyin olmadığını kəşf edin!
Müəllif: Barry O’Reilly, Kate Leto
Tərcümə: Lalə Rəsulova | coaching.az
© 2020 · coaching.az