coaching.az |

Həyatınızı dəyişəcək 3 qərar

Heç bir şey bu dünyada zəngin olub, ancaq özünü xroniki olaraq əsəbi və bədbəxt hiss etmək qədər pis ola bilməz. Əslində, bunun üçün bir səbəb belə yoxdur, ancaq mən hər gün bu hadisə ilə qarşılaşıram. Bu, çox böyük gözləntilərə düşməyin və sahib olduqlarına kifayət qədər dəyər verməməyin – həddən artıq qeyri-taraz həyat tərzinin nəticəsidir.

Əldə etdiyiniz şeylər üçün minnətdarlıq və təşəkkür hissi duymadan, siz əsl məmnuniyyət hissinin nə olduğunu heç vaxt anlaya bilməzsiniz. Bəs həyatda tarazlığı necə qurmaq olar? Əgər həyatınızda balans yoxdursa, nailiyyətlərinizin nə əhəmiyyəti var?

Təxminən 40 ildir ki, mən dünyanın ən güclü kişi və qadınlarına həyatlarının hər addımında yol göstərmək şansına nail olmuşam. Mənə Birləşmiş Ştatların prezidentləri və eləcə də, kiçik biznes sahibləri ilə işləmək qismət olmuşdur. Ümumiyyətlə hesab edirəm ki, insanlar  demək olar ki, ömürlərinin hər anında, həyatlarının keyfiyyətini təyin edən 3 vacib qərar alırlar.

Əgər siz bu qərarları şüursuz olaraq alsanız, sizin də aqibətiniz bir çoxları kimi – fiziki baxımdan formasız, duyğusal baxımdan tükənmiş və maliyyə baxımından çox zaman gərgin olacaqdır. Ancaq, bu qərarları şüurlu şəkildə alsanız, sözün əsl mənasında bu gun həyatınızın axışını dəyişdirə bilərsiniz.

Qərar 1: Hədəfinizi dəqiqliklə seçin

Hər dəqiqə milyonlarca şey sizin diqqətinizi cəlb etmək üçün yarışır. Siz, diqqətinizi elə buradaca və indicə baş verməkdə olan, yaxud gələcəkdə həyata keçirmək istədiyiniz şeylər üzərində cəmləyə bilərsiniz. Və ya siz keçmişə fokuslana bilərsiniz.

Fokus hansı tərəfə yönlənirsə, enerji axımınız o tərəfə istiqamətlənər. Beləliklə, hədəfiniz və bunu etmə üsulunuz sizin bütün həyatınızı formalaşdırır.

Siz daha çox hansı sahəyə fokuslanmağa meyillisiniz: siz nəyə sahibsiniz və sizin həyatınızda nələr əskikdir?

Mən əminəm ki, siz medalyonun hər iki tərəfini düşünürsünüz. Bəs siz vərdiş etdiyiniz fikirlərinizi araşdırırsınızmı ki, ən çox vaxtınızı nəyə sərf etməyə meyillisiniz?

Sizdə olmayan şeyləri düşünməkdənsə və maddi cəhətdən sizdən daha zəngin olan insaların həsədini çəkməkdənsə, bəlkə də siz şükür edəcək çox şeyinizin olduğunu və bəzilərinin də pul ilə əlaqəsi olmadığını qəbul etməlisiniz. Siz sağlamlığınıza, ailənizə, dostlarınıza, imkanlarınıza və ağlınıza görə şükür edə bilərsiniz.

Sahib olduqlarınızı təqdir etmək vərdişini inkişaf etdirmək sizdə emosional rifahın və sərvətin yeni bir səviyyəsini yarada bilər. Ancaq, əsl sual budur ki, zehniniz, bədəniniz, qəlbiniz və ruhunuzla dərindən minnətdarlıq hissi duymaq üçün zaman ayırırsınızmı? Budur sevinc, xoşbəxtlik və məmnuniyyətin əldə oluna biləcəyi yer.

Həyatınızın keyfiyyətinə təsir edəcək ikinci bir fokuslanma modelini düşünün. Siz daha çox nəyə fokuslanmağa meyillisiniz – nəzarət edə bildiyiniz və ya edə bilmədiyiniz şeylərə? Əgər siz fokusunuzu nəzarət edə bilmədiyiniz şeylərə cəmləşdirirsinizsə, həyatınızda daha çox stres olacaq. Siz həyatınızın bir çox tərəflərinə təsir edə bilərsiniz, ancaq onları idarə edə bilməzsiniz. Bu fokuslanma üsulunu mənimsədiyinizdə, beyniniz digər qərarı qəbul etməlidir.

Qərar 2: Bütün  bunların nə demək olduğunu dərk etməyə çalışın

Nəticə etibarı ilə həyatınızı necə görmək istəməyinizin onun içində yaşanan hadisələrlə, sizin maddi vəziyyətinizlə və ya sizin başınıza gələn (və ya gəlməyən) hadisələrlə heç bir əlaqəsi yoxdur. Sizin həyatınızın keyfiyyəti bunlara verdiyiniz dəyərlərlə idarə olunur.

Çox vaxt həyatdakı hadisələrə məna vermək üçün şüuraltınızın təsirindən xəbərsiz ola bilərsiniz.

Həyatınızı darmadağın edəcək bir şey baş verərkən (bir avtomobil qəzası, sağlamlıq problemi, iş itkisi) siz bunun son və ya başlanğıc olduğunu düşünməyəmi çalışırsınız?

Biri sizə qarşı çıxsa; həmin kəs sizi təhqir edir, yol göstərir, yoxsa sizə həqiqətən qayğı göstərir? Həyatını alt-üst edəcək problemlər Allahın bizi cəzalandırdırdığının, yoxsa sınaq etməyinin işarəsidir? Yoxsa, bu problemin Allahdan gələn bir hədiyyə olması mümkündür?

Həyatınız ona verdiyiniz mənanı daşıyır. Hər mənada bənzərsiz bir hiss və ya emosiya gəlir və həyatınızın keyfiyyəti duyğusal olaraq yaşadığınız yerdə özünü göstərir. Mən həmişə seminarlarım olan zaman xəbər alıram: neçə nəfər antidepressant qəbul edən və hələ də depresiyada olan şəxs tanıyırsınız? Adətən ora toplananların 85-90 faizi əllərini qaldırır.

Bəs bu necə mümkün olur?  Dərmanlar insanların özlərini yaxşı hiss etməsini təmin etməlidir. Bu bir həqiqətdir ki, antidepressantların təlimatında onların intihara sövq edəcək fikirlər gətirə bilməsi barədə xəbərdarlıq olunur.

Əgər insan nəzarət edə bilmədiyi və həyatında əskik olan şeylərə fokuslansa, özünü nə qədər keyitsə də, onun üçün ümidsizliyə qapılmaq heç də çətin olmaz. Əgər o, buraya “həyat yaşamağa dəyməz” mənasını da əlavə etsə, bu elə bir emosional kokteyldir ki, bunun öhtəsindən heç bir antidepressant davamlı olaraq gələ bilməz. Ancaq, əgər həmin insan dərk etməli olduğu mənanı tutarsa, yaşamağa və ya inanmağa səbəb əldə edərsə, o zaman o, indiyədək başına gələn hər şeydən daha güclü olacaq. İnsanlar vərdiş etdikləri hədəflərini və mənalarını dəyişdirdiklərində, həyatlarının nəyə çevriləcəyi barədə heç bir məhdudiyyət yoxdur. Hədəf dəyişməsi və məna əvəzləməsi bir insanın biokimyasını bir neçə dəqiqə içində tam mənası ilə dəyişdirə bilər.

Beləliklə, nəzarəti ələ keçir və hər zaman xatırla: məna duyğuya bərabərdir, duyğu isə həyata bərabərdir. Şüurlu və ağıllı şəkildə seçim edin. Hər hansısa bir hadisədə ruhlandırıcı məna tapın və onun ən dərin mənasında olan sərvət bu gün sizin olacaq.

Ağlınızda bir məna yaratdığınızda, bu duyğunu yaradır, və bu duyğu da sizin üçüncü qərarı almağınıza yol açır.

Qərar 3: Nə edəcəksiniz?

Həyata keçirdiyininiz işlər güclü şəkildə içində olduğunuz emosional vəziyyətinizlə formalaşır. Əsəbisinizsə, özünüzü şən və qeyri-adi hiss etdiyiniz əhval-ruhiyyədən daha fərqli davranacaqsız.

Əgər hərəkətlərinizi formalaşdırmaq istəyirsinizsə, ən sürətli yol fokus nöqtənizi dəyişmək və mənanı daha güclü bir şeylə əvəzləməkdir.

Əsəbi olan iki şəxs bir-birlərindən fərqli şəkildə davranacaqdır. Bəziləri geri çəkilə, digərləri irəli gedər. Bəzi şəxslər əsəblərini sakit şəkildə üzə verdikləri halda, digərləri əsəblərini daha yüksək səslə və qəzəblə ifadə edir. Hələ başqaları, sırf passiv-aqressiv imkan axtarmaq məqsədi ilə əsəblərini boğurlar ki, üstünlüklərini geri qazansınlar və hətta sonra yaxşıca bir intiqam alsınlar.

Bu cür hərəkətlər nədən irəli gəlir? Insanlar davranışlarını hörmət etdikləri, həzz aldıqları və sevdikləri şeylər uğrunda formalaşdırmağa meyillidirlər.

Siz çox zaman sizi məyus edən və qəzəbləndirən insanların yaxınlaşmasını rədd edirsniz. Hələ də, tez-tez gəncliyinizdə şahidi olduğunuz və narazı olduğunuz xatirələrə təkrar-təkrar geri dönürsünüz.

Məyus, qəzəbli, qəmgin və ya tənha hiss etdiyiniz zamanlar öz xarakterinizi tanımaq üçün çox faydalı anlardır. Siz xarakterinizdən xəbərdar olmasanız onu dəyişdirə bilməyəcəksiniz.

Artıq bu üç vacib qərarın gücündən xəbərdar olduğunuza görə, özünüz üçün həyatdan istədiyiniz şeyləri reallaşdırmada təcrübəli rol modellər axtarmağa başlayın. Sizə söz verirəm ki, münasibətlərində daha səmimi olan şəxslərin tamam ayrı hədəfləri olur. Onlar münasibətlərində daimi olaraq mübahisə və ya münaqişə edən insanlardan fərqli yaranan problemlərə ayrı mənalar yükləyirlər.

Bu roket düzəltmə texnikası deyil. Əgər siz həyatlarında bu üç qərarı tətbiq edən insanlardakı fərqi artıq görürsünüzsə, həyatınızın hər sahəsində daimi və uğurlu dəyişiklik yaratmağa kömək edəcək yolunuz olacaq.

Bu yazı Tony Robbinsin “Pul, oyunun sahibi: Maliyyə azadlığına aparan 7 sadə addım” kitabından götürülmüşdür.

Tony Robbins kimdir?

29 fevral 1960-cı ildə ABŞ-da doğulmuşdur. Yazıçı, biznes təlimçi, iş adamı, xeyriyyəçi və kouçdur. Şəxsi inkişaf mövzulu təlimlərində dünyanın 80 ölkəsindən 4 milyona yaxın insan iştirak etmişdir. Dünyanın ən məşhur kouçlarından biri sayılır. Sabiq prezidentlər Bill Klinton və Mixail Qorbaçov, eyni zamanda Böyük Britaniya Krailiyyət ailəsinin üzvləri və bəzi milyarderlər onun kouçinq xidmətlərindən istifadə etmişdirlər. Tony Robbinsin fərdi kouçinq proqramının illik qiyməti 1 milyon ABŞ dollarıdır və bu xidmətə yazılmaq üçün iki il əvvəldən müraciət etmək lazımdır.

Tərcümə etdi: Qızılgül Məmmədova / coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.